İnsanlara hürriyət, millətlərə istiqlal!

Seçki başlamamış yenə referendum İDDİALARI

Bir sıra qanunları yeniləməyə ehtiyac var, amma zaman...

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar namizədlərini müəyyənləşdirib, müstəqil şəxslər ayrı-ayrı dairələrdən namizəd olublar. Namizədliyini irəli sürənlərdən rəsmi qeydiyyata alınanların sayı artır. Eyni zamanda, namizədliyini irəli sürən şəxslərin bir çoxu hazırda imza toplamaqla məşğuldur. İmzaların və digər sənədlərin DSK-lara təqdim olunması üçün son tarix 2 avqustdur. Təbliğat-təşviqat kampaniyası isə 9 avqustdan başlayacaq. 

Qeyd edək ki, növbədənkənar parlament seçkilərindən öncə Azərbaycanda referendumun keçiriləcəyi barədə iddialar yayılmışdı. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarışıq seçki sisteminə keçid ediləcəyi deyilirdi.

Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin önə çəkilməsi referendum barədə müzakirələri səngitdi. Buna baxmayaraq, bəzi ekspertlər və ictimai şəxslər referendum mövzusunun hələ aktual olduğunu düşünür.

Siyasi şərhçilər referendumun növbəti il, bələdiyyə seçkilərindən, bəziləri isə Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra keçirilə biləcəyini deyirlər.

İndiyə qədər bu barədə yayılan xəbərlərdə referendumda konstitusiyaya bir sıra mühüm dəyişiklərin ediləcəyi bildirilir. Bu dəyişiklərdən bir neçəsinin də məhz Milli Məclisə seçkilər və Milli Məclis üzvlərinin sayı ilə bağlı olacağı vurğulanır. Məsələn, hələ də rəsmi təkzib olunmamış xəbərlərdə qeyd olunur ki, proporsional seçki sistemi bərpa ediləcək, Milli Məclis seçkilər qarışıq sistemlə-həm proporsional, həm majoritar qaydada keçiriləcək, Milli Məclis üzvlərinin sayı 125 nəfərdən 151 nəfərə qaldırılacaq. 

Vüqar İsgəndərov seçkiyə qatılır? - QƏRAR - GlobalInfo.az

 Vüqar İsgəndərov

Gələn il referendumun olacağı ilə bağlı modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib ki, Azərbaycanda 2018-ci ildən Prezident İlham Əliyev tərəfindən geniş əhatəli islahatlar paketi icra olunur: “Əsasən 2020-ci ildə əldə edilən qələbə və ondan yaranan yeni siyasi reallıqlar ölkəmizi həm geopolitik, həm də qlobal aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarır və gün keçdikcə daha böyük vüsət alır. Siyasi institutların yenilənməsi, yeni çağırışlara uyğunlaşmaq məsələləri də prioritetdir. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. Əsasən siyasi institutlarda sabitlik bərqərar olunmalıdır. Azərbaycan Prezidenti növbədənkənar Prezident seçkilərinin keçirilməsi üçün sərəncam verdi. Bundan sonra xalq yenidən cənab İlham Əliyevi öz lideri olaraq seçdi. Bunun ardınca Parlament seçkilərinin növbədənkənar keçirilməsi də reallıqların tələbidir. İlk dəfə olaraq ölkəmizin bütün ərazisində vətəndaşlarımız öz nümayəndələrini Parlamentə seçəcəklər. Qarşıda olan COP29 tədbirinin seçkilərlə eyni dövrə təsadüf etməsi seçkilərin vaxtının dəyişdirilməsini labüd etdi. Dekabrda bələdiyyə seçkilərinin də keçirilməsi təmin ediləcək. Dövlətimiz bütün seçkilərdən üzüağ, alnıaçıq çıxacaq. 

Geniş müzakirə olunan məsələlərdən biri də referendum keçirilməsi ilə bağlıdır. Uzun müddətdir həm siyasi məkanda, həm də məişət zəminində bu məsələ müzakirə olunur. Yüz illərlə dəyişilməz qalan qanunların sayı çox azdır. Qanunlar ya dəyişir, ya da siyasi tələblər və yeni çağırışlar nəticəsində islahatlar həyata keçirilir. Ölkəmiz də bu işlərdə iştirak etməli, lazımi islahatları həyata keçirilməlidir. Zaman-zaman bəzi qanunda dəyişikliklərə, referendumların keçirilməsinə ehtiyac duyulur. Bu bütün dünya dövlətlərinin keçdiyi bir yoldur. Bunlar ölkə başçısının səlahiyyətlərinə aiddir. Hələlik qarşıda parlament seçkilərimiz və sonrasında da bələdiyyə seçkiləri durur. Referendumun keçirilməsi həyata keçiriləcəksə, bir sıra müddəalar yenilənməlidir".

V.İsgəndərov qeyd edib ki, referendum olacaqsa, orada kifayət qədər maddələr, yeni qanunlar öz əksini tapacaq. Amma onun hazırda keçirilməsinin vacib olub-olmaması, yaxud nə vaxt keçirilməsi məsələsi aktual deyil: “Çünki qarşımızda parlament və bələdiyyə seçkiləri var. Təbii ki, referendum məsələsi labüd olacaqsa, bu xalqın iradəsi ilə bağlıdır. Buna uyğun olaraq da ölkə Prezidenti referendum keçirilməsi ilə bağlı hüququndan istifadə edəcək. Düşünürəm ki, zamanı gələndə referendumun keçirilməsi təmin ediləcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR