Onlayn ictimai-siyasi qəzet
Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.
Musavat.com xəbər verir ki, Bakı Məhkəmə Kompleksində davam etdirilən prosesdə müttəhim şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib.
“Qəhrəmanlıq deyil, faciədir” – Qukasyan belə deyir
Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib. Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.
Qukasyan “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq mühakimə olunmalıdır” dedi
Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib: “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.
Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif edib.
İclasda Xocalı soyqırımınadək rayonda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub. Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtarışa verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar.
“Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi”
Hazırda deputat olan, Xocalı soyqırımı törədilərkən icra başçısı vəzifəsini daşımış, iş üzrə zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.
O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. Elman Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb. 1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.
“Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”
Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.
“Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı”
Elman Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub. Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.
“Bundan sonra Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”
Elman Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir. Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. “1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə Elman Məmmədov diqqətə çatdırıb.
“Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi”
Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.
“Bu da əvvəlcədən planlaşdırılmış tələ idi”
Elman Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi. Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən planlaşdırılmış tələ idi.
“Humanitar dəhliz” əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi”
O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi “humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: “Robert Köçəryan, Serj Sarkisyan, Vitali Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri sonradan deyiblər ki, guya “humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi. Əsgəranla Ağdam arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın”.
“Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyublar”
Zərərçəkmiş Kübra Məmmədova bildirib ki, Xocalı işğal ediləndə o, iki yaş yarımlıq olub. Bacısının dediyinə görə, Xocalı hər tərəfdən atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb. Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı Xəyalə durub qaçarkən ona da güllə dəyib və həyatını itirib. Ardınca isə güllə anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də, ona da güllə dəydiyindən və yaralandığından huşunu itirib. Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək götürüb və Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən üzərinə su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə apararaq bir müddət orada saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu kağız parçasına əsasən, onu axtaran qohumlarına verilib. Faciədən sonra bacısı Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər xiyabanında dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyublar.
“Gündüzə qucağında qəlpə dəyib və o, həlak olub, özü isə yaralanıb”
Zərərçəkmiş şəxs Fitat Məmmədova deyib ki, həmin gecə Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Onlar şəhərdən çıxaraq Qarqar çayını keçib Kətik meşəsinə gediblər. Meşəyə girərkən ermənilər onun olduğu dəstəni atəşə tutublar. Həmin vaxt yaxınlıqda mərminin partlaması nəticəsində oğlu Gündüzə qucağında qəlpə dəyib və o, həlak olub, özü isə yaralanıb.
“Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar”
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Səlim Həşimov Xocalıdan çıxandan sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən “Qara qaya” deyilən yerdə sağ əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbçiləri tərəfindən girov götürülərək Əsgərana aparılıb və orada milis şöbəsinin təcridxanasında saxlanılıb. Anası Tamaşa Məmmədova qardaşı Rasim Məmmədovla birlikdə digər Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbçiləri zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədov isə girov götürülərək Əsgərana aparılıb. Ermənilər Əsgəran Milis Şöbəsinin təcridxanasında həyat yoldaşı Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar.
“Vasifə işgəncə verərək qollarını və ayaqlarını sındırıb, sonra güllələyərək öldürüblər”
Qardaşı Vasifə işgəncə verərək qollarını və ayaqlarını sındırıb, sonra güllələyərək öldürüblər. Qardaşı oğlu Zahiri də yaralı halda tutaraq sonradan güllələyiblər. Zərərçəkmiş Zöhrab Muradov diqqətə çatdırıb ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər “Alazan” tipli raket atıblar, bir qardaşı şəhid olub, digəri yaralanıb.
“2 övladını ermənilər tərəfindən amansızcasına öldürüb”
Zərərçəkmiş ifadəsində bildirib ki, o, Əsgəranda qaz idarəsində işləyib. 1987-ci ildə ermənilər azərbaycanlı olduğu üçün onları işdən çıxarıblar, dördaylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi törədilən vaxt o, Ağdamda olub. Zərərçəkmiş Şelli kəndində Xocalıdan qaçmış sakinləri ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun, palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və iki övladının ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib.
Zərərçəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı zamanı 8 yaşının olduğunu deyərək bildirib: “Biz Şelliyə çatmağa az qalmış anam şəhid oldu, mən, atam və bacım yaralandıq”.
Geniş ictimaiyyətin diqqət mərkəzində olan proses davam edir. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ