İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyində görüş keçirildi - FOTOLAR

Səhiyyə Nazirliyində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarının bir qrupu ilə görüş baş tutub.

Musavat.com xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Teymur Musayev uşaqların hüquqlarının qorunması və müdafiəsinin Azərbaycan dövlətinin prioritetləri sırasında olmasını diqqətə çatdırıb:

“Prezident İlham Əliyev uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərir. Dövlət başçısının Sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan edilib”.

Tədbirin mahiyyətini vurğulayan Teymur Musayev deyib: “2009-cu ildən etibarən hər üç ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika Forumu keçirilir. Forum uşaqların sosial fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların fəal iştirakının təmin edilməsi, habelə dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla da, Forum uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaradır”.

Səhiyyə naziri Forumun uşaqların həyatında əhəmiyyətli hadisə kimi, eyni zamanda onların gələcək inkişafında mühüm olmasına əminliyini bildirib.

“Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar. Şəhidlərimizin qanı, eyni zamanda əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi böyük fədakarlığı hesabına 30 illik həsrətə son qoyulub. Ola bilsin ki, sizin aranızda kimsə Qarabağ Universitetinin məzunu olacaq. Burada əyləşən şagirdlərdən biri tanınmış alimi və ya gələcəyin həkimidir”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.

Səmimi görüşə görə nazirə təşəkkür edən uşaqlar dövlətimizin onlara olan qayğısını hər zaman hiss etdiklərini deyiblər. Uşaqlar, həmçinin 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif tədbirlərdə fəal iştirak etdiklərini, bunun isə öz növbəsində onlarda bu mövzuya maraq doğurduğunu bildiriblər.

Forum mövzusuna toxunan qonaqlar qeyd ediblər ki, tədbirdə paytaxt və bölgələrdən 300-dən artıq, həmçinin qardaş Türkiyədə 10 uşaq iştirak edəcək. Çıxışçılar tədbirin unikal qabiliyyətə və analitik təfəkkürə malik uşaqların seçilməsi üçün yaxşı imkan olduğunu vurğulayıblar.

Sonra Teymur Musayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Forum iştirakçılarına Səhiyyə Nazirliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub. Sonda qonaqlar Səhiyyə Tarixi Muzeyi ilə tanış olublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR