Onlayn ictimai-siyasi qəzet
Heç şübhəsiz ki, növbəti iki həftə ərzində ölkədə cərəyan edəcək ən önəmli siyasi proses namizədlərin təbliğat-təşviqat kampaniyaları və bilavasitə 1 sentyabr tarixində baş tutacaq parlament seçkiləri olacaq. Sözügedən proses ətrafında seçki öncəsi və sonralar müxtəlif şayiə və qeybətlərin artacağı təbii və gözləniləndir. Həmin bu şayiə və qeybətlərin şərti mətbəxi isə sosial şəbəkələrdir. Analogiyanı davam etdirsək, sözügedən şərti mətbəxin fəal aşbazlarının bizim demaqoq və psevdopatriotlarımız olduğunu da deyə bilərik. Əlbəttə ki, yalan maşınının, yəni həmin bu “mətbəxin” “əcnəbinskiy” sahiblərini də qeyd etməyi yaddan çıxarmamalıyıq.
Odur ki, bu günlərdə bilavasitə seçkilərlə bağlı siyasi maarifçiliyin əhəmiyyəti və aktuallığı kəskin şəkildə artmaqdadır. Müxtəlif növ manipulyasiyaların tələsinə düşməmək üçün hər bir vətəndaş səslənən fikirlərdə, dərc olunan yazılarda sətirlər arasında gizlənən bəzi siyasi həqiqətləri görməyi bacarmalıdır. Fakt odur ki, sosial şəbəkələr sayəsində ölkənin informasiya məkanının qeybətlərlə aşıb-daşması acı da olsa, obyektiv həqiqətdir.
Mövcud sosial-psixoloji qanunauyğunluqları nəzərə alaraq “qeybətin” digər məlumatlarla müqayisədə “kütlə” üçün daha cəlbedici olduğunu tərəddüd etmədən deyə bilərik. Qeybət mahiyyət etibarı ilə xoşniyyətli təzahür sayıla bilməz, çünki o bir çox önəmli məqamları diqqətdən kənarda saxlayır, demaqoqlar isə mövcud haldan çox gözəl faydalanırlar.
Təəssüflə vurğulamalı olsaq da, bu bir həqiqətdir ki, elm və maarifçilik susan yerdə ucuz demaqogiya tüğyan edir. Manipulyatorlarının siyasi torlarına, eləcədə ucuz demaqogiyaların şirin vədlər hipnozunun təsir altına düşməmək üçün vətəndaş mütləq olaraq həqiqəti müəyyən etməyi öyrənməlidir. Qeyd etdiyimiz həqiqəti isə vətəndaş informasiya məkanında öz əksini tapan rəqəmlərdə və yazılan mətnlərin, səslənən fikirlərin sətirlərinin arasında görə bilər.
Belə ki, kiçik bir yazı çərçivəsində oxuyucunu yormadan bir neçə məqama diqqət yetirək. Dərc olunmuş rəsmi məlumatlarda bildirilir ki, bu ilin 1 sentyabr tarixində keçiriləcək parlament seçkilərinə namizədliyini irəli sürənlər arasında müxtəlif peşə sahibləri var. Hazırkı seçki marafonunda təkcə təhsil işçiləri, hüquqşünaslar, həkimlər, jurnalistlər deyil, eyni zamanda, digər peşə sahibləri, hətta ali təhsili olmayan vətəndaşlar da iştirak edirlər. Demokratik ənənələrin formalaşmasının əhəmiyyətini dərk edən hər bir sağlam düşüncəli vətəndaş sözügedən hala yalnız sevinə bilər.
Qətiyyən şübhə etmirəm ki, əgər bu cür mənzərə Qərbin hər-hansı bir ölkəsində müşahidə olunsaydı, bizim bəzi boşboğaz psevdopatriotlar sözügedən halı məhz “parlaq” demokratiyanın təcəssümü kimi nümunə göstərməyə çalışardılar. Öz demaqoji çıxışlarında isə mütləq olaraq bu fikirləri səsləndirərdilər: “görürsünüz, baxın əsl demokratiya budur: Qərb ölkələrində hətta fəhlə belə, öz seçilmək hüququndan istifadə edə bilir”. Populistin ucuz tamaşasını izləyən sadəlövh vətəndaş isə bu cür “həqiqətlərə” sözün əsl mənasında heyrət edərdi.
Bəziləri görmək istəməsə də, mətbuatda yer alan və demokratik ənənələrinin inkişafına xidmət edə biləcək digər maraqlı rəqəmlər də diqqət çəkməkdədir. Belə ki, müxtəlif rəsmi informasiya resurslarında 1052 nəfərin deputatlığa namizədliyinin qeydə alındığı bildirilir. Elə ona görə də sosial şəbəkələr namizədlərin seçicilərlə təşkil etdikləri görüşlərinin foto və videoları ilə zəngindir ki, bu da müsbət haldır. Çünki gənc internet istifadəçisinin gözü bu cür mənzərələrə alışır və sözügedən təcrübə dolayısilə ölkədə siyasi iştirakçılıq mədəniyyətinin inkişafına xidmət edir. Odur ki, məsələ ilə bağlı bəzilərinin lüzumsuz sarkazmlarına qərəzdən başqa ayrı cür qiymət vermək mümkün deyil.
Diqqət etsəniz, rəsmi məlumatlarda qarşıdan gələn seçkilərdə 6500 nəfərə yaxın məşvərətçinin və 228 vəkilin olacağı qeyd olunur. İlk baxışda adi məlumat kimi görünsə də, bu kifayət qədər böyük rəqəm, əhəmiyyətli məqamdır və əslində bu şəxslərin səs və rəyinə inanmamaq, vətəndaş institutunun gücünə inanmamaq deməkdir. Şəffaflıq göstəricisi hesab oluna biləcək digər rəqəmlər də olduqca əlamətdardır: 52 mindən artıq şəxs seçkilərdə müşahidəçi qismində iştirak edəcəkdir. 52 min nəfər şəxs seçkilərə nəzarət etdiyini təsəvvür edin. Etiraf edib-etməməyimizdən asılı olmayaraq bu cür real statistika siyasi proseslərdə demokratik ənənələrin dərinləşdirilməsi üçün mükəmməl zəmindir. Onu da unutmayaq ki, parlament seçkilərində demək olar ki ölkənin bütün siyasi palitrası iştirak edir. Ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i sözügedən seçki marafonunda mübarizə aparır. Odur ki, sətirlər arasında və rəqəmlərin arxasında gizlənən həqiqətləri görməyi bacarmalı və unutmamalıyıq ki, demaqoqların emosiyaları məkrli niyyətlərini gizlədən effektiv alətdir.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ