Onlayn ictimai-siyasi qəzet
Milli Məclis deputatlarının hər biri olmasa da, bir çoxunun yerlərdə vaxtaşırı vətəndaş qəbulu keçirdikləri onların sosial şəbəkələrdə paylaşımlarından müşahidə olunur.
Bəs, seçicilər deputatlar qarşısında əsasən hansı məsələləri qaldırırlar?
72 saylı Cəlilabad kənd seçki dairəsindən deputat Elman Nəsirov Musavat.com-a bildirib ki, ayda minimum iki dəfə seçicilərlə görüşlər keçirir:
“Bu görüşlər çərçivəsində seçiciləri narahat edən problemlər müzakirə olunur. Onlar üzləşdikləri problemləri dilə gətirirlər. Bu problemlərə gəldikdə, qeyd edim ki, mənim deputatı olduğum 72 saylı Cəlilabad kənd seçki dairəsində olan kəndlərin böyük bir qismi İranla sərhəd bölgəsindədir. Parlamentdə də bir neçə dəfə çıxış edib bildirmişəm ki, regionların sosial-iqtisadi inkişafına dair 4 dövlət proqramı qəbul edildi və bunun nəticəsində regionlarımızın siması kökündən dəyişdi. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin fəlsəfəsindən irəli gəlir. Cənab Prezidentin yürütdüyü sosial siyasətin mərkəzində vətəndaşların rifahı dayanır.
Eyni məntiqlə Milli Məclisdə təklif etdim ki, sərhədyanı bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı əlahiddə dövlət proqramı qəbul edilsin. Sərhəddə olan yaşayış məntəqələrini gördükdə dövlətin ümumi vəziyyəti ilə bağlı təsəvvür formalaşır. İranla sərhədboyu kəndlərin inkişafı məsələsi təkcə iqtisadi, demoqrafiya məsələsi deyil, həm də siyasi məsələdir. Ona görə də təklif etmişəm ki, xüsusilə İranla sərhədboyu kəndlərimizə diqqət daha da artırılmalıdır və doğrudan da bu istiqamətdə artıq xeyli işlər görülüb.
Xüsusilə, “Azərişıq” ASC-nin bu istiqamətdə fəaliyyətini qeyd etmək istəyirəm. Kəndlərimizdə seçicilər qazlaşma məsələsini qaldırırlar. İranla sərhəd kəndlərimizdə qaz probleminin həlli istənilir. Kəndlərdə keçirdiyim görüşlərdə 4 kənddən mənə çoxlu sayda məktublar da təqdim olundu. Bu məktubları SOCAR prezidentinə və “Azəriqaz” rəhbərliyinə göndərmişəm. Hər iki təşkilatdan cavab məktubu almışam ki, 2026-2030-cu illər üçün bu istiqamətdə müvafiq dövlət proqramı qəbul ediləcək və həmin müddətdə mərhələli şəkildə bu məsələ həllini tapacaq.
İndiyə qədər 4 kəndin “Azəriqaz”ın daxili imkanları hesabına qazlaşdırılması həyata keçirilir. Daha 5 kəndin yaxınlarda daxili imkanlar hesabına qazlaşdırılmasına söz verilib.
Əsas məsələlərdən biri məktəb problemi ilə bağlıdır. Bugünlərdə olduğum Abışabad, Adnalı kəndlərində məktəblər bərbad vəziyyətdədir. Ölkəmizdə məktəb tikintisi və məktəblərin təmiri istiqamətində böyük işlər görülüb və görülür. Elə Cəlilabadın özündə də bu istiqamətdə böyük işlər görülüb. Pərdi kəndində məktəbin acınacaqlı vəziyyətdə olduğu məsələsini qaldırdıq və orada yeni məktəb tikdilər.
Digər bir neçə kənddə də keçirdiyim görüşlərdə məktəblə bağlı problemlərin həlli məsələsi qaldırılır. Biz də bu məsələlərin həlli üçün çalışırıq. Kəndarası avtomobil yollarının çəkilməsi üçün də seçicilər müraciətlər edir”.
90 saylı Ağsu seçki dairəsindən deputat Elçin Mirzəbəyli isə deyib ki, vətəndaş qəbullarında və seçicilərlə fərdi görüşlərdə, eləcə də onların yazılı, şifahi müraciətlərində əsasən deputatın səlahiyyətlərinə nəinki birbaşa, hətta dolayısıyla da aidiyyəti olmayan məsələlərə toxunulur:
“Bu da təəccüblü deyil. Çünki zamanında bəzi insanların məqsədyönlü şəkildə apardıqları təbliğat nəticəsində belə bir rəy formalaşdırılıb. Bu stereotipləri isə qısa müddət ərzində dağıtmaq çox çətindir, amma mümkündür.
Müraciətlərin əhəmiyyətli hissəsini işlə bağlı müraciətlər təşkil edir və müraciət edənlərin çoxu da bir qayda olaraq heç bir peşə, ixtisas sahibi olmurlar. İkinci sırada müxtəlif səbəblərlə maddi yardım istəyənlər, kredit borclarının bağlanması və s. dayanır. Üçüncü sırada “İcbari sığorta haqqında” Qanundan məlumatsız olan şəxslərin əməliyyat və digər məsələlərlə bağlı müraciətləri yer alır. Dördüncü, sonuncu sırada isə rayon əhəmiyyətli məsələlər - məktəb, yol, su, işıq və s. bu kimi problemlərin aradan qaldırılmasına yardım istəyi durur.
Bir qayda olaraq bütün müraciətləri dinləyir, cavablandırır və aidiyyəti qurumlara əsaslandırılmış sorğu göndərir, nəticə əldə etmək üçün bütün qanuni vasitələrdən istifadə edirəm.
Eyni zamanda deputatın, qanunverici orqanın fəaliyyəti ilə bağlı marifləndirmə işini aparmağı da özümə borc bilirəm. İnsanlarla açıq, dürüst və səmimi danışanda, hər kəsə açıq olanda onların əksəriyyəti səni başa düşür. Seçicilərim arasında fəaliyyətimə dəstək verən, niyyətimi doğru başa düşən insanların sayı kifayət qədərdir. Onların hər birinə dərin minnətdarlığımı bildirirəm”.
Etibar Seyidağa,
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ