Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Bakıdakı səfirliyi agentliyin yazısından narazı qalıb - QAİ bəyanat verdi
ABŞ-ın Azərbaycandakı səfirliyi və “Report” agentliyi arasında anlaşılmazlıq yaranıb. Belə ki, dekabrın 16-da agentlik belə bir xəbər dərc edib: “ABŞ-ın Azərbaycandakı səfirliyi "Report"un ötən gün dərc etdiyi materialla bağlı sorğusuna cavab verib.
Cavabla tanış olduqdan sonra məlum olub ki, o, verilən suala uyğun deyil.
Belə ki, “Report” sorğusunda ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistandan qovulan azərbaycanlıların irsinin qorunması ilə bağlı hansı addımların atıldığını, layihələrin həyata keçirildiyi barədə məlumat almaq üçün müraciət edib.
Səfirliyin cavabında isə Azərbaycanın azad olunan ərazilərində ABŞ-ın görmək istədiyi işlər barədə danışılıb. Faktiki olaraq səfirlik “Report”un sorğusuna mahiyyəti üzrə cavab verməyib. Cavabdan çıxan məntiqi nəticə budur ki, ABŞ azərbaycanlıların Ermənistandan qovulduğu dövrdən bu günə qədər onların dədə-baba torpaqlarında irsinin qorunması yolunda heç bir addım atmayıb".
ABŞ-ın Bakıdakı səfirliyi isə agentliyin bu yazısından narazı qalıb. “Turan” səfirliyin məlumatına əsasən yazır ki, “ABŞ-ın Azərbaycandakı səfirliyi "Report"un sorğusuna cavab verib” məqaləsində diplomatik missiyanın agentliyin sualına verdiyi cavab əks olunmayıb.
Məlumatda deyilir: “Vəziyyəti düzgün qiymətləndirmək istəyənlər üçün cavabımızın mətni aşağıdakı kimidir: ABŞ-ın Bakıdakı səfirliyi dəfələrlə Azərbaycanın mədəni irsinin bərpasına dəstək təklif edib. 2022-ci ildə Ağdamdakı Pənahəli Xan Kompleksinin bərpası üçün Səfirlərin Mədəniyyəti Qoruma Fondundan 425,000 ABŞ dolları məbləğində qrant ayrılması təsdiqləndi.
Həmin il USAİD tərəfindən “Qırmızı kənd”dəki evin bərpası üçün yardım göstərilməsi də təsdiqləndi. Biz həmçinin müasir infrastruktur sahəsində dəstək təklif etmişik. Son dörd il ərzində ABŞ Müdafiə Departamenti, Çələbilər, Dəymədağıldı və Qosmalıyanda üç məktəbin tikintisi və təmiri üçün 3 milyon dollar ayırmağı nəzərdə tutmuşdu". Səfirlik iddia edir ki, Azərbaycan hökuməti bu layihələrin heç birinin həyata keçirilməsinə razılıq verməyib. “Əgər Azərbaycan hökuməti maraqlı olarsa, biz oxşar layihələrin həyata keçirilməsini nəzərdən keçirə bilərik”.
“ABŞ-ın Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı Vaşinqtonun mümkün addımlarına dair Azərbaycan mediasının sualına cavab verməyib, sadəcə, bu ölkənin işğaldan azad edilmiş ərazilərimizdə hansısa layihələr təklif etdiyini xatırlatmaqla kifayətlənib. Bu azmış kimi, ABŞ səfirliyi yaydığı açıqlama ilə ictimaiyyəti yanıltmağa cəhd edib”.
Bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. Bəyanatda həmçinin deyilir: “Hesab edirik ki, səfirlik özünün cavabının tonu ilə, o cümlədən media subyektlərinin sualını "aldadıcı" kimi dəyərləndirməklə ABŞ-ın hər zaman vurğuladığı “söz azadlığı”, “fikir müxtəlifliyi” prinsiplərinə əslində necə “hörmət bəslədiyi”ni nümayiş etdirib".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ