Onlayn ictimai-siyasi qəzet
Açıq etiraf etməliyik, Levon Ter-Petrosyan haqqında Azərbaycanda müəyyən bir mif yaranmışdı. Onun bir zamanlar söylədiyi fikirləri əsas götürən bəzi analitiklər də hesab edirdilər ki, erməni siyasətçiləri içərisində ən normal təsir bağışlayan, Qarabağ məsələsində daha obyektiv mövqedə duran şəxsdir Ermənistanın birinci prezidenti.
Bu, bir az bizim unutqanlığımızdan irəli gəlirdisə, digər tərəfdən düşməni daha yaxşı öyrənmədiyimizdən, tanımadığımızdan yaranan yanlış qənaət idi.
Dəfələrlə yazmışıq, demişik ki, bəzilərinin təqdir etdiyi Ter-Petrosyanın prezidentlik dönəmində (11 noyabr 1991 – 3 fevral 1998) Azərbaycan əraziləri işğal olunub. Gəlişindən cəmi 9 gün sonra Qarakənddə helikopterimiz vuruldu, dövlət xadimlərimiz həlak oldu.
Daha 3 ay sonra Xocalı soyqırımı törədildi, sonra Şuşa, Laçın işğal edildi.
Təsəvvür edin, bu qoca tülkü Tehranda guya Azərbaycanla Qarabağ məsələsini müzakirə edən zaman erməni ordusunun Şuşanı işğal etdiyi barədə “qəfil” xəbər alır. Erməni prezidentlərin birincisi olduğu kimi, murdarlıqda da birincidir, sadəcə maskalanmağı daha məharətlə bacarıb. Amma maskası gec də olsa, cırıldı. Buna görə videobloger Albert İsakova təşəkkürlər!
Sağ olsun, erməni mənbələrinə keçidləri olan “Youtube” kanalında Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 27-də Ağdam şəhərinin işğalı münasibətilə “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında etdiyi çıxışının videogörüntülərini paylaşıb və ruscaya tərcümə edib. Tarixi xidmət göstərib, təkcə Azərbaycana deyil, həm də erməni faşizmindən bixəbər olanlara. Eləcə də türkofobiya mərəzinə yoluxdurulmuş hayların özləri üçün ciddi həqiqət mənbəsidir, dərk edə bilsələr...
Ermənistanın 3-cü prezidenti Serj Sərkisyanın Karnegi Beynəlxalq Sülh Fondunun əməkdaşı Tomas de Vaalla 2000-ci ildə baş tutan söhbətində dedikləri yadınızdadırmı? Xocalı ilə bağlı suala Sərkisyanın etirafı belə olmuşdu:
“Xocalıya kimi azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik. Onlar düşünürdü ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyəcək insanlardır. Bütün bu fikirləri pozmaq lazım idi. Doğrudan da Xocalıda dinc əhali var idi, amma onlarla yanaşı əsgərlər də vardı. Mərmi havada uçanda isə mülkü əhali ilə əsgəri fərqləndirmir. Əgər dinc əhali orada qalırsa, onlar da döyüşlərdə iştirak etmiş olur. Onların vurulması üçün isə hər hansı dəhliz qalmamışdı, bircə Xocalıda güllələmək mümkün idi”.
Təkcə bu etiraf kifayət idi ki, Serj Sərkisyan dinc insanların qatili kimi Haaqa tribunalı qarşısında cavab versin. Amma Xocalı qətliamında Sərkisyan icraçı idi, əmri Ermənistandan alırdı və təbii ki, prezident Ter-Petrosyandan. Hələb ermənisi, assuriyalının qarnından çıxan bu qoca kaftar sonradan çox cilddən-cildə girdi. Bəli, anlayırdı ki, işğalı beynəlxalq səviyyədə legitimləşdirə bilməyəcək, ona görə də Ermənistanın maksimum qazanclı çıxması ilə məsələləri bitirməyə çalışırdı. Buna görə də xələflərini tələsdirirdi. Arzusu gözündə qaldı...
Levon Ter-Petrosyan 1988-ci ildən “Qarabağ komitəsi”nin üzvü və “Erməni İctimai Hərəkatı”nın rəhbərlərindən biri olub. Yəni “Miatsum”un başında dayanan qatillərdən biri məhz o idi. Hətta buna görə 1988-ci ilin dekabrında “Qarabağ komitəsi”nin digər üzvləri ilə birlikdə Ter-Petrosyan da həbs olunub, sovetlər tərəfindən. Onlar kütləvi iğtişaşların təşkilində və milli ayrı-seçkiliyin təbliğində ittiham olunsalar da, cəmi 6 ay sonra - 1989-cu ilin mayında Ter-Petrosyan azadlığa buraxılıb.
Bəlkə də məqsədli həbs idi. Çünki 1989-cu ilin avqustunda Levon Ter-Petrosyan Ermənistan Ali Sovetinin deputatı, həmin ilin noyabrında isə Ter-Petrosyan “Erməni İctimai Hərəkatı”nın rəhbəri seçilib. Həbsi onun təbliği və revanşı üçün piar rolunu oynayıb. 1990-cı ilin avqustunda Ermənistan Ali Sovetinin sədri vəzifəsini tutan Ter-Petrosyan nəhayət, 14 ay sonra prezident kürsüsünə oturur. Hətta 1996-cı ilin sentyabrında ikinci dəfə bu vəzifəyə seçildə də, çox qala bilmir. İstisna da deyil ki, onun Ermənistanın daha çox qazanması naminə işğal altındakı hansısa əraziləri güzəştə getməsini əngəlləmək üçün razılaşdırılmış plan idi. Ermənilər ikibaşlı oyunlarda pərgardırlar axı...
İndi görün Levon Ter-Petrosyan 1993-cü ilin iyununda başkəsənlərin – “Yerkrapa”çıların qarşısında nələr deyir: “Bizim ən böyük xoşbəxtliyimiz odur ki, milislərimizin işini təşkil etmişik. Yaradılan silahlı dəstələr ordumuzun onurğa sütunu oldu. Beləliklə, biz Ermənistan və Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl də ictimai təcrübə qazandıq. Bu hərəkat sayəsində Ermənistan və Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi”.
Qarabağa 1828-ci ildən sonra köçürülən hayların başçısının 600 illik xəyalından danışması özü də iyrənclikdir. Amma hər halda xəstəliyin təsiri özünü göstərir. Davamına diqqət edək: “Ermənistan və Qarabağ özlərini başqa millətlərdən tamamilə təmizləyib. (Təbii ki, söhbət azərbaycanlılardan gedir - red.) Bir daha bunu deyəcəyəm. Bu, 600 illik problem idi. Erməni xalqı bundan sonra daha 600 il öz əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, bu gün Ermənistanda 170 min nəfər başqa millətlərdən olub (burada başqa məkr də var: 300 min azərbaycanlı Ermənistandan qovulduğu halda, onların sayını az qala iki dəfə az göstərir - red.), 1988-dən əvvəl burada olanlar, bu gün dövlətimiz olmazdı. Şimal və şərq rayonlarımızı qoruya bilməzdik, Sevan (Göyçə - red.) rayonunu qoruya bilməzdik”.
Qatil, başkəsən, faşist necə olur ki? Heç Hitler kimi baş faşist belə, işğal etdiyi ərazilərdə mülki əhaliyə belə divan tutmamışdı, onları soyqırıma məruz qoymamışdı, sürgün eləməmişdi. Ter-Petrosyan isə cinayətlərini şəxsən etiraf edir. Bu xəstə iddia edir ki, 1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması başlamasaydı, Ermənistan müstəqil ola bilməzdi...
Daha sonra: “Bundan əlavə, burada üç yeni problem əldə edəcəyik. Xatırladaq ki, üç rayonda azərbaycanlılar çoxluq təşkil edirdi – Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya (Ağbaba). Onlar Zangəzur mərzində üstünlük təşkil ediblər. Və bu problem həll olundu. Bu, bizə hədiyyə kimi gəlmədi. Bu problemi bizim hərəkatımız həll etdi. Xalqımızın milli qurtuluş mübarizəsi. Ermənistanın ümumxalq hərəkatı və onun hərbi qanadı “Yerkrapa” özünümüdafiə dəstələrimiz”.
Bu faktların özü Qərbi azərbaycanlıların indiki, hələ kadastr sənədi olmayan Ermənistana ləyaqətli qayıdışını şərtləndirir. Bu etiraflardan sonra hansısa ermənipərəst, haypərəst yenə də Azərbaycanın üstünə gələcəksə, onların bağışlayın, üzünə tüpürmək lazımdır. Azərbaycana və azərbaycanlılara qarşı genosidi törədənlərin lideri özü etiraf edib, üstəlik, fəxarətlə, utanıb, qızarmadan, yerə girmədən... Sonra da Qarabağdakı azərbaycanlılara tutduqları divandan da danışıb. Sitat: “Artsaxda da belədir. Bu gün artsaxın bütün ərazisi və daha çoxu ermənilərin əlindədir”.
Bəli, bu videokadrları ilk dəfə ictimailəşdirən videoblogerə minnətdarıq. Bu kadrları videoblogerə kim, hansı niyyətlə ötürübsə, öz işidir, əsas odur ki, bizim milli və dövlət maraqlarımız üçün olduqca qiymətli mənbədir. Odur ki, bu faktları bütün dünyaya həm media, həm vətəndaş cəmiyyəti, həm dispora, həm də diplomatik kanallarla yaymalıyıq. Həm də Türk Dövlətləri Təşkilatının imkanlarından istifadə edərək. Yəni bu məsələ təkcə Qərbi Azərbaycana qayıdış təşkilatının üzərinə qoyulmamalıdır. Düşmən özünüifşa üçün ciddi tutalqa verib, boş buraxmaq olmaz! Bu, bir tarixi missiya olar.
İblisin digər etiraflarına baxın. Aydın olur ki, Sumqayıt və Bakıda ermənilərə qarşı etirazların təşkilatçısı təkcə Sovet “KQB”si deyilmiş, həm də Ter-Petrosyanın rəhbərlik etdiyi “Miatsum”çular, terrorçular imiş. Daha çox erməninin öldürülməsi planlaşdırılmışdı, “Krunk”a ianə köçürməyən “seçilmişlər” arasından. Azərbaycanlılar xilas etdi bir çox ermənini. O zaman Sumqayıt hadisələrinə görə 5 ermənini şəxsən qətlə yetirmiş, 8 erməni qadınını zorlamış Edvard Qriqoryan və digər təşkilatçılar aradan çıxarılsa da, heç bir günahı olmayan Əhməd Əhmədov güllələnməyə məhkum edildi. Budur, Ter-Petrosyan etiraf edir ki, Sumqayıtdakı, Bakıdakı hadisələri də özləri təşkil edib, ermənilərin Ermənistana kütləvi köçünü təşkil etməkdən, həm də ölkə əhalisinin sayını artırmaqdan ötrü. Cani kaftar Zori Balayandan zərrə qədər də fərqlənmir qoca tülkü Ter-Petrosyan.
Onun etirafını dinləyəndən sonra yəqin ki, çoxları Azərbaycanın məşhur filmindəki ifadəni xatırlayacaqlar: “Sən nə əfi ilanmışsan, əəə!!!”
Hüquqşünaslar sözünü desinlər, üstündən 31 il keçəndən sonra ictimailəşmiş bu etiraflara görə hüquqi prosedurlara başlamaq olarmı?..
Ter-Petrosyanın etirafları çox məsələlərlə bağlı müəmmaları ortadan qaldırmış olacaq, təbii ki, beynəlxalq məkanda. Həm də Qərbi Azərbaycana QAYIDIŞIMIZIN tezləşdirilməsi üçün dövlətimizin əlini gücləndirəcək. Əslində buna şübhəmiz yox idi.
Prezident İlham Əliyevin tarixi sözlərini bir daha xatırladaq:
“Əminəm ki, gün gələcək Qərbi azərbaycanlılar öz doğma yurdlarına böyük həvəs və coşqu ilə qayıdacaqlar”.
Əminik, o yurdun əsl sahibləri qayıdacaqlar!
Bu qayıdışın qarşılığında isə ermənilərin qayıtmasından – nə Qarabağa, nə Bakı və Sumqayıta hansısa qayıdışdan söhbət belə gedə bilməz. Səbəbini Ter-Petrosyan deyib: ÖZLƏRİ GEDİBLƏR! Necə ki, sonuncuları 2023-cü ilin sentyabrında Azərbaycanı könüllü tərk etdilər...
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ