İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçkilərin Azərbaycana xarici sərmayələrin yatırılmasında hansı təsirləri olacaq - rəylər

Ekspertlərə görə, müəyyən sahələrdə əngəllər aradan qaldırılarsa, investorların cəlb olunmasında problem qalmayacaq 

Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkisi ilə İlham Əliyev öz legitimliyini təzələdi və daha da gücləndirdi. Ölkə üçün isə faktiki yeni bir era başlanmış sayıla bilər. Bəs seçki Azərbaycana xarici sərmayələrin yatırılmasına hansı təsirləri göstərəcək? Ümumiyyətlə, ölkəyə investisiya axınını artırmaq üçün hansı təxirəsalınmaz tədbirlərə ehtiyac var? Formalaşacaq yeni kabinet bu istiqamətdə konkret hansı addımlar atmalıdır? Gözləntilər nədir?

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, ötən ilin 6 ayında xaricdən cəlb olunan investisiyaların ümumi məbləği 3 milyard dollar, xaricə yatırılan sərmayələrin həcmi isə 0,6 milyard dollar olub. Ölkə iqtisadiyyatı qoyulan birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 75,9 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında xarici ölkələr və beynəlxalq təşkilatların əsas kapitala yönəltdikləri vəsaitin 2 milyard 285 milyon manatı (90,4 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov

İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, xarici sərmayədarlar investisiyaları yatıranda ilk növbədə ölkələrdəki siyasi sabitliyi nəzərə alırlar: “Bu baxımdan siyasi sabitliyi olmayan  və dinamik inkişaf etməyən iqtisadiyyatı olan ölkələrə heç kim investisiya qoymur. Azərbaycan özünün dünyanın sabitlik adası olduğunu təsdiq edib. 7 fevralda keçirilmiş seçkilərdə də cənab İlham Əliyevə  yenidən etimad göstərməsinə xalqımızın qələbəyə, sabitliyə və tərəqqiyə səs verdiyini desək yanılmarıq. Ölkəmizin iqtisadi potensialı çox yüksəkdir. Son illər coğrafi yerləşməsindən səmərəli istifadə edilərək beynəlxalq logistik haba çevirməyimiz ölkəmizə xarici inventarların marağını da artırıb. O cümlədən işğaldan azad edilmiş ərazilərdə də yaradılmış optimal şərait hər bir investor üçün böyük mənfəət qazandıracaq. Prezident İlham Əliyev yenidən dövlət başçısı kimi səlahiyyətlərinə başlayandan sonra ölkədə islahatların keçirilməsi dərinləşəcək. Təbii ki, bütün islahatlar insanların rifahının yaxşılaşmasına və ölkənin iqtisadi gücünün artırılmasına hesablanır. Bunun üçün də mütləq şəkildə xarici sərmayədarların ölkəmizə cəlb edilməsi üçün tədbirlərin davam etdirilməsini vacib hesab edirəm”. 

Deputat əlavə edib ki, sahibkarlıq fəaliyyəti üçün müasir qanunvericilik bazası yaradılıb: “Belə ki,  Ələt Azad İqtisadi Zonasında, sənaye və aqroparklarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sərmayədarlar üçün xüsusi güzəştlər tətbiq olunur. Deyə bilərik ki, ölkədəki sərmayə mühiti hər bir xarici sərmayədar üçün qəbul olunandır. Növbəti dövrdə isə sadəcə, mövcud sərmayə mühitimizi beynəlxalq səviyyədə yaxşı təbliğ etməyə ehtiyac var. Bunun üçün həm ölkə daxilində, həm də xarici ölkələrdə iş adamları dəvət olunaraq sərgilər və konfranslar və biznes forumların keçiriləməsinin çoxaldılması vacibdir. Ölkəmizdə bütün şərait və imkanlar var, amma bu imkanları lazımi səviyyədə təbliğ edə bilməməyimiz xarici sərmayədarların az cəlb olunmasına gətirib çıxarıb. Yeni dövrdə isə bu məsələləri xüsusilə diqqət mərkəzində saxlamağı vacib hesab edirəm. Çünki ölkədə açılan hər bir müəssisə yeni iş yerləri və yeni çeşidli məhsullar deməkdir. Bu da ölkə iqtisadiyyatının  güclənməsinə və vətəndaşların rifahının yaxşılaşmasına xidmət edir”.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov da “Yeni Müsavat”a fikirlərini açıqladı: “İnvestisiyaların ölkəyə cəlb olunması üçün mütləq şəkildə əlverişli investisiya mühiti yaradılmalıdır. Əlverişli investisiya mühitinin şərtlərindən ən əsası isə kapitalın sərbəst axınına şərait yaradılmasıdır. Yəni həm ölkəyə daxil olması, eyni zamanda xarici investorun öz kapitalını ölkədən çıxarmaq istəyi ilə bağlı hər hansı maneçilik olmamalıdır. Digər bir tərəfdən, Vergi Məcəlləsində hər dəfə dəyişikliklərin olması xarici investorların ölkəyə gəlməsini əngəlləyən əsas faktorlardan biridir. Çünki bu istiqamətdə bir sabitliyin olmaması investor üçün qarşıdakı illərdə ciddi şəkildə suallar yaradır. Onlar bu prosesə risk faktoru kimi baxırlar, ona görə də daha çox ehtiyatlı davranırlar. Bir də özəlləşdirmə proseslərində xarici subyektlərin iştirakının təmin olunması ölkəyə investisiya axınını təmin edə bilər. Bu həssas məsələ olduğuna görə dövlət buna daha diqqətlə yanaşmalıdır. Başqa məsələ manatın məzənnəsidir ki, investisiya mühitinə ciddi təsir göstərir. Digər bir məsələ yerli sahibkarlığın inkişafıdır. Xarici investorlar bir ölkəyə investisiya yatırmaq üçün həmin bazarı araşdıran zaman göstəricilərdən biri də yerli sahibkarlığa dair dinamikadır. Ona görə ilk növbədə yerli sahibkarlığın da inkişafına önəm verilməsi vacibdir”. 

Ekspert ölkənin daha effektiv daxili iqtisadi siyasəti görə biləcəyinə ümidli  olduğunu deyib: “Ona görə ki, postmüharibə dönəmində imkanlarımız artacaq. Əvvəlki dönəmdə resursların müəyyən hissəsi xarici siyasətə, eyni zamanda Azərbaycanın strateji mövqeyinin qorunmasına və nüfuzunun saxlanılmasına, gücləndirilməsinə həsr edilsə də, artıq Qarabağ problemi həll edildiyindən daxili iqtisadiyyata diqqətin ayrılmasına daha çox ehtiyac vardır. Fikrimcə, hökumət də bu məsələni prioritet olaraq götürəcək”.  

İşğaldan azad olunan ərazilərdə həyata keçiriləcək mühüm tədbirlərdən biri də investisiya qoyuluşudur. Böyük potensiala malik olan bu regiona xarici və daxili investorların cəlb edilməsi hazırda qarşıda duran prioritet məsələlərdən biridir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, memar Tərlan Əliyev mediaya açıqlamasında deyib ki, həmin ərazilərdə tikinti, aqrar sektor, enerji, mədən sənayesi, turizm sektoru kimi sahələrin inkişafı prioritetlik təşkil edə bilər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu sahələr çox yüksək inkişaf perspektivinə malikdir.

 

T.Əliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən yaradılan “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərə xarici və daxili investisiyaların cəlb edilməsi, iqtisadiyyatın yenidən qurulması və inkişafı üçün olduqca mühüm amildir. İnvestisiyaların bu ərazilərə yönəldilməsi zamanı həmin regionun təbii sərvətlərinin, iqliminin, geoloji mövqeyinin hər bir rayon üzrə tədqiq edilməsi və ümumi strukturun qurulması, bu prosesin sürətlənməsinə, eyni zamanda daxili və xarici investorların bu sahədə daha səmərəli fəaliyyətinə təkan verəcək: “Regionda aqrar sektorun inkişafı üçün torpaq və iqlim faktorları mühüm rol oynayır. Qarabağ ərazisindəki 7 rayonun əkinəyararlı torpaq sahələrinin ümumi həcmi 535 min hektardan artıqdır. Bunu nəzərə alsaq, bu sektora böyük investisiya qoyuluşları çox böyük fayda verəcək. Bundan başqa, Qarabağda həyata keçiriləcək bərpa və yenidənqurma işləri zamanı yerli tikinti materiallarından istifadə olunması üçün əlverişli şərait mövcuddur. Nəticə etibarilə tikinti xammalına qoyulan investisiya həm investora, həm də dövlətə yol və nəqliyyat xərclərinin azaldılması, tikinti materiallarının güzəştli istehsalı və satışı kimi məsələlərdə gəlir və səmərəlilik gətirəcək”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR