Onlayn ictimai-siyasi qəzet
Qaz qiymətlərinin də, ixracın da getdikcə sabitləşəcəyi gözlənilir
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən avqustun 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib. Bu barədə məlumatı Neft Fondunun ictimaiyyətlə əlaqələr departamenti yayıb. Məlumatdan aydın olur ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə azalıb. Eyni zamanda “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.
Qeyd edək ki, “Şahdəniz” üzrə gəlirlərin azalması ixrac həcmlərinin artması ilə müşayiət olunur. Belə ki, Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, bu ilin 7 ay ərzində Azərbaycanda təxminən 29,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşlı” yataqları blokundan (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz” yatağından, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub: “Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb”.
Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur: “Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr (13,6 faiz artım), Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub”.
2021-ci ilin payızı, 2022-ci ildə Rusiyanın Ukraynada işğalçı müharibəyə başlaması ilə dünya qaz bazarında qiymətlər on dəfələrlə artaraq min kubmetr üçün 4 min dollara qədər yüksəldi. Yüksək qiymətlər 2022-ci ilin sonuna qədər davam etdikdən sonra tədricən azalmağa başladı. Avropa İttifaqı Rusiya qazını əsasən ABŞ-dan olmaqla maye qazla əvəz etməklə yanaşı, Əlcəzair, Azərbaycan, Norveç kimi ölkələrdən də idxalı artırmaqla, öz enerji təhlükəsizliyini təmin edə bildi. Nəticədə qaz qiymətləri sürətlə azalaraq, 2024-cü ilin ikinci rübündə 300 dollardan da aşağı düşdü. Bu prosesdə Avropa İttifaqının tezliklə - 2040-cı ilədək qalıq yanacaq olan qazdan imtina planları da mühüm rol oynamaqdadır.
Qaz qiymətlərinin düşməsi yalnız Neft Fondunun gəlirlərini deyil, dövlət büdcəsinə daxilolmaları da azaldıb. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, sari ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil edib. Bu, proqnozla müqayisədə 320,9 milyon manat və ya 3,8 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 148,9 milyon manat və ya 32,3 faiz çoxdur. Bu artım bilavasitə Neft Fondundan büdcəyə transfertin ötən ilin eyni dövründən çox olmasından qaynaqlanır. Belə ki, cari ildə neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizini və ya 2 milyard 407,2 milyon manatını vergi daxilolmaları, 72,6 faizini və ya 6 milyard 390,5 milyon manatını isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert təşkil edib. Ötən ilin eyni dövründə Dövlət Neft Fondundan transfert cəmi 2 milyard 661,0 milyon manat olmuşdu.
Bu il neft-qaz sektoru üzrə vergi daxilolmalarının 48,5 faizini və 1 milyard 167,0 milyon manatını “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 34,6 faizini və ya 833,3 milyon manatını Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizini və ya 406,9 milyon manatını isə ABƏŞ-in mənfəət vergisi təşkil edib. Ötən ilin eyni dövründə “Şahdəniz” qaz-kondensat yatağı üzrə mənfəət vergisi 2 milyard 630,4 milyon manat olmuşdu. Göründüyü kimi, yataqdan büdcəyə daxilolmalar 2 dəfədən çox azalıb.
Maliyyə Nazirliyi 2024-cü ilin yekununda dövlət büdcəsinə vergi və rüsumlar üzrə 15 milyard 270 milyon manat daxil olacağını, bunun 4 milyard 580,0 milyon manatı və ya 30,0 faizinin neft-qaz sektorundan təmin ediləcəyini gözləyir. Bunun da 43,7 faizi və ya 2 milyard manatının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə vergilər, 14,2 faizi və ya 650,0 milyon manatının Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 42,1 faizinib və ya 1930,0 milyon manatının isə Şahdəniz layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisinin təşkil edəcəyi nəzərdə tutulur. Göründüyü kimi, qaz gəlirlərinin azalması büdcə proqnozlarının artıqlaması ilə icrasına mane olmur.
Avqustun 6-da Ukrayna ordusu Rusiyanın Kursk vilayətinə daxil olaraq, iki ölkə arasında qaz tranzitinin reallaşdığı yeganə məntəqə olan Sucaya nəzarəti ələ aldıqdan sonra Avropa bazarında qaz qiymətləri qısa müddətdə 150 dollardan çox bahalaşaraq 450 dolları keçdi. Avqustun 10-da Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 312 milyon kubmetr qaz vurulub, onlardan 32 milyon kubmetr qaz götürülüb. “Yeni Müsavat” Gas Infrastructure Europe-nin (GIE) məlumatına istinadən xəbər verir ki, hazırda Avropanın anbarları 87,59 faiz qazla doludur. Bu, son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,11 faiz bəndi yüksəkdir. Anbarlarda 96,4 milyard kubmetr qaz var.
Əlverişli hava şərtləri fonunda Aİ maye qaz idxalını son 3 ilin minimumuna qədər endirib. Belə ki, iyul ayında terminallardan Avropa qaz nəqli sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabr ayından bəri ən aşağı həddə çatıb, avqustda isə azalma tendensiyası davam edir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə daha da vurulması gücü maksimumun 29 faizi ilə yüklənib.
İyulda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 366 dollar təşkil edib. Avqustda isə 2 gün ərzində 450 dolları keçsə də, sonradan 429 dollar ətrafında sabitləşib. Lakin bu qiymətlərin kövrək olduğu, Kurskda müharibə şiddətləndikcə yenidən artıma başlayacağı gözlənilir. Doğrudur, Avropa İttifaqı artıq bu ilin dekabrından Ukrayna üzərindən nəql olunan Rusiya qazının dayanmasına hazır olduğunu elan edib. Bu marşrutla qaz alan Avstriya və İtaliya çatışmayacaq həcmləri əldə etməyin yolunu tapdıqlarını elan ediblər. Lakin buna baxmayaraq, Ukraynadan qaz nəqlinin vaxtından əvvəl dayanması ehtimalı qiymətləri kəskin artırdı və bu, Aİ-də qazla bağlı təhlükəsizliyin necə təsirlərə həssas olduğunu ortaya qoydu.
Xatırladaq ki, Aİ 2022-ci ilin iyulunda Azərbaycanla qaz idxalının ikiqat artırılmasına dair memorandum imzalasa da, bu prosesə dəstək verməkdən boyun qaçırır. Bununla bağlı iyulda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında Prezidenti İlham Əliyev ilginc məqamlara toxunub: “Bu gün Avropanın bizim qaza böyük ehtiyacı var. Mən nəyə görə dedim ki, gəlin riyakarlığa son qoyaq?! Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər və bu, mənim avropalı həmkarlarımla müzakirələrimdə mövzudur”. Dövlət başçısı deyib ki, Avropa İnvestisiya Bankı da faydalı qazıntı yanacağı ilə bağlı layihələri maliyyələşdirməyi tamamilə dayandırıb: “Avropa Yenidənqurma və İnkişaf Bankı demək olar ki, bu sahəyə maliyyə ayırmır. Cənub Qaz Dəhlizi - bu, 3500 kilometr uzunluğunda olan inteqrasiya edilmiş boru kəməridir, tam həcmdə, 100 faiz həcmlə işləyir. Bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var. Biz Sloveniyadan olan bir şirkətlə saziş imzaladıq və bu da Azərbaycanın doqquzuncu tərəfdaşıdır ki, bizim qazın istehlakçısı olacaqdır. Ancaq Avropanın maliyyə institutları bunu maliyyələşdirmir. Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirək. Söhbət TANAP-dan gedir və TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq”.
Dövlət başçısı onu da əlavə edib ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik: “Bizim neft-qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza ehtiyacı yoxdur. Yəni biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni sonra da deyək ki, bizim qazımız haradadır. Yəni mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil”.
Avropanın qazdan imtina planına baxmayaraq, əksər beynəlxalq analitik mərkəzlər ortamüddətli dövrdə Aİ-də qaza tələbatın sürətlə artımını proqnozlaşdırırlar. Bu isə qaz qiymətlərinə artırıcı təsir göstərəcək əsas amildir. Qaz istehlakına dair gözləntilər fonunda Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Avropada təbii qazın orta qiyməti üzrə proqnozunu artırıb. Korporasiya 2024-2025-ci illər üçün TTF indeksi (Niderlandın “Title Transfer Facility”i - Avropanın ən iri virtual satış mərkəzi) üzrə Avropada qazın qiyməti ilə bağlı proqnozunu 29 avrodan (elektrik enerjisi ekvivalentində - MVt-saat üçün) 31 avroya qaldırıb.
Azərbaycanın qaz ixracından gəlirlərinin qiymətlərin pik həddə olduğu 2021-2022-ci illərlə müqayisədə 2023 cə 2024-cü illərdə aşağı olması təbii proses kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanın əsas qaz ixrac layihəsi olan CQD qazın 260 dollarlıq qiyməti ilə layihələndirilib. Bu baxımdan, ixracın da getdikcə artırılması fonunda gəlirlərin normal həddə sabitləşəcəyi gözlənilir.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ