İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhriyarın aeroportda mat qalması vaqiəsi

 

Məşhur qrossmeysterimiz, hərdən rəqiblərinin hamısını udaraq bizə qürur yaşadan, bəzən də ən zəif rəqibinə uduzaraq qanımızı qaraldan Şəhriyar Məmmədyarovun Sabiha Gökçen aeroportunda (İstanbul) başına gələn hadisə adamım yadına bir çox mətləbləri salır.

Xəbərdən xəbəri olmayanlar ola bilər deyə, qeyd edim ki, aeroportda Şəhriyarı saxlayıblar, deyiblər, qadınlar haqqında o nə sözü idi, demişdin... Zarafat edirəm. Şəhriyarı başqa şeyə görə saxlayıblar. Şübhələniblər ki, onun çantasındakı şahmat fiqurlarının içində ya qızıl-brilyant kimi vəzndə yüngül, qiymətdə ağır şeylər var, ya da adam konkret narkotik maddə kuryeridir.

Bizə baxmayın, Türkiyədə şahmata meyl və həvəs zəif olduğundan nəinki qardaş ölkənin, heç o biri ölkələrin ən məşhur şahmatçılarını da tanımırlar. Handan-hana gömrükçülər onun məşhur azərbaycanlı şahmatçı olduğunu biliblər, Allahdan, şahmat fiqurlarının içindən də kontrabanda məmulatı çıxmayıb, mat qalmış şahmatçını sərbəst buraxıblar.

Bir tərəfə baxanda gömrükçüləri də qınamalı deyil. Əvvəllər belə presedentlər yüz faiz olub, şahmat fiqurlarının içində, yuxarıda dediyim kimi, qızıl-brilyant və narkotik maddə keçiriblər. Şahmat oynamısınızsa fikir vermisiniz, şah, vəzir, top fiqurlarının həcmi böyük, içi boşdur, heç fil və at fiqurları da pis deyil, onların içinə xeyli şey (o cümlədən, “şey”) yerləşdirmək olar.

Gömrükçülər görəndə ki, bir bazburutlu adam çantasında şahmat taxtası daşıyır, fikirləşiblər ki, normal adam ölkədən-ölkəyə şahmat taxtası aparmaz, bu işin içində bir iş var. Şübhələniblər və yanılıblar. Zatən, onların hər şübhələndikləri adam qaçaqmalçı olsaydı, aeroportların yanında türmə də olardı. Hər gün yüzlərlə adamı aeroportdan çıxarıb basardılar içəri.

Həmin şübhə üzündəndir ki, təyyarə sərnişinlərinin kişi qisminin hamısının zəhləsi şalvardan kəmər çıxarmaq ritualından gedir. Çünki nə vaxtsa, hansı ölkədəsə kəmərdə təyyarəyə bıçaq və ya narkotik maddə keçiriblər, odur, budur, hər gün on minlərlə kişi hava limanında kəmərini çıxarmalı olur. Bunun dərdindən bəziləri yoxlama-keçid punktuna rezin qaytanlı idman şalvarında gəlir, onda da deyirlər, krossovkanı çıxar, altı çox qalındır.

Qayda belədir, ta neynəyəsən?

Aeroport yoxlamaları çox vacibdir, amma gərək bundan sui-istifadə olunmasın. 15 il qabaq İsraillə Türkiyənin arası təzə-təzə dəyəndə Təl-Əviv aeroportunda türkiyəli sərnişinləri “van minut” deyə saxlamış, nəinki şalvarlarının kəmərini, hətta şalvarların özünü də çıxarmışdılar ki, təhlükəsizlik məqsədi ilə yoxlanılmalıdır. Üstündən bir gün keçməmiş İstanbul aerportdunda da İsrail vətəndaşlarının şalvarlarını çıxardılar ki, sizdə adətdir, bizdə biadətmi, biz də təhlükəsizliyə önəm veririk.

Sonra yaxşı ki, tərəflər kəmərlə kifayətləndilər və şalvarçıxarma yarışması heç-heçə bitdi.

Yadıma düşür ki, bizdə də elə bir hadisə olub. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” musiqi yarışmasına Norveçdən Əmir adlı bir iranlı jurnalist gəlmişdi, xütbələrində “Eurovision”a görə Bakıya lənət yağdıran İran axundlarının səsinə səs verərək kamera qarşısında bizə qarşı hərzə-hədyan danışmış, axırda da müqəddəs bayrağımıza şıllaq atmışdı. Bax, o gədəni Norveçə uçmaq istədiyi zaman aeroportda saxlamış, dal otağa aparıb şalvarını çıxarmışdılar ki. görsünlər, onu dingildməyə, şıllaq atmağa nə vadar edir. Təhlükəsizlik baxımından vacib idi. Hərçənd insan haqlarına düz gəlmirdi. O vaxt bu üzdən bir balaca qalmaqal və qeylü-qal olmuşdu.

Aeroportdan qızıl keçirməyə dair bir yəhudi lətifəsi var, onu da yazım, söhbəti bağlayaq. SSRİ-də yaşayan yəhudi zərgər İsrailə köçür. Aeroportun gömrüyündən keçəndə görürlər qoltuğunda Leninin büstü var, soruşurlar, bu, nədir. Yəhudi deyir: “Bu nədir” sualı səhvdir. "O kimdir?" sualını verməli idin. Bu, rus xalqına xeyir gətirən sosializmin əsasını qoyan Lenindir. Bunu bərəkətli günlərin xatirəsi kimi özümlə İsrailə aparıram.

Sovet gömrükçüləri təsirlənirlər və adamı buraxırlar. Təl-Əviv aeroportunda da israilli gömrükçü büstü göstərib soruşur ki, bu nədur.

Yəhudi deyir: “Bu nədir” sualı səhvdir. "Bu kimdir?" sualı verməli idin. Bu Lenindir. Mən bu dəli yaramazdan ötrü Rusiyanı tərk etməli oldum! Bunu özümlə aparıram ki, hər gün baxım, lənət oxuyum!

İsrail gömrükçüsü də mütəəssir olur, deyir, yaxşı, keçə bilərsən!

Yəhudi qohumlarının evinə gedir, büstü servantın üstünə qoyur. Bacıoğlulardan biri soruşur: “Bu nədir?”

Yəhudi cavab verir: “Bu, on kiloqramlıq, iyirmi dörd karatlıq qızıldır, vergisiz, rüsumsuz, ƏDV-siz!”

Şəhriyar gərək indən belə ehtiyatlı olsun, gömrük işçisi qadın olsaydı və onun 1 il öncə qadınlar haqda nə dediyini bilsəydi, ona dra-dra dedirdərdi, deyərdi: “Bak, Sabiha Gökçən də kadındı ama, uçak sürüyordu, kadının kadir-kiymetini bileceksin, lan”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR