Onlayn ictimai-siyasi qəzet
Birinci məqam
Azərbaycan səfirliyində terror aktının arxasında kimin dayanıb-dayanmamasından asılı olmaraq, bütün məsuliyyət Tehranın üzərindədir, bu, birmənalıdır. Niyəsi aydındır. Səfirliyin qorunması birbaşa həmin dövlətin məsuliyyətidir. Tehran bu məsuliyyətdən heç bir halda yayına bilməz. Tehranın polis rəisinin vəzifəsindən kənarlaşdırılması hələ heç nə demək deyil. Üstəlik, bu terror aktını şübhəsiz ki, tətikləyən, demək səfirliyin əməkdaşlarını hədəfə çıxaran da Tehranın bir neçə aydır apardığı aşkar anti-Azərbaycan təbliğatıdır. Bu da Tehranın üzərinə əlavə məsuliyyət yükləyir.
İkinci məqam
Bu terror aktının baş verdiyi ərəfədə Azərbaycan-İran danışıqlarının intensivləşdiyi nəzərə çarpırdı. Üç gün əvvəl Daşkənddə İran xarici işlər naziri azərbaycanlı həmkarı, Tehranın Bakıdakı səfiri isə Prezident Administrasiyasının şöbə müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşmüşdülər. Bu görüşlər Bakı-Tehran arasında istiləşmə kimi yozula bilərdi. Hətta erməni ekspertlərdən biri demişdi ki, İran Zəngəzur dəhlizi ilə bağlı əvvəlki mövqeyini dəyişib. Bu danışıqların təfərrüatı haqda hər iki dövlət rəhbərliyi əlbəttə ki, məlumatldır, bu cür müzakirələrin detalları media üçün deyil. Əgər bu müzakirələrdə Tehran xoş niyyətini ortaya qoyub anti-Azərbaycan isterikasını dayandıracağı, ölkəmizin daxili işlərinə qarışmayacağı vədi veribsə, o halda bu terror aktını “üçüncü qüvvələr”törədə bilərdi. Amma bu versiyanı rədd edən məqam var. Dövlət başçısı İlham Əliyev hadisəni terror aktı adlandırıb, məsuliyyəti birmənalı Tehran rejiminin üzərinə qoyub.
Əgər Tehranla son günlərdəki təmaslarında hansısa xoş niyyət olsaydı, Bakını da buna inandıra bilsəydi, rəsmi reaksiyalar (XİN daxil) bu cür birmənalı olmazdı. Bu, o nəticəyə gəlməyə əsas verir ki, terror aktı baş verən ərəfədə intensivləşən təmaslara baxmayaraq, Tehranın anti-Azərbaycan mövqeyində heç bir dəyişiklik olmayıb.
Üçüncü məqam
İranın daxilində indi elə bir qaynama var ki, kiminsə “Kalaşnikov” götürüb haradasa terror aktı törətməsi mümkündür. Bu baxımdan terror aktını daxildəki vəziyyətlə, rejimin zəifləməsi, hakimiyyətdaxili silahlı qruplaşmaların əməli kimi də izah etmək olar. İranda narazılıq aylardır davam edir, hətta xalqla-ordu qüvvələri arasında küçə döyüşləri barədə çoxsaylı videolar var. Ölkədə rejim zəifləyəndə, özbaşınalıq olanda belə teraktlar baş verir. Amma onların heç də “öz-özünə”, spantan deyil, məhz planlaşdırılmış, konkret məqsədə yönəlmiş terror aktı olur. O halda, səfirliyimizə bu düşmən hücum İran rejiminin zəifləməsindən istifadə edib onun bərbəd beynəlxalq imicini daha da batırmağa, qonşu dövlətlər arasında etibarını daha da itirməsinə yönəlibsə, Tehran rejimi üçün bu cinayətin bütün detallarını üzə çıxarmaq şərəf məsələsi olmalıdır. Fəqət, hadisədən dərhal sonra İran mediasında ortaya atılmış çaşdırıcı, izi itirməyə yönəlmiş dezinformasiyalar şübhələri yenidən Tehran rejiminin üzərinə yönəldir.
Dördüncü məqam
Tətikçi niyə məsələn, İranın ali dini liderinin rüsvayçı karikaturasını dərc edən Fransanın səfirliyinə deyil, Azərbaycan səfirliyini hədəf alıb? Və ya Quranı yandıran skandinaviya ölkələrinə etirazını bildirmək əvəzinə, XİN səviyyəsində bu vandalizm aktını pisləyən Bakını hədəf seçib? Azərbaycan mediasının və çoxsaylı ekspertlərin İrana qarşı sərt mövqeyinə baxmayaraq, heç vaxt nə bu ölkənin prezidentinə, nə ali dini liderinə təhqir yazmayıb, “qırmızı xətti” qorumağa çalışıb. Yəni bu terror aktının İranın adət etdiyi, daha doğrusu siyasətə alət etdiyi dini motivi heç vaxt ola bilməz. Bu teraktı “dini motivə” bağlaya bilməyəcəklər.
Beşinci məqam
Tehranın Azərbaycan-İsrail münasibətlərinə yumşaq desək, canağrılı münasibəti bəllidir. Bunu illərdir deyirlər, son aylar isə ən müxtəlif səviyyədə hədələyəci tona keçmişdilər. Azərbaycan əlbəttə lazımı cavab verib, İsraildə səfirlik açmaq qərarını rəsmiləşdirib, bu ölkəyə səfir də təyin edib. Yanvarın 16-18-də isə Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin geniş toplantısı keçirilib. Bu toplantı Rusiyada olmalı idi və Ukrayna müharibəsi səbəbindən Bakıda keçirildi. Yəni Bakı xüsusi bir seçim deyildi, amma şübhə yoxdur ki, İran bu toplantının da ciddi qarın ağrısı ilə qarşılayıb. Halbuki Azərbaycan bu tədbirə sadəcə, ev sahibliyi edib, xüsusi qarışacağı olmayıb. Toplantıda Ukrayna, Rusiya, Belarus, Moldova, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Serbiya, Albaniya, Şimali Makedoniya və Kosovodakı səfirlər iştirak ediblər. Görüşdə İsrailin yeni xarici işlər nazirin iştirakı edəcəyi deyilirdi, amma onu İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru əvəz etdi. Kifayət qədər səs-küysüz, medianın işıqlandırmadığı tədbir oldu. Tədbir haqda İsrail mediası yazıb ki, səfirlər Ukraynadakı müharibəni, İran təhlükəsini və İsraillə müsəlman ölkələri arasında əlaqələri müzakirə ediblər. Həmçinin İsrail ilə İran arasında artan gərginlik fonunda 2023-cü il üzrə planlar, İsrailin müsəlman dövlətləri ilə əlaqələrinin inkişafının davamlı xarakter alması da əsas müzakirə mövzuları olub. Səfirliyə terror hücumunun Holokost qurbanlarının beynəlxalq anım günündə baş verməsinin, hədəf olaraq isə İsrailin dost hesab etdiyi Azərbaycan səfirliyində törədilməsi düşündürücüdür. Bəlkə də təsadüfdür, bəlkə də deyil, bəlkə də məhz bu gün üçün düşünülmüş qanlı mesajdır...
Nəhayət
İran tərəfi bəyan edib ki, hadisə sırf məişət zəminində baş verib. Terroru tərədən Azərbaycan vətəndaşı olan qadınla evlidir. İddia olunur ki, 9 aydır arvadını görə bilmir və sairə... Bu iddia haqda Azərbaycan XİN əlbəttə ki, açıqlama verəcək. Səfirliyə “Kalaşnikov”la hücum edib arvadını “xilas etmək” istəyən terrorçu düşünülmüş motiv də ola bilər. “Kalaşnkov”la səfirliyə gələn orada silahla yaxşı davrandığı göünür. İran xüsusi xidmət orqanları “Kalaşnikov” a xüsusi rəğbəti də bəllidir. Arvadına görə səfirliyə hücum edən orada Azərbaycan vətəndaşlarına(dövlətinə) qarşı aşkar terror aktı həyata keçirib, bunu görüntülər də təsdiq edir. Motiv şəxsi ola bilər, bəs “Kalaşnkiov”u kim verib, qapıdakı mühafizəçiyə əl işarəsi(yəni “sənlə işim yoxdur”, yoxsa “hər şey planlaşdırıldığı kimi gedir” ) nə demək idi, mühafizəçi niyə heç “yuvasından” qımıldanmadı?
2016-cı il dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən sərgidə çıxışı zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlini planlaşdıranlar da əvvəl hansısa “şəxsi motivlərdən” danışırdılar, sonra işin arxasında Fətullah Gülənin terror təşkilatının (FETÖ) dayandığı məhkəmədə sübuta yetirildi. İki ölkə üçün həssas bir dönəmdə baş verən bu terror aktı Rusiya-Türkiyə qarşıdurmasını yaratmaq istəyənlərin planlaşdırdığı terakt id. Amma hər iki ölkə bu mərhələni keçdi.
İran Azərbaycanla səmimi qonşu olmaq istəyirsə, “mən bu işdə yoxam” deyib, bunu sübut etmək istəyirsə, bu hadisənin pərdəarxasındakı bütün günahkarların cəzalandırılması üçün indi fürsətdir. Kəmfürsətlik daha yetər...
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ