İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki görüşlərində qaldırılan məsələlər: yerlərdə əhalini nə narahat edir - açıqlama

Fazil Mustafa: “İlk növbədə işsizlik problemindən şikayət olur və bu, çox ciddi bəladır; ikinci, sahibkarların problemləri kifayət qədərdir”

Hazırda ölkədə parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası aparılır. Bakıda namizədlər əsasən qapalı zallarda görüşlər keçirsələr də, bölgələrdə bir sıra aktiv namizədlər əhali ilə kəndlərdə, məhəllələrdə görüşür. Yayılan videolardan görünür ki, insanlar daha çox yol, su xətləri, işıq problemləri ilə bağlı kömək istəyirlər.

Bəs deputatlığa namizədlər bu məsələlərə qarışa, müvafiq orqanlar qarşısında məsələ qaldıra bilirmi? Namizədlər əhali ilə görüşlərdə vətəndaşların daha çox nədən narahat olduğunu müşahidə edir?

Deputatlığa namizəd, VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əhali ilə görüşdə ilk növbədə işsizlik problemindən şikayət olur və bu, çox ciddi bəladır. 

İkinci, sahibkarların problemləri kifayət qədər çoxdur, onların təşəbbüskarlığını həyata keçirmək imkanları xeyli məhduddur və bu da xeyli problemlər yaradır, onları həll etmək üzərində daha çox düşünürük. 

Amma qeyd etdiyim kimi, əsas işlə təmin olunma məsələsidir. Böyük əksəriyyət iş problemindən əziyyət çəkir.

Həmçinin əməkhaqlarının aşağı olması haqda şikayətlər çoxdur. Qazilər,  müharibə veteranları 80 manat alır ki, bununla da kommunal xərcləri ödəmək imkanları olmur. 

Təbii ki, yol və başqa məsələlər də var, amma çox geniş deyil".

Fazil Mustafa güllələndi

Fazil Mustafa

Fazil Mustafa qeyd edib ki, hədsiz mərkəzləşmə yerlərdə problemlərin həll olunmasına imkan vermir: “Gərək hər bir məsələ üçün yuxarı quruma çıxasan, məsələni onlara da  danışasan. Ona görə də çox çətindir.  Qurumlarla işləmək əsəb tələb edir. Bir çox hallarda məsələ həll edilməyəndə seçici qarışısında pis vəziyyətdə qalırsan. 

Amma  gücümüz çatan səviyyədə problemləri həll etməyə çalışırıq. Yazırıq, göstəririk, tələb edirik, bunlardan bəziləri yerinə yetirilir, bəziləri yerinə yetirilmir.

Xüsusən də bir sıra nazirliklər var ki, onlar ümumiyyətlə heç nəyə  diqqət yetirmir, hansısa bir vətəndaşla bizim aramızda olan münasibətlərin çözülməsinə dəstək vermir. 

Lakin elələri var ki, operativ olaraq öz  funksiyalarını yerinə yetirir və bu da sevindirici haldır ki, ən azı müəyyən məsələləri operativ həll etmək mümkün olur".

Natiq Cəfərli: “Manatla bağlı qərar verilə bilər” - | KONKRET

Natiq Cəfərli

REAL Partiyasından deputatlığa namizəd Natiq Cəfərli isə bildirib: “Bakının özündə belə vətəndaşlar tərəfindən kommunal, infrastruktur problemləri qaldırılır. Regionlarda isə bu məsələ daha qabarıqdır. Bu bir daha onu sübut edir ki, Azərbaycanda artıq yeni yerli özünüidarəetmə sisteminə keçid zamanı yetişib. Yəni ənənəvi icra hakimiyyətləri institutları özünü doğrultmur və vətəndaşların  gözləntilərinə cavab vermir. Ona görə də səlahiyyətləri artırılmış, birbaşa seçkilər yolu ilə seçilən bələdiyyə sədrlərinə ehtiyac var.  

Deputatlar təbii ki, bölgələrdə olan problemləri müvafiq  icra hakimiyyəti strukturları qarşısında rəsmi müraciətlər, məktublar vasitəsilə qaldıra, həllinə nail də ola bilərlər, bu, mümkündür. Lakin niyə yerli problemlərlə yerli bələdiyyələr məşğul olmasın. Vətəndaşların özlərinin seçdiyi bələdiyyə üzvləri gündəlik olaraq həmin məhəllə, qəsəbə sakinləri ilə üzləşəcəklər. Ona görə də bu məsələni yerli özünüidarəetmə institutunun gücləndirilməsi və icra hakimiyyətlərinin ləğvi ilə tamamlamaq lazımdır.

Mənim özümün namizəd olduğum Xətai seçki dairəsi Bakının mərkəzinə yaxın bölgə olsa da, orada da eyni problemlər, məsələlər qaldırılır. Belə ki, məhəllə yollarının  bərbad olması, məhəllələrin abadlıq məsələsi, idman meydançalarının olmaması və sairə. Bir çox vətəndaşlardan şikayətlər eşidirik ki, məhəllələrdə idman meydançaları yoxdur, uşaqlar əylənə, idmanla məşğul ola bilmirlər. Bütün bunlar yerli bələdiyyə səviyyəsində həll  olunası məsələlərdir. Parlament üzvləri isə  qanunvericiliyə təşəbbüslər, dəyişikliklərlə məşğul olmalıdır".

AĞ Partiya sədri, deputatlığa namizəd Tural Abbaslı qeyd edib ki, müxtəlif dairələrdə müxtəlif spesifik problemlər var: "Yəni həm regionların, həm də şəhərlərin özünəməxsus problemləri mövcuddur. Bir çox kəndlərdə su, yol, bəzilərində internet, qaz problemi var. Amma Bakı dairələrində qaz, su, işıq nisbətən qaydasında olsa da, insanlar daha çox işsizlikdən, şəraitsizlikdən şikayətlənirlər. Həmçinin Bakıda kütləvi şəkildə planlaşdırılmamış tikinti prosesinin getməsi, uşaqların oynama yerlərinin, insanların istirahət etməsi üçün öz binalarının önündə məkanların qalmaması məsələsi var. 

Bundan başqa, sosial müavinətlər, əlilliyin ləğv edilməsi məsələsi də var. Bu məsələlər çox aktualdır. Həmçinin qazı, şəhid ailələrinin  problemləri var. 

Əgər deputatlığa namizədlər yerlədə görüşlər keçirir və onlara qaz, su, işıq məsələsi ilə bağlı problemlər deyilirsə, bu o deməkdir ki, həmin dairədən olan bundan öncəki deputat 5 il işləməyib. 

Namizəd olaraq biz məlum orqanlar qarşısında məsələlər qaldırmırıq, lakin partiya olaraq son 5 ildir bütün orqanlar qarşısında müxtəlif problemlər üzrə məsələlər qaldırmışıq".

Onu da əlavə edək ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.

Bundan başqa, seçkilərlə əlaqədar seçki bülletenlərinin çapına da başlanılıb. MSK sədri seçki bülletenlərinin əsas seçki sənədlərindən biri olduğunu və vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O diqqətə çatdırıb ki, seçki bülletenləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada çap edilib başa çatdırılmalı, bütün proses ərzində Seçki Məcəlləsinin müvafiq müddəalarına dəqiqliklə əməl olunmalıdır. M.Pənahov, həmçinin Seçki Məcəlləsinə əsasən seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblərin MSK-nın qərarı ilə müəyyən olunduğunu və Milli Məclisə seçkilərdə 6 milyon 516 min 567 seçki bülleteni hazırlanacağını bildirib. MSK sədri seçki bülletenlərinin çapı və aidiyyəti üzrə aşağı seçki komissiyalarına paylanılması ilə bağlı zəruri tövsiyələrini də diqqətə çatdırıb.

Qeyd etmək lazımdır ki, seçki bülletenlərinin çap prosesi zəruri təhlükəsizliyin təmin edilməsi şərti ilə beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və seçkilərin iştirakçısı olan bütün maraqlı subyektlər üçün tamamilə açıq həyata keçirilir.

Həmçinin Milli Məclisə seçkilərlə əlaqədar 300 beynəlxalq müşahidəçi qeydə alınıb. MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 80 minə yaxın yerli müşahidəçi qeydiyyatdan keçib: “Bizim təxminimizə görə, bu rəqəm 100 mini keçəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR