İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şəhid ailəsinə qarşı məmur zorakılığı” – Binəqədidə dəhşətli olay - FOTOLAR, VİDEO

“Biz şəhid ailəsiyik, amma Binəqədi rayonunda bizə edilən davranış insanlıqdan kənardır. Bu, təkcə bizə yox, bütün Azərbaycan xalqına hörmətsizlikdir” - deyə şəhid bacısı İlkanə Yusifova Musavat.com-a müraciətində bildirib.

Redaksiyamıza daxil olan şikayət məktubunda şəhid ailəsinə qarşı Binəqədi rayonunda baş vermiş məmur özbaşınalığı barədə dəhşətli faktlar qeyd olunub.

“Qapımızı təpiklə sındırıb evə girdilər”

İlkanə Yusifovanın sözlərinə görə, ailə üzvləri şəxsi vəsaitləri hesabına Bakı şəhəri, Binəqədi rayonu, 103-cü binada yerləşən mənzillərində təmir işləri apararkən, ərazi üzrə Mənzil İstismar İdarəsinin (Mİİ) kuratoru olan Rüfət adlı şəxs heç bir rəsmi xəbərdarlıq və məhkəmə qərarı olmadan mənzilin qapısını zorla sındıraraq içəri daxil olub.

“Bu şəxs qardaşımı təhqir etdi, “qoduq” adlandırdı, polis çağırmaqla hədələdi. Daha sonra isə onu qanunsuz olaraq 3 saat ərzində 7-ci Polis Bölməsinə apartdırdı. Mən telefonla danışanda məni də təhdid etdi. Hadisənin məqsədi sanki bizi aşağılamaq və əlavə konflikt yaratmaq idi”.

“Anamın təzyiqi qalxdı, övladlarım ağladı”

Şikayətçinin sözlərinə görə, hadisə baş verən vaxt özü anasını Qəbələyə aparıbmış:

“Bu xəbərləri eşidən kimi dərhal Bakıya qayıtdım. Anam bu xəbəri eşidəndən sonra stressdən təzyiqi və şəkəri kəskin qalxdı, sağlamlığı təhlükə altına düşdü. Övladlarım isə hadisəni eşidib ağladı, psixoloji sarsıntı keçirdilər”.

“Bizi evimizdə yaşayışa qoymurlar”

İlkanə Yusifova əlavə edib ki, mənzili 2022-ci ilin fevralında alıblar. Lakin binanın baxımsızlığı səbəbindən evdə kif göbələyi, rütubət və antisanitariya hökm sürdüyündən orada yaşamayıblar.

“İndi öz hesabımıza təmir edirdik ki, yayda nəhayət öz evimizdə qala bilək. Amma bu olanlardan sonra həm vaxtımız getdi, həm də əlavə xərclərlə üzləşdik”.

“Bu, bütün şəhid ailələrinə qarşı hörmətsizlikdir”

Şikayətçi baş verənləri təkcə öz ailəsinə deyil, bütün şəhid ailələrinə və Azərbaycan xalqına qarşı hörmətsizlik kimi qiymətləndirir:

“Biz heç vaxt heç kimdən yardım istəməmişik. Amma bu dəfə ailəmizə qarşı edilən haqsızlıq bizi sükuta vadar etmədi. Şəxsi əmlakımıza ziyan vuruldu, qardaşım qanunsuz saxlanıldı, anamın sağlamlığı pozuldu. Biz həm maddi, həm də mənəvi zərərə məruz qaldıq”.

“Dəmir Yumruğa” güvənirik”

İlkanə Yusifova Prezidentə müraciət edərək məsul şəxslərin cəzalandırılmasını, dəymiş ziyanın ödənilməsini və hüquqlarının bərpa olunmasını tələb edib: “Sizin mərhəmətinizə və ədalətinizə güvənirik. Bu haqsızlığın cavabsız qalmayacağına inanırıq”.

Məsələ ilə bağlı Binəqədi Rayon Mənzil İstismar İdarəsinin mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimiz cavabsız qaldı.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR