Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Bu haqda Mərkəzi Seçki Komissiyasının noyabrın 27-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib. İclasda bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı da təsdiqlənib. Pənahov bildirib ki, bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək, yanvarın 6-dan başlayacaq, yanvarın 28-i 00-da dayandırılacaq.
Bələdiyyə seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti də məlum olub. Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddəsinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il dekabrın 10-da başlayıb, dekabrın 30-dək davam edəcək.
Qeyd edək ki, 25 noyabrda Prezident bir sıra bələdiyyələrin birləşdirilməsi haqda qanunu təsdiqləyib. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayı 1606-dan 685-ə enəcək. Bu isə o deməkdir ki, 1606 deyil, 685 bələdiyyəyə seçkilər olacaq. Yeni qanunun qəbulundan sonra bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması gözlənilir.
Ekspertlərin fikrincə, bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarını yaxşılaşacaq, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağını kifayət qədər artıracaq.
Beləliklə, faktiki olaraq yenilənmiş bələdiyyə seçkiləri keçiriləcək. Bəs bu yenilik ölkəyə nə qazandıracaq? Bələdiyyələrin səlahiyyətləri artırılacaqmı? Bakı bələdiyyəsi yaradılacaqmı?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bələdiyyələrlə bağlı müsbət proseslər gedir: “Bələdiyyələr müəyyən qədər öz funksiyasını yerinə yetirirdi, amma islahatlara ehtiyac var idi. Bələdiyyələrin məzmunlu fəaliyyəti üçün onların birləşdirilməsi, ərazilərinin genişləndirilməsi çox vacib idi. Keçiriləcək bələdiyyə seçkiləri bələdiyyələrin tarixində bir dönüş nöqtəsində olacaq. Dünyada bələdiyyə fəaliyyəti ilə bağlı yaxşı nümunələr var. Ən çox bizə yaxın olan qardaş Türkiyədə bələdiyyə nümunəsidir ki, orada bələdiyyələr yerli özünüidarəetmə sistemi kimi çox yaxşı səmərə verib. Tədricən Azərbaycanda da bələdiyyələrin səlahiyyətləri, funksionallığı o şəkildə artmalıdır. Şübhəsiz ki, bələdiyyələrlə bağlı Azərbaycanın öz modeli formalaşacaq. Prezidentin bələdiyyələrin birləşməsi ilə bağlı fərmanı da buna xidmət edir. Dünya təcrübəsindən istifadə edə bilərik, amma öz modelimiz olmalıdır. İndi gedən proses, islahatlar məhz o modelin formalaşmağa başlamasıdır. Hesab edirəm ki, ola bilər Bakı Şəhər Bələdiyyəsi də yaradılsın. Azərbaycanın yerli xüsusiyyətlərinə uyğun addım atılmalıdır. Növbəti bələdiyyə seçkiləri Azərbaycanda bələdiyyə idarəetməsinin formalaşmasında çox mühüm mərhələ olacaq. İslahatlar çərçivəsində yəqin ki, bələdiyyələrin səlahiyyətləri də artırılacaq, bəzi yerli qurumların səlahiyyətlərinin bir hissəsi bələdiyyələrə veriləcək”.
Arzuxan Əlizadə
AMİP sədri, deputat Arzuxan Əlizadə bildirdi ki, bələdiyyələrin, ümumiyyətlə, fəaliyyəti ilə bağlı bir çox problemlər mövcuddur. Bələdiyyələrin statusu, səlahiyyətləri ilə bağlı bir sıra təkliflər indiyə qədər irəli sürülüb: “Bu istiqamətdə indiyə qədər təkliflərimiz olub və bu gün də təkliflərimiz var. Böyük şəhər bələdiyyələri daxil olmaqla, bir sıra struktur dəyişikliklərinə gedilməsini təklif etmişik. İndi də o təkliflərimizin üzərinə dayanırıq. Amma onun da fərqindəyik ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu müddət ərzində bizim dediyimiz əsas köklü təkliflər konstitusion dəyişiklikləri özündə ehtiva etdiyi üçün yalnız referendum yolu ilə reallaşdırıla bilər. Bu səbəbdən artıq həmin təkliflərin reallaşdırılacağı mümkün görünmür. Eyni zamanda həm də o fikirdəyik ki, həqiqətən də bir çox bələdiyyələr əhalisi çox az olan yaşayış məntəqələrində formalaşdırılıb və bu da əlavə maliyyə yüküdür, əlavə problemlər yaradır. Bu səbəbdən də bir bələdiyyələrin birləşməsi, kənd bələdiyyələrinin birləşdirilməsi əslində vəziyyətdən çıxış üçün normal addımdır. Bələdiyyələrin səmərəli fəaliyyətinə mane olan ciddi problemlər qalmaqdadır. Ən ciddi problem bələdiyyələrin statusu və səlahiyyətləri ilə bağlıdır. Biz çalışacağıq ki, təkliflər verməklə bu problemlərin düzəldilməsi istiqamətində addımlar atılmasına nail olaq. Bu gün bələdiyyələr imkanları çox məhdud olan struktur vəziyyətində fəaliyyət göstərirlər. Bələdiyyələrin səlahiyyətləri artırılmalı və təsiretmə mexanizmlərinə malik olmalıdırlar. Bələdiyyələrin birləşdirilməklə sayının azaldılması növbəti seçkilərdə formalaşdırılacaq bələdiyyələrin əvvəlkilərdən daha səmərəli işləməsi üçündür”. Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev isə bildirdi ki, yerlərdə idarəçilik məsələsində islahatlar aparılması lazımdır. Bunu edərkən ilk növbədə dünya təcrübəsinə baxmaq məqsədəuyğundur. Dünyada bu istiqamətdə dörd təcrübə növü var. Azərbaycanda bunlardan biri tətbiq olunur: “Belə ki, həm yerli icra hakimiyyəti orqanları var, həm də yerli özünüidarəetmə orqanları olan bələdiyyələr mövcuddur. Lakin bələdiyyələrin səlahiyyətləri azdır. Bələdiyyələrin səlahiyyətinin azılığı problem mənbələrindən biridir. Ona görə də bələdiyyələrin səlahiyyətlərini artırmaq lazımdır. Təbii ki, bələdiyyələrin sayının azaldılmasına ehtiyac olub-olmadığı araşdırılıb və qərara gəlinib ki, sayın azaldılması məqsədəuyğundur. Mən hesab edirəm ki, ən vacib məsələ bələdiyyələrin səlahiyyətlərinin artırılmasıdır. Bələdiyyələrin maliyyə imkanlarının çoxalmasına gətirib çıxaracaq dəyişikliklər lazımdır. Bələdiyyələrin reklam lövhələri, onlara məxsus ticarət, iaşə, istehsal obyektləri, marşrut xətləri olmalıdır ki, gəlirləri olsun. Bələdiyyələrin fəaliyyətinin effektivliyini bu cür komplekt islahatları qanunvericilikdə həyata keçirmək və tətbiq etməklə artırmaq mümkündür”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ