Onlayn ictimai-siyasi qəzet
Bizdə qədim və dəyişməz bir adət var: vəzifədən gedəni (götürüləni, qovulanı) pisləmək, yerdən-yerə çırpmaq və vəzifəyə yeni gələni tərifləmək, göyə qaldırmaq, ona çoxlu və müxtəlif təyinatlı ümidlər bəsləmək.
İndiyə qədər həmişə belə olub. Nazir, komitə sədri, İH başçısı vəzifələrinə yeni təyin olunanları xatırlayın. Hamısı “layiqli kadr”dır, “düzgün seçim”dir, hamı ümidvardır ki, adam “etimadı doğruldacaq” və s.
3-5 ildən sonra həmin “layiqli kadr” vəzifədən götürüləndə isə ritorika dəyişir, belə olur: “Bacarıqsız imiş”, “öz maraqlarını güdüb”, “korrupsiya əməlləri aşkarlanıb”, “etimadı doğrultmayıb” və s.
Elə böyük vəzifə olmasa da, futbol üzrə Azərbaycan milli komandasının başına portuqaliyalı mütəxəssis Fernando Santuşun təyin olunması zamanı isə heç kəs onun “layiqli kadr” olmasını danmasa da, tam əksəriyyət ona etimad bəsləmir və uğur qazanacağına ümidvar deyil.
Bunun çox səbəbi var. Birincisi, odur ki, topumuz yoxdur. Bu, məşhur lətifənin replikasıdır, amma ona azacıq düzəliş edib, “topla oynayanımız yoxdur” kimi deyə bilərik.
Razılaşaq ki, topla yaxşı oynayanlarımız azdır. Bu da ağır oldusa, “biz topla kollektiv şəkildə yaxşı oynaya bilmirik” yumşaltmasından aşağı yeri yoxdur. Həqiqət bundan ibarətdir.
Ona görə də bizə elə bir məşqçi lazımdır ki, o, fərdi ustalığı olan ayrı-ayrı oyunçuları bir kollektivdə saat mexanizmi kimi, kombayn kimi işlədə bilsin. Yoxsa Fateh Terim kimi biri gəlib “uşaqlar, özünüz bilirsiniz, necə oynamaq lazımdır, çıxın, oynayın” deyəcəksə, bunu Arif Əsədov da deyə bilər, Samir Abbasov da.
Karlos Alberto Torresdən bu günə qədər Azərbaycan millisini çalışdırmış bütün əcnəbi mütəxəssislər məhz bu cür ediblər, müdafiəçilərə “top üstünüzə gələndə vurun qabağa”, yarımmüdafiəçilərə “irəli də gedin, arxaya da gəlin”, hücumçulara isə “əlinizə düşən qol vəziyyətini qaçırmayın” deyiblər. Bunu adi idman jurnalistləri onlardan daha təsirli ifadə edə bilər.
Gerçəklik budur ki, bizdə indiyə qədər milli komandanın oynadığı futbola elmi, analitik yanşma olmayıb, futbolçuların psixoloji və fizioloji hazırlanması bərbad olub, onlara məğlubiyyətdən qaçmağın, qalib gəlməyin variantları savadlı şəkildə öyrədilməyib. Bəlkə də məşqçilər korpusu oyunçuları toplayaraq, onların qarşısında monitorda hansısa parlaq matçın videoyazısını pultla idarə edə-edə analiz etməyib. Deyəcəkləri bu olub: “Bu gün matçımız var. Kşi kimi oynamalıyıq”.
Zəif komandaları dünya və Avropa çempionatının final mərhələsinə çıxaran məşqçilər olub. Kamerun millisinin 1986 və 1990 dünya çempionatlarındakı parlaq oyununa qədər baş məşqçi Anatoli Bışovetsi heç öz vətəni Rusiyada da tanıyan yox idi, ancaq adam uğurlu məşqçiliyi ilə dünyada tanındı, tarixə düşdü. Yunanıstan millisini ölüm-zülümlə Avropa çempionu edən Otto Rehagel də eləcə. Adam bütün Avropaya sübut etdi ki, ortadan aşağı səviyyəli oyunçularla mobil komanda qurmaq və sırf siyasətlə, oyun hiyləgərliyi ilə çempion olmaq olar.
Nə qədər nailiyyətləri olsa da, F.Santusun uğurlu məşqçi olmayacağına inananlar ona görə bu fikirdədirlər ki, adamın yaşı 70-ə dirənib və onun müasir futbolun trendlərini nə dərəcədə bildiyi və ona ayaq uydurduğu bəlli deyil. Təkcə son 5 ildə futbolda xeyli taktiki dəyişikliklər baş verib. Futbol çox sürətlənib, indi yarımmüdafəçi əli çənəsinə qoyub kimə ötürmə edəcəyini uzun-uzadı fikirləşə bilməz, yarım saniyədə qol ötürməsi verdi, verdi, vermədi, topuğundan vuracaq, topu ayağından alacaqlar.
Düzdür, istər klublarda, istərsə də milli komandalarda uğur qazanmış yaşlı məşçilər də var, amma onların sayı azdır, əksər komandalarda yaşı 40-ın üstündə və ya bir azca altında olan yeni məşqçilərə üstünlük verirlər. Xavi, Alonso, Zidan, Arteta, Runi, Emre Belozoğlu, Okan Buruk dünənə qədər futbol oynayırdılar, bu gün dünyanın ən güclü komandalarına rəhbərlik edirlər.
Xarici mütəxəssis dəvət etmək faydalıdır, amma milli komandaya nəsə verəcək birini cəlb etmək lazımdır. Yerli mütəxəssislərdən fərqli olaraq onlara bir xaral pul verilir, amma çoxu yerli məşqçilər qədər faydalı ola bilmirlər. Məşhur ad dalınca qaçmaq lazım deyildi, futbol karyerasını yeni bitirmiş, intellekti ilə tanınan bir gənc məşqçi tapmaq lazım idi. O özünü göstərmək, adını çıxarmaq üçün daha çox canfəşanlıq edəcəkdi, keçmiş şöhrətinin piroqunu yeyən təqaüdçüdən fayda gəlməz.
Üstəlik, o qədər pulu israf etmək düzgün deyil. Yerdən çıxmır. Daha dəqiqi, yerdən çıxsa da, heyifdir, xərcləyəsi yerlərimiz çoxdur.
Kaş ki, Santuş millinin başında elə bir uğura imza atsın ki, gələn il bu vaxt “keçən il bir şeylər yazmışdım, amma çıx yanılmışam” yazmaq mümkün olsun.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ