Onlayn ictimai-siyasi qəzet
İosif Stalinin marşal və generallar arasında Konstantin Rokossovskiyə xüsusi rəğbəti olub. Xüsusilə sovet-alman müharibəsi illərində onların arasında isti münasibətlər hökm sürüb. Stalin mütəmadi olaraq ağır cəbhələrdə xidmət edən Rokossovski ilə telefon danışıqları aparıb, ona inamını, güvənini gizlətməyib. 1944-cü ildə isə Stalinin zəngi Rokossovskini təəccübləndirib.
Marşal telefonda bir neçə dəqiqə Stalini dinlədikdən sonra ərkyana soruşub:
- Yoldaş Stalin, indi söylədikləriniz əmrdir, yoxsa xahiş?
- Konstantin Konstantinoviç, bu, xahişdir, amma siz hərbçi olduğunuzdan əmr kimi qəbul edin.
Maraqlıdır, Stalinin marşalı təəccübləndirən əmr-xahişi nədən ibarət olub?
1944-cü ildə Mərkəzi Komitədə qərara alınıb ki, Belarusiya Ali Sovetinin 4-cü sessiyası respublikanın alman işğalçılarından azad edilmiş ərazisində keçirilsin. Sessiyanın cəbhə bölgəsində keçirilməsi və təşkilati işlərlə bağlı Stalin Nadejda Qrekovaya zəng vurub və göstəriş verib ki, o, 1-ci Belarusiya Cəbhəsinin qərargahına getsin. Nadejda Qrekova həmin ərəfədə Belarusiya Ali Sovetinin sədri olub, eyni zamanda Belarusiya Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşıyıb. O, Stalinin ən sevimli kadrlarından biri sayılıb. SSRİ-nin ən ağır dövrlərində, o cümlədən sovet-alman müharibəsi zamanı Nadejda Qrekova Kreml tərəfindən ona göstərilən etimadı doğruldub. Stalin Nadejda Qrekovanın xətrini o dərəcədə istəyib ki, hətta onun ailə qurmasına da müdaxilə edib, kimə ərə gedəcəyini də özü müəyyənləşdirib.
Sessiyanın işğaldan azad edilmiş ərazilərdə keçirilməsi ilə bağlı Qrekovaya göstəriş verdikdən sonra Stalin 1-ci Belarusiya Cəbhəsinin komandanı Konstantin Rokossovski ilə əlaqə yaradıb:
- Bu gün axşam saatlarında sessiyanın təşkili məsələləri üçün Nadejda Qrekova sizin qərargaha gələcək. Onu qarşılayın və lazımi şərait yaradın.
- Yoldaş Stalin, əmriniz yerinə yetiriləcək.
Sonra Stalin “əsas” mətləbə keçib:
- Konstantin Konstantinoviç, diqqətinizə çatdırım ki, Nadejda Qrekova ailə həyatı qurmayıb. Sizin tabeliyinizdə bir general xidmət edir, Mixail Malinin. Bildiyimə görə, aranızda möhkəm dostluq münasibətləri var. Siz təkcə komandir kimi yox, həm də bir dost kimi Malininin qayğısına qalmalısınız. Onun həyat yoldaşı müharibə zamanı həlak olub. Belə düşünürəm ki, 45 yaşlı generalın tək və ailəsiz qalmasında dost kimi sizin də günahınız var. Odur ki, indi fürsət yaranıb. Siz Qrekova ilə Malininin ailə qurmasının səbəbkarı ola bilərsiniz.
Stalinin bu göstərişindən sonra Ali Baş Komandanla marşalın arasında dialoq əmr və xahiş müzakirəsi ilə yekunlaşıb.
Beləliklə, Rokossovski Stalinin göstərişi ilə Belarusiya Ali Sovetinin sədri Nadejda Qrekovaya elçi düşmək məcburiyyətində qalıb. Marşal bu işin öhdəsindən layiqincə gəlib. Cəbhə bölgəsində keçirilən sessiyadan bir ay sonra Malininlə Qrekova rəsmi nikaha giriblər.
Qeyd edək ki, Nadejda Qrekova 1910-cu ildə Minsk şəhərində anadan olub. Əmək fəaliyyətinə 14 yaşında tikiş fabrikində başlayıb. Sonra Minskdə şəhər Həmkarlar Komitəsində çalışıb. 1937-ci ildə Belarusiya Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdiri vəzifəsinə təyin olunub. 1938-ci ildən 1947-ci ilə qədər Belarusiya Ali Sovetinin sədri, eyni zamanda Belarusiya Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb. Daha sonra Moskvaya köçən Nadejda Qrekova Rusiya qida sənayesi nazirinin birinci müavini vəzifəsinə təyinat alıb. Dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilib.
Müharibə illərində o, öz bacarığı, xoş münasibət qurmağı, alman işğalına məruz qalmış Belarusiyada yaranmış problemlərin həllində gərgin fəaliyyəti ilə xalq arasında böyük nüfuz qazanıb. Nadejda Qrekova 1-ci və 2-ci Belarusiya Cəbhələrinin komandanları olan Georgi Jukov və Konstantin Rokossovski kimi görkəmli sərkərdələrlə yaxın dostluq münasibətlərində olub, müharibənin ağır illərində arxa cəbhə məsələlərinin həllində böyük xidmətlər göstərib.
Stalin Nadejda Qrekovanın xidmətlərini yüksək qiymətləndirib, onu SSRİ-nin ən yüksək ali mükafatları ilə təltif edib. Dövlət tədbirlərində isə ona xüsusi diqqət yetirib.
Kremldə “Lenin” ordeninin təqdim olunması mərasimində SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin mükafatları sahiblərinə verdikdən sonra Stalin mükafat alanlara birgə şəkil çəkdirməyi təklif edib. Həmin mərasimə Nadejda Qrekova gecikib. Səbəbi isə bu dar macalda Kreml yaxınlığındakı qadın salonunda ləngiməsi olub. O, mərasimə çatanda artıq mükafatçılar Stalinin ətrafına toplaşaraq çəkilişə hazır vəziyyətdə dayanıblar. Qrekova gecikdiyini anlayaraq geri dönmək istəyəndə Stalin onu səsləyib:
- Yoldaş Qrekova, dövlət tədbirlərindən yayınmaq olmaz. Yaxınlaşın, sizin üçün yer tapılacaq...
O, birinci cərgədə Nadejda Qrekovaya yer ayırıb.
Nadejda Qrekova təqaüdə çıxdıqdan sonra da fəal ictimaiyyətçi kimi dövlət tədbirlərinə dəvət alıb. O, həyat yoldaşı ilə 16 il ömür sürüb. Ordu generalı Mixail Malinin 1960-cı ildə, 60 yaşında vəfat edib. Nadejda Qrekova isə uzun bir ömür sürüb. O, 2001-ci ildə 90 yaşında vəfat edib.
İlham Cəmiloğlu,
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ