Onlayn ictimai-siyasi qəzet
Yadınızdadırsa, Donald Tramp o irəli İranın gerçək lideri Əli Xamneyiyə namə göndərmişdi. Bu məktubun digərlərindən fərqi o idi ki, o, diplomatik və ya elektron poçtla göndərilməmişdi. Tramp məktubu ərki ötən BƏƏ böyüklərindən birinə vermişdi ki, onu ayətullaha əlbəəl, şəxsən çatdırsın.
Bu məktub barədə dünya mediasına xəbər sızanda əvvəlcə heç kəs “məktub daşıyan” olduğunu boyun almadı. Birtəhər statusdur, ona görə. İnternet olmadığı vaxtlarda belə məktublaşmalar iki sevən gəncin arasında olardı və bunu adətən oğlanın balaca bacısı edərdi və sirri əzmlə qoruyardı. BƏƏ-li rəsmi şəxslər də bir müddət öz aradüzəldənliklərinə dair sirri qorudular, amma sonra işin üstü açıldı. Heç məktubu kimin necə çatdırmasının əhəmiyyəti də yox idi. Əsas məsələ o idi ki, seyyid rəhbər ser Trampın məktubuna necə cavab verəcək.
O isə məktuba tez-tələsik cavab vermədi, həm özünün ağırtaxtalı siyasətçi olduğunu göstərdi, həm də seri xeyli intizarda saxladı. Ali rəhbərin əvəzinə Araqçı soyadlı xarici işlər naziri arada bu məktub barədə danışır, deyirdi ki, məktubla tanışlıq davam edir, lazımi vaxtda lazımi cavab veriləcək. (Yeri gəlmişkən, içkinin haram buyrulduğu ölkədə cənab nazir bu soyadla necə irəli çəkilib, mat qalmalı işdir).
Budur, nəhayət, yayılan informasiyaya görə, İran rəhbərliyinin cavab məktubu Vaşinqtona yetişib. Yəqin ki, BƏƏ-li diplomatlar həmin məktubu Trampa əlbəəl veriblər. Başqa cür olmamalıdır.
Fəqət məktubun içindəkilər barədə hələlik müfəssəl bilgi yoxdur. Amma analtik-satirik şairimiz məktub alış-verişinə dair iki parodiya yazıb və təxmin edir ki, məktubun məzmunu və ona verilən reaksiya birəbir olmasa da, yüzdə doxsan bu cürdür.
Birinci parodiya gözəl şairimiz Aqşin Yeniseyin məşhur “Sən məktub yazıram” adlı şeirinə yazılıb, ikinci parodiya isə Türkiyənin məşhur bəstəçi-müğənnisi Hakkı Bulutun “Son məktub” şarkısının sözləri əsasında qələmə alınıb.
Güman olunur ki, Xamneyinin Trampa göndərdiyi məktubun məzmunu təxminən bu cürdür:
Sənə məktub yazıram,
Yazıram ki, səyləmə.
Burda hava xoş keçir,
Bizi yoldan eyləmə.
Təklənməkdən bezmişik,
Qorxuduruq körfəzi.
Bilirsən, dönmüş olur
Təklənənlərin gözü.
Çirkli bunker, santral...
Yarım qalmış planlar.
Bir qırıq da ümid var,
...zənginləşir uranlar.
Dövlət sabaha baxır,
Unutmur da keçmişi.
Heç pis mənzərə deyil:
Nüvə yığdıran kişi.
Hələ bunun gecələr
Göyü izləməyi var.
İsraildən ballistik
Raket gözləməyi var.
Üstəgəl, məmləkətdə
Mitinqlərdən əndişə…
Rialın məzənnəsi…
Düşmüşük dilə-dişə
Dərd ağır, hava yaxşı,
Sən başımı piyləmə.
Sənə məktub yazıram
Yazıram ki, səyləmə.
Trampın məktuba reaksiyasının isə başqa cür yox, məhz bu cür olacağını proqnozlaşdırmaq o qədər çətin deyil:
Yazdığın son məktup bu an əlimdə,
Oxuyub hirsləndim hər kəlimədə.
Demək, sülh yalanmış sənin dilində,
Barışıq deyirsən, sənsiz olurmu?
Təsəlli artıq nəyi dəyişdirir ki
Əlinlə qəbrini qazdın, demək ki
Sən zatən dünyada gün görmədin ki
Son zərbəni vurdun bu son məktubla.
İş bitdi, yamanlıq dilərim sana,
Qatlanmaq zor deyil göz yaşlarına.
Yazdığın xəbərin hər sətirinə
Əcəlini yazmısan bu son məktubla.
Demək, savaşanlar böylə yazarmış,
Tanrının verdiyi ağlı qul alırmış.
Sənin qədərində “tomohavk” varmış…
Hər şeyi anladım bu son məktubla.
Beləcə, indi Tramp ya İrana yeni məktub göndərəcək, “etməgil” deyəcək, ya da Binyamin Netanyahuya telefon açıb belə söyləyəcək:
Aldıq o məktubu, Binyamin qardaş,
Tehran oylağında hazırdır raket.
Bu dünya qalmadı ulu şahlara,
Ta özün bilərsən, nə edirsən, et.
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ