Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün, 28 fevral tarixli plenar iclasında spiker Sahibə Qafarova çıxış edib.
Musavat.com spikerin çıxışını təqdim edir:
“Hörmətli həmkarlar!
Bildiyiniz kimi, fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirləri keçirilmişdir. Qeyd edim ki, Asiya Parlament Assambleyası hazırda Milli Məclisin sədrlik etdiyi 5 beynəlxalq parlament təşkilatından biridir. Digər təşkilatlar isə Türk Dövlətlərinin Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.
Hörmətli həmkarlar!
Parlament diplomatiyası üçün mühüm platforma olan Asiya Parlament Assambleyasının sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların 35 nümayəndə heyəti, ümumən 280 nəfərdən çox nümayəndə iştirak edirdi.
“Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusu ətrafında müzakirələr aparıldı. Müzakirələrdə Asiya Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrləri, sədr müavinləri, üzvləri və Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış etdilər. Onlar regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində Asiya Parlament Assambleyasının mühüm rolu barədə danışdılar.
Asiya Parlament Assambleyasının sədri kimi mən öz çıxışımda ötən dövr ərzində təşkilatın institusional inkişafı istiqamətində Milli Məclis tərəfindən irəli sürülmüş təşəbbüslər haqda danışdım. Sevindirici haldır ki, məhz bizim sədrliyimiz dövründə görülmüş işlər nəticəsində Asiya Parlament Assambleyasının mövcud strukturlarının fəaliyyəti daha da gücləndirilmiş və qeyd edim ki, bu ərəfədə Oman Sultanlığının Şura Məclisi təşkilata yeni üzv, Belarus Respublikası Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi kimi qəbul olunmuşdur. Və öz çıxışımda mən Milli Məclisin sədri kimi, dünyanın qarşılaşdığı problemlərə və onların aradan qaldırılması yollarına Azərbaycanın baxışları barədə fikirlərimi bölüşdüm.
Bugünkü ziddiyyətlərin və gərginliyin əsas mənbəyinin beynəlxalq hüquq normalarına və prinsiplərinə əməl edilməməsi, ikili standartlar və selektiv yanaşmalar, dövlətlərin daxili işlərinə müdaxilə olduğunu qeyd etdim.
Bildirdim ki, bu cür mənfi tendensiyanı aradan qaldırmağın ən etibarlı yolu effektiv və inklüziv çoxtərəfli sistemin gücləndirilməsidir. Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycanın bu yanaşmanı aydın şəkildə nümayiş etdirdiyini, üzv dövlətlər arasında dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini vurğuladım. Nəzərə çatdırdım ki, ölkəmizin bu istiqamətdə ən mühüm addımlarından biri də COP29-a ev sahibliyi dövründə mühüm qərarların qəbuluna nail olması, müxtəlif maraqlı tərəfləri bir araya gətirməsi və Qlobal Şimal ilə Qlobal Cənubu iqlim dəyişikliyi ilə mübarizə məsələsi ətrafında birləşdirməsi olmuşdur.
Onu da deyim ki, hörmətli həmkarlar, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edildi. Asiya Parlament Assambleyasının qəbul etdiyi Bakı bəyannaməsinin bir bəndində Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilir.
Hörmətli həmkarlar!
Sessiya çərçivəsində mənim 9 ölkənin parlament sədrləri və 2 ölkənin sədr müavinləri ilə ikitərəfli görüşlərim oldu. Görüşlərdə Parlament Assambleyasının fəaliyyəti, eləcə də parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri nəzərdən keçirildi. Həmçinin, Milli Məclisin hörmətli sədr müavinləri, Milli Məclisin deputatları nümayəndə heyətlərinin rəhbərləri və üzvləri ilə bir sıra görüşlər keçirdilər.
Hörmətli həmkarlar!
Hesab edirəm ki, Milli Məclisin ev sahibliyi və sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olaraq qarşıya qoyulan bütün hədəflərə nail oldu.
Bununla əlaqədar mən tədbirin təşkilində əməyi olan Milli Məclisin hörmətli sədr müavinlərinə, hörmətli deputatlarına, Milli Məclis Aparatının və İşlər İdarəsinin əməkdaşlarına bir daha dərin minnətdarlığımı bildirirəm”.
E.Paşasoy,
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ