Onlayn ictimai-siyasi qəzet
"Bu gün sənin günündür. Bu gün hamımız bir araya gəlib sənət - dostların, ailə üzvlərin, doğmaların, övladların, nəvə nəticələrin, səni sevən tamaşaçıların, hər kəs bir araya gəlib səndən danışacayıq, çəkildiyin filmlərdən, oynadığı tamaşalardan, söhbətlər edəcəyik və zarafatlarından danışıb, güləcəyik”.
Bu sözləri mərhum Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı paylaşımında yazıb.
Sənətçi atasının 70 illik yubileyindən bəhs edib:
“Sən pozitiv insan olduğun üçün hər şey səninlə bağlı keçmiş zamanda olsa belə xoş əhval-ruhiyə ilə olacaq. Bu gün sənin günündür, bircə mənim içim qan ağlayır. Elə bilirəm ki, bu qədər şeyi etdikdən sonra sakitləşəcəyəm, nədənsə mənə elə gəlir. Bu gün sənin haqqında olan kitabını, hekayənə çəkdiyim filmi təqdim edəcəyəm. Bu gün sənin 70 illik yubileyindir, bilirsən, səni başqa cür itirmişəm. Səni itirməyimi başqa cür keçirirəm, hamı kimi deyil. Qəribədir, həm varsan, həm yoxsan. Çox çıxılmaz durumda qalmışam, amma mən səni çox gözəl tanıdığım üçün bir şeyə əminəm ki, sən bu gün hamıdan tez gələcəksən. Çünku sən dəqiq adam idin və haqqında olan nələrsə sənə hər zaman maraqlı idi. Bilirəm ki, gələcəksən özü də lap axırıncı sıralarda gizlin bir şəkildə əyləşəcəksən. Çünki sənə maraqlı olan nələrdəsə heç zaman göz önündə olmağı sevmirdin. Elə istəyirdin ki, sakitcə izləyəsən, kimsə sənə mane olmasın, gözüm səni gəzəcək, ata.
Bu gün bütün varlığımla yalnız sənə xidmət edəcəyəm. Ruhun şad olsun deyə, əlimdən gələni edəcəyəm. Sadəcə, mənə hiss elətdir ki, ruhun şaddır. Bir xüsusiyyətin var idi - əlinlə öpüş göndərib, əla göstərirdin. Son dəfə səninlə görüşümüzdə belə məni aldatdığın həmin o jestini deyirəm. Bu gün də gəlsən, yubileyini bəyənsən, eyni jesti mənə uzaqdan göstər, bəs edəcək”. (Axşam.az)
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ