İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki öncəsi Azərbaycana uzanan əllər - “Boykot” siyasətinin əsl üzü

2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkisi təyin edilib.

Artıq partiyalar dəyərləndirmə aparıb, prezidentliyə namizədlərini açıqlayırlar.

Bu seçki ekspertlər tərəfindən Zəfər seçkisi kimi də xarakterizə olunur. Çünki ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərini əhatə edəcək, bunun üçün önəmlidir. Bu seçkidən sonra həm hakimiyyət daxilində, həm də ölkədə ciddi dəyişikliklərin olacağı gözlənilir.

Son 3 ildə böyük tarix yaşamışıq. Elə tarix ki, yüz illər boyunca danışılacaq, müzakirə ediləcək, qürurumuz olacaq. Biz bu 3 ildə həm xalq kimi, həm dövlət kimi böyük işlər görmüşük. Qırılan qürurumuzu bərpa edib, üzərimizdə qurulan oyunları pozub, dosta sevinc, düşmən qəm yaşatmışıq.

Bütün bunların nəticəsidir ki, indi xaricdən idarə olunan şəxslərin narahat olduğunu görürük.

Bu gün Azərbaycan dövləti Qərbin yox, xalqının dediyini elədiyi üçün birinci tərəfin də hədəfinə tuş gəlib. Azərbaycanın öz torpaqlarını azad etməsi, haqq-ədaləti bərpa etməsi nədənsə Qərbi qıcıqlandırır və onlar buradakı uzantıları vasitəsilə Azərbaycanda seçki prosesinə kölgə salmağa cəhd göstərirlər.

ABŞ haqqında amerikalıların özlərinin belə bilmədiyi -

Siyasi sabitliyi pozmaq və ölkənin daxili məsələlərinə müdaxilə etmək arzusunda olan xarici qüvvələr seçki prosesini təxribatlar üçün “universal” fürsət yaradan amil kimi dəyərləndirir.

Azərbaycan Qarabağda zəfər qazandığı və qurulan oyunları pozduğu, öz ərazi bütövlüyünü bərpa etdiyi, bütün həqiqətlərini diktə edib 30 il işğal altında olan torpaqlarını azad etdiyi, BMT-nin 4 qətnaməsini müharibə yolu ilə qüvvəyə mindirdiyi üçün yenə də haqsızlığa məruz qalır.

Qərb yenə də hansısa məqamlarda öz istəklərini Azərbaycana diktə etməyə çalışır.

Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb.

Həmçinin, növbədənkənar seçkilərin keçirilməsi qərarından sonra AXCP üçün qurultayın keçirilməsinə icazə verilib və bu məqsədlə Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şərait yaradılıb.

Qeydiyyatdan söz düşmüşkən, gülməli odur ki, 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyənlər indi seçkini boykot edirlər.

Ekspertlər hesab edirlər ki, seçkilərə qərəzli şəkildə boykotun elan olunması xarici qüvvələrə xidmət edən siyasi təxribatdır. Heç şübhəsiz ki, siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir.

Məqsəd qeyd etdiyimiz kimi təxribatdır. Azərbaycan sabit ölkədir və burada hər hansı bir pozuculuq etməyə cəhd göstərən mütləq qanun qarısında cavab verir. Azərbaycan cəmiyyətinə də yad ünsürlərin sızması çox çətindir. Çünki xalq yaxşını pisdən ayırmağı bacarır. Ona görə də seçki bir fürsət kimi ələ düşüb.

“Boykot” siyasətdə prinsipial mövqeyin nümayişi deyil, o, bilavasitə təxribatlara yol açan siyasi hiylədir.

db10845a0b27d7314ed18a8b835526c8.jpg (132 KB)

Siyasi proseslərə nəzər saldıqda görürük ki, “kirli” texnologiyaların klassik növü hesab olunan “boykot”dan əsasən sabit ictimai münasibətlərdə emosional və qalmaqallı situasiyaları yaratmaq üçün istifadə olunur. Bu gün acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Adamlar illərdir ki, məğlub olurlar və bunun səbəbini özlərində deyil, başqa yerlərdə axtarırlar.

İllərdir ki, nə şüarları dəyişir, nə də davranışları. Bu gün həmin şəxslərin çoxu ancaq sosial şəbəkə üzərindən “like” yığmaq üçün çalışır. Bütün fəaliyyətləri sosial şəbəkə üzərindədir. Orada da pafos hökm sürür. Konkret iş ortaya qoyulmur.

Cəmiyyətin inkişafına və milli həmrəyliyə zərər verə biləcək əməllər bütün dövrlərdə radikalların fəaliyyətini xarakterizə edən əsas keyfiyyətlərdən olublar. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir.

“Boykot” texnologiyasının strateji hədəfi eyni zamanda cəmiyyətdə seçki ilə bağlı yalan məlumat və qərəzli şayiələrin yayılmasından ibarətdir.

“Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə, növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Lakin onların bütün mifləri Zəfər seçkisi qarşısında da puç olacaq!

Qafar Səfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR