Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdı.
Plastik cərrahlar sənədlərini Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim etməli idilər. Artıq deyilən müddət ötən gündən bitmiş sayılır.
Qeyd edək ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.
Musavat.com-a şərh verən plastik cərrah Elnur Mehrəli deyib ki, Səhiyyə Nazirliyindən nəticələrlə bağlı hələ ki məlumat verilməyib: "Plastik cərrahiyyə ilə bağlı sənədlərimizi Səhiyyə Nazirliyinin qəbul şöbəsinə təqdim etmişik. Bizdən tələb olunan sənədlərin siyahısı var idi. Onların arasında diplom, internatura haqqında şəhadətnamə, əmək kitabçasında yer alan, yəni bu günə qədər əmək fəaliyyətimizlə bağlı sənədlər, eyni zamanda sertifikasiya şəhadətnaməmizin düzgünlüyünün yoxlanılması üçün onun natorial qaydada təsdiqinin surətini Səhiyyə Nazirliyinə təqdim etdik. Bundan sonra bizə ümumi qaydalara uyğun olaraq təkrar əlaqə saxlanılacağı və sənədlərin araşdırıldıqdan sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilib".
Həkim son zamanlarda plastik cərrahiyyə ilə bağlı ümumi yanaşmanın ürəkaçan olmadığını deyib: "Çünki ictimaiyyətdə bəzən bu sahə ilə bağlı anlayışı olmayan insanların bilər-bilməz yaydığı çoxsayda dedi-qodu və söz-söhbətləri eşidirik. Bunların heç biri həqiqətə uyğun deyil. Ümumiyyətlə, cərrahiyyənin bu sahəsinə, bütövlükdə Azərbaycan həkimlərinə olan münasibət təəssüf hissi yaradır. İnsanlarımız unutmamalıdır ki, xaricə əməliyyat üçün gedən insanların sayı 5-10% təşkil edirsə, yerdə qalan 90% insan Azərbaycan həkimi tərəfindən müalicə olunur və Azərbaycan həkiminin əli ilə şəfa tapır. Bəzən deyirlər ki, "xəstəni sağaldan Allahdır", sanki həkimin burada heç bir rolu yoxdur. Bu yanaşma doğru deyil. İstər müharibə dövründə, istərsə də pandemiya dönəmində bütün həkimlər əl-ələ verərək, özlərini fəda etdilər. Həkimlər gecə-gündüz cəbhə bölgəsindən gələn insanlarımız – qazilərimiz, əsgərlərimiz, zabitlərimiz üçün yorulmadan çalışdılar. Bütün bunlar hamının gözü önündə baş verdi”.
Afaq Mirayiq,
Musavat.com
01 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ