Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli futbol komandası Belarusla yoldaşlıq görüşü oynayan gecə Argentina-Braziliya qarşılaşması da vardı, zaman fərqinə görə Bakı vaxtilə saat 04-də... Milli komanda ilə bağlı indi hər şey o qədər aydındır ki, onun oyununa baxmaq lazımsız əsəb gərginliyidir, adam bu oyunlara görə ekran qarşısında belə utanır. Ona görə Azərbaycan-Belarus oyununu buraxdım, onun əvəzinə yuxumu alıb Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandaların oyununa baxdım (Görüşdə Argentina 4:1 hesablı qələbə qazandı, xallarının sayını 31-ə çatdıraraq 2026 mundialına vəsiqəni təmin etdi).
Azərbaycanın bəzilərinin xəritədə yerini belə çətinliklə tapdığı cırdan, üstəlik qeyri-sabit Haiti ilə yoldaşlıq görüşündən sonra Belarusa da uduzdu. İki yoldaşlıq görüşündə oyunda qapısından 5 top buraxıb, bir dəfə də fərqlənə bilməyib. İndi Avropada meydanlarında bu cür primitiv, sistemsiz, ruhsuz oyun göstərən milli komanda yəqin ki, yoxdur. Qarabağ işğalda olanda həmişə milli komandanın uduzmaqlarına özüm üçün bəhanə tapardım. “Torpağı işğalda olan ölkənin milli komandası da uğur qazana bilməz” deyirdim. 5-ci ildir ki, Qarabağımız azaddır, amma bu milli komanda üzümüzü güldürmür, Azərbaycanın adına layiq oyun göstərmir, əksinə ölkənin adını batırırlar. Ermənilərin oyunu başlarına dəysin, amma Gürcüstana millisininin, Qazaxıstanın uğurlarına baxın... Torpağında müharibə gedən Ukrayna belə meydanda da döyüşür, Azərbaycan milli komandası isə məğlubiyyətləri sıralayır.
Ötən ilin yayından milli komandaya rəhbərlik edən portuqaliyalı mütəxəssis Fernandu Santuş Belarusla oyundan sonra “karyeram boyu bu qədər uduzmamışdım” deyəndə əslində özünə deyil, Azərbaycana sitəm edib. İndi çox miskin, komandası üçün canın yanmadığı aşkar görünən Santuş zamanında “Benfika”, “Portu”, “Sportinq”, “Panatinaikos” kimi klublara, Yunanıstan, Portuqaliya və Polşa millilərinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu oldu.
Portuqaliyadan ayrıdıqdan Polşa millisinə rəhbərlik etməyə başlayan Santuş burda cəmi 8 ay duruş gətirə bildi. Ötən ilin yanvarında “Beşiktaş”a da baş məşqçi təyinatı da fiaskoya uğradı- yanvarda işə başladı, apreldə klub onunla müqaviləni pozdu. Santuş yəqin ki, Azərbaycan millisinə rəhbərliyə ona görə razılıq verdi ki, bu komandada əcnəbi məşqçiləri yalnız o halda “qovurlar” ki, baş məşqçi məsələn, ailə-məişət problemləri səbəbindən burada qalmaq istəmir, necə deyərlər özü “məğlubiyyətdə doyur”... Baş məşqçi istefaya nə vaxt gedəcəyi haqda suala “bu mənə aid deyil, mənim müqaviləm var” deyib. Müqavilə Azərbaycan xalqından gizli saxlanılan razılaşmaya deyir. İllərdir AFFA milli komandaya gətirdiyi əcnəbi məşqçilərə nə qədər pul verdiyini “dövlət sirri” kimi saxlayır. İndi bu müqaviləyə vaxtından əvvəl birtərəfli xitam verilərsə, Santuşa həm də kompensasiya verilməlidir. Santuş da bilir ki, nə qədər uduzsa da, hələ istefaya göndərən olmayacaq.
Santuş heyətlə işləyən məşqçidir. Məsələn, Bruno Fernandesi və ya Bernardo Silvanı Portuqaliya millisi üçün o yetişdirməyib, bu futbolçular oynadıqları klublarda püxtələşiblər. Bunu bir dəfə də yazmışdım ki, Santuşdan nəticə istəməzdən öncə ona müasir futbolu oynaya bilən, bu tələblərə fiziki olaraq cavab verən futbolçular da verməliyik. Mahir Emrəli Almaniyanın ikinci liqasındakı “Nürünberq”in ixtiyarındadır, amma oyunundan çox narazılıq xəbərləri ilə gündəmdədir. Yoldaşlıq oyununda hakimlər belə sarı kartı göstərməyə o qədər də həvəsli olmurlar, təsəvvür edin ki, Haiti ilə oyunda Elvin Cəfərquliyev hakimlə mübahisə etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub. Elvin meydanı tərk edərkən baş məşqçi Santua saymazyan hərəkəti də diqqət çəkib.
Son iki oyunda milliyə yerli klublarda oynayanların sayı artıb. Amma keyfiyyət yoxdur. Yalnız Avropa təcrübəsi olan “Qarabağ”ın oyunçuları fərqlənməyə çalışırlar, “bir güllə isə bahar olmaz”.
Portuqaliyalı çox təcrübəli baş məşqçi olsa da, onun işlədiyi komandalarda avtoritet olması şübhəlidir. Santuşun Portuqaıiyadan (2022-ci ildə) göndərilməsinə əsas səbəb kimi Ronaldo ilə gərgin münasibətləri göstərilirdi. İddia olunurdu ki, forvardı vacib qarşılaşmalarda ya meydana əvəzetmə ilə buraxması, ya da sonadək oynatmaması bu istefaya səbəb olub. Məşqçi komandada avtoritet olmadısa, ona “ağsaqqal kimi” hörmət edilirsə, nə baş məşqçi, nə komanda uğur qazan bilər... Alın, bu da sizə məğlubiyyətə daha bir səbəb...
Nazim SABİROĞLU
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ