İnsanlara hürriyət, millətlərə istiqlal!

Səməni yeyən Hans - Zamin Hacı YAZIR

Dövlət büdcəsinə qənaət tədbiridir, ya yerli hakimiyyət nümayəndələrimiz xəsislik etməyə başlamışdır, dəqiq bilmirəm, bu haqda icranın mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun məktublar və piar idarəsinin xalqa məlumat bürosunun şöbə müdirindən hələlik bilgi almağımız mümkün olmamışdır – son illərdə bayram tədbirləri ərazimizdə sönük keçir.

Məsələn, qabaqlar Yeni il gəlməmişdən 1 ay qabaq, Yeni il gedəndən də 1 ay sonrayacan bütün parkımıza bəzəkli qotazlar asılırdı, parkın qarovulçusu Elman dayı Şaxta baba, süpürgəçi Nazbəyim xala isə Qar qız geyiminə vadar edilirdi. Yolka qurulurdu, onun qabağında şəkil çəkdirmək gənc analar üçün 1 manat, orta yaşlı atalar üçün 2 manat, ağbirçəklərimizə pulsuz elan edilirdi. Hamı sevinir, deyir-gülür, əylənirdi, dombalaq aşırdıq. Lakin 5 il olacaq, xalq Şaxta baba üzünə həsrətdir. Bəlkə də bu, pandemiya ilə əlaqədardır, sərhəd bağlı olduğu üçün Şaxta babanın arabası keçə bilmir.

Deyək ki, Yeni il şimaldan ölkəmizə gəlmiş müstəmləkəçi bayramdır, bunu həmçinin milli-mənəvi dindarlarımızın arzusuyla rədd eləmişik. Ancaq axı Novruz bayramı, bu əziz Ərgənəkon törəni də zəif keçir! Neçə ildir qəsəbəmizdə bayram atributları gözə dəymir. Halbuki, öncəki Novruzlarda icra başçısı Xaləddin müəllim şəxsən Kosa paltarı geyinib kəndirbazlıq edərdi. Onun bir müavini dişində mismar əyərdi. Bələdiyyə sədri uzanırdı, qarnından Qaz-53 keçirdi. Hətta bir dəfə sədrin qarnı partladı, ordan keçinin balaları – Şəngülüm, Şüngülüm, Məngülüm çıxdı.

Hər Novruzda parkımızın qapısında yaşıl taxtadan yekə səməni modeli düzəldilirdi. Bəzən səmənini külək aşırdırdı, yerli sakinlərdən ac tələbələr həmin lövhənin altında qalır, canlarını əziz hökumətimizə tapşırırdılar. Lakin bu, bayramın müqəddəsliyinə qətiyyən xələl gətirmirdi, gətirə də bilməzdi! Bir üzümüz ağlayanda, o biri üzümüz gülməlidir.

Xalqa həmişə kötək payı olmaz, ona kökə də verməliyik. Qamçılı şəkərbura varsa (əslində yoxdur, mən siyasətə qarışmıram, məsəl üçün yazdım), paxlavalı tamaşa da olmalıdır. Bunlar qarşılıqlı amillərdir.

Amil yazdım, fürsətdən istifadə edərək aparıcı Amil Xəlilə salam göndərirəm. Mən onun verilişlərini qarşıma çıxanda həmişə maraqla izləyirəm. Hesab edirəm o, Zaurlardan, Xoşqədəm xanımdan, Elgizdən daha güclü aparıcıdır və Vaqif Mustafayeviin uca xalqımıza bir ərməğanı, hədiyyəsidir. Ən çox sevdiyim verilişi Aran bölgəsində çəkmişdi. Orda qayınana gəlini evə buraxmırdı, işıqları da söndürmüşdü, guya evdə ins-cins yoxdur. Amil müəllim çəkiliş qrupuyla birgə gəlinin dalından basıb hasardan aşırtdılar, əsl kəşfiyyat-diversiya qrupu kimi içəri daxil oldular, qaynana məcbur oldu qapını açsın. Kventin Tarantinonu çağırsan, elə təbii ekşnli-eşqli kino çəkə bilməzdi. Xülasə, bütün kollektivi, o cümlədən evdən qaçan gəlinləri bayram münasibətiylə qutlayıram. 23-ü şənbəyə düşür, bu isə ilaxır şənbəsidir. Şənbə olmasa, çərşənbə də olmazdı. Bəzi mənbələrə görə şənbə sözünün kökü, etimolojisi Şərur rayonunda ortaya çıxıbdır, “şən bə” – “uğurlarımıza sevinən adam” deməkdir.

Ümid edirəm əlaqədar orqanlar yazımıza reaksiya verəcək, gələn Novruzda parkımız yenidən bayram ocağına dönəcəkdir. Yazını isə Avstriyada, Vyana operasının tinində yaşayan, orada AHA (Azərbaycan Həqiqətləri Avstriyada) təşkilatı qurub vətənimizi təbliğ edən uşaqlıq dostum əziz Günel xanımın bayram məktubuyla bitirirəm, hesab edirəm məktub dəyərli oxucularımız üçün də qat-qat maraqlı olacaqdır: “Paxlava, səməni, şam aparıb iş yerimdə masanın üstünə qoymuşdum. Vatsap qrupumuzda da şəklini paylaşıb, Novruz haqda qısa məlumat verib yazdım ki, hamını qonaq edirəm. Getdim işləməyə, günortaya yaxın iş yoldaşım Hans gəldi, dedi o gətirdiyin yaşıl ot nədir. Dedim səmənidir, Novruzun simvollarından biridir. Dedi mən onu yedim, zənn etmişdim “schnittlauch”dur, ancaq gördüm başqa dad verir. (schnittlauch çöl soğanı, vəhşi sarımsaq kimi bir göyərtidir – Z.H.)”

Əlbəttə, hamısı Avropanı bürüyən aclığın, iqtisadi fəlakətin təsirləridir. Bizdə səməni halvası yeyənlər olur, ancaq səmənini basıb yavan-yavan yeyəsən... Allah göstərməsin. Yazıq Hans.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR