İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamxaninin İrəvan səfəri: terrorçu ölkə ilə təhlükəsizlik  müzakirələri

Ermənistan ordusu bu gün də Kəlbəcəri atəşə tutdu. Artıq ənənə halını alıb. Rəsmi məlumata görə, iyulun 7-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə məruz qalıb.

Azərbaycan ərazisi Ermənistan tərəfdən atəşə tutulduğu saatlarda İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İrəvanda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla “təhlükəsizlik” mövzusunu müzakirə edirdi. Absurdluğun son həddidir əslində. Qonşusunun ərazilərini on illərdir işğalda saxlayan, burnu ovulandan sonra belə, sınıq-salxaq, islaholunmaz küçə uşağına bənzər ordusunun əl-ayağını bir yerə yığa bilməyən ölkə ilə danışılası ən sonuncu mövzudur bu...Təkcə Azərbaycana deyil, elə bütün qonşularına hər mənada təhlükə olan Ermənistanla bu mövzuda danışmağın özü belə, acı gülüş doğurur.

İran ölkənin Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxanini Ermənistana səfərə yollamaqla növbəti dəfə balansı pozmuş oldu. Əslində, Ermənistana yox, Azərbaycana gəlməliydi Şamxani. Qarabağa getməliydi, erməni işğalının vurduğu zərbələri gözləri ilə görməliydi, dağıdılan məscidlərə yaxından baxmalıydı, şumlanan qəbristanlıqlarımıza, qızıl axtaran vandalların dağıtdığı qəbirlərə, sındırdığı baş daşlarına baxıb, Tehrana qayıtmalı, sonra da cürəti çatırsa, “biz müsəlman qonşumuzla bağlı siyasətimizdə səhvə yol vermişik”, etirafı etməliydi. Amma o gedib ərazi bütövlüyü ilə bağlı İranın mövqeyini İrəvanda ifadə etdi. Unutmamışıq, Azərbaycan ordusu torpaqlarımızı azad edərkən Tehrandan davamlı şəkildə “Ermənistanın ərazi bütövlüyü İran üçün qırmızı xətdir”, bəyanatları eşidilirdi.

sss.jpg (28 KB)

Bu dəfə də Şamxani oxşar mövqedən çıxış etdi. Sanki beynəlxalq konvensiyalarda ərazi bütövlüyü məsələsi yalnız Ermənistana şamil olunurmuş ki, Şamxani də o sayaq davranıb...Unutmamışıq, Azərbaycanın torpaqları işğal altında olduğu 30 il ərzində İran qırmızı xətlər barədə bir cümlə belə danışmadı. Nə qədər əcaib də görünsə, indi Ermənistanın ərazi bütövlüyünə heç bir təhlükənin olmadığı halda belə, İran rəsmiləri bəyanatı bəyanat ardınca verirlər. Əli Şamxani hələ İrəvana gələrkən jurnalistlərə demişdi ki, İran regionun geosiyasətində dəyişikliyə səbəb olan istənilən addımın əleyhinədir. Bu bəyanatı 2020-ci ilin 27 sentyabrınadək niyə eşitmədik? İki il əvvəl, elə iyul ayında Ermənistan ordusu Tovuz rayonu istiqamətində hücuma keçdi, amma Tehrandan eyni məzmunlu bəyanat gəlmədi. Bəlkə erməni ordusu üstümüzə gül-çiçəklə gəlirdi?! Nikol Paşinyanın Tehrandakı Ararat (?!-E.P.) idman klubunda “Qarabağ Ermənistandır” şüarını səsləndirməsini, eyni iddianın əks olunduğu plakatın qarşısında şəkil çəkdirməsini, İranın bu həyasızlığa heç bir reaksiya verməməsini də unutmadıq.

nikol_selfisi.jpg (71 KB)

Bax beləcə, İran rəhbərliyindəki Ermənistan sevgisi tükənmir ki, tükənmir. Təbii ki, bunun xeyli səbəbləri var. Elə səbəblər ki, İran İslam Respublikasının məscidləri dağıdan, Allahın evində inək, donuz saxlayan ermənilərə münasibətini dəyişmir, əksinə, getdikcə mehri-məhəbbətini artırır. Təəccüblü deyil bizimçün, İran həmişə Ermənistanın yanında olduğunu nümayiş etdirib, bu siyasətini indi də davam etdirir. Ədalətli davransaydılar, İrəvan xanlığında törədilən cinayətlərin hesabını istəyərdilər...

Rəsmi məlumatda deyilir ki, İran və Ermənistan Təhlükəsizlik Şurasının katibləri iki ölkə arasında çoxsahəli əməkdaşlığın davamlı inkişaf tendensiyasına toxunublar və bu kontekstdə ikitərəfli iqtisadi qarşılıqlı fəaliyyətin vacibliyini və onun inkişafının zəruriliyini qeyd ediblər.

Ermənistan-İran iqtisadi əlaqələri və xüsusilə Zəngəzur bölgəsinin inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanıb. Diqqət edin, Azərbaycan Şərqi Zəngəzurda erməni vandalizminin vurduğu zərbələrin fəsadlarını aradan qaldırmaq üçün böyük vəsaitlər xərcləyir, gecəli-gündüzlü işlər gedir. İran isə Qərbi Zəngəzurun inkişafının dərdini çəkir tez-tələsik. Üstəlik də bildirilir ki, tərəflərin Mehri Azad İqtisadi Zonası və Şimal-Cənub yol dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi hər iki tərəf tərəfindən yüksək qiymətləndirilib. Yenə də Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın hədəflərinə maneçilik cəhdləri ortada. Azərbaycan İranla alternativ marşrutla bağlı müqavilə imzalayıb, Araz çayı üzərindən keçməklə Naxçıvana dəhlizin açılması barədə anlaşma var. Bu mənada İran Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın baş tutmaması üçün əlindən gələni edəcək, şübhəsiz. Təsadüfi deyil ki, Armen Qrigoryan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasından bəhs olunduğunu, ancaq dəhlizlə bağlı hər hansı məsələnin müzakirə olunmadığını iddia edib. Əli Şamxani isə məhz bu kontekstdə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət edilməli olduğunu bildirib. Dolayısı ilə İran Zəngəzur dəhlizinin açılması məsələsinə ərazi bütövlüyünün pozulması kontekstində yanaşır... “Xoruzun quyruğu” görünür, Rusiyanın belə açılmasında maraqlı olduğu Zəngəzur dəhlizinə, pərdə arxasında mane olan əsas qüvvə ortaya çıxır...

1646290935_1v8yj_1637468297_051 (1).jpg (54 KB)

Və tərəflər dialoqu davam etdirmək üçün növbəti dəfə Ermənistan-İran sərhədində görüşmək barədə razılığa gəliblər. Maraqlı gəlişmələrdir....

Bundan əvvəl də xeyli mesajları olub. Torpaqlarımızı işğaldan azad etdiyimiz 44 gün ərzində də İran quru qoşunları komandanlığı Arazboyunca zirehli texnika, artilleriya, çoxsaylı şəxsi heyətin iştirakı ilə Azərbaycanla sərhəddə “Xeybər fatehləri” hərbi təlimlərinə başlamışdı. Belə təlimlər niyə 1992-ci ilin 8 mayında, elə Tehranda Ermənistan-Azərbaycan danışıqlarının keçirildiyi gün Şuşa şəhərinin işğal olunmasının qarşılığında keçirilməmişdi? Axı, bu işğal həm də İranın vasitəçilik “siftəsi”nə tüpürmək idi. Amma İrandan Ermənistana nəinki təpki olmadı, hətta Şuşadakı Yuxarı Gövhərağa məscidinin tarixi görünüşünü İran şirkətləri “təmir” adı ilə dəyişdirməyə çalışdılar. Tehrandakılar susdular təbii ki...

Ermənilər etiraf edirlər ki, 90-cı illərdə onlar Mehridən keçən dəmir yolu ilə Horadizə, oradan da Xankəndiyə yanacaq və sair məhsullar daşıyırmışlar. Sonra isə həmin dəmir yolunu elə özləri söküb-dağıdıblar. Amma İran bircə dəfə ordusunu Araz sahilinə toplayıb, müsəlman qonşusunun ərazilərini tar-mar edənlərə sərt üzünü göstərmədi. Arazqırazı Zəngilan, Cəbrayıl, digər bölgələr işğal ediləndə də...Elə dövlətimizin başçısı da haqlı olaraq sual etmişdi.

Sitat: “Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi? Niyə bu biz bu torpaqları azad edib 30 illik əsarət və işğala son qoyandan sonra edilir?”

Bəli, cavabsız suallar çoxdur. Üstəlik, işğal dövründə İran Ermənistanla Araz çayından müştərək istifadə ilə bağlı anlaşmaya getdi...Arazı adlayıb Azərbaycan ərazisinə keçən maşınlarla Qarabağdan nələr daşıdılar illər boyunca!

Hətta işğala son qoyulandan sonra belə, İran TIR-larının Xankəndiyə qanunsuz olaraq yanacaq daşıması faktları dövlətimizin kəskin reaksiyası, Prezident İlham Əliyevin sərt münasibəti nəticəsində dayandırıldı. Sonra da Azərbaycan Gorus-Qafan yolunda polis postu qoyaraq İrana məxsus yük maşınlarını yoxlamağa başladı, gömrük rüsumu tələb etdi...İran qıcıqlıdır. Səbəblər çoxdur qeyd etdiyimiz kimi... Türkiyənin TRT kanalı vaxtilə iranlı jurnalist Fatimə Kərimxaniyə istinadən xəbər yaymışdı ki, İran Ermənistanın işğal etdiyi ərazilər üzərindən əsasən gömrük rüsumlarını ödəmədən Rusiya və Qərbi Asiyaya çıxış əldə edirdi. İndi bu cür yağlı tikə əldən çıxıb...Sanksiyalar burulğanında gün-gündən vəziyyəti pisləşən İran hazırda Təbrizdən Nurduz sərhədinə qədər yol çəkmək, Ermənistanla bu kommunikasiya dəhlizinin tamamlanmasına çalışır. Bir müsəlman ölkəsi üçün müsəlman qonşusuna qarşı olmazın cinayətlər törətmiş terrorçu Ermənistan nə qədər önəmliymiş...

Azərbaycan Prezidenti nə demişdi?

Xatırlayaq: “Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy onların xalqları buna cavab versinlər”.

maxresdefault.jpg (179 KB)

Suallar indi də aktualdır: cavab versinlər!

Gəncənin dinc sakinlərini yatdığı yerdə qətlə yetirən terrorçu ölkə ilə təhlükəsizlik məsələsini müzakirə etmək heç bir ölkənin rəsmisinə yaraşan hərəkət deyil, xüsusilə də müsəlman ölkənin təmsilçisinə. Necə deyərlər: Allaha da acıq gedər, bəndəyə də...

Elşad PAŞASOY » Reportyor.az

Elşad Paşasoy,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR