İnsanlara hürriyət, millətlərə istiqlal!

Sağ ikən özünə qəbir yeri sifariş edənlər - İslam isə deyir ki...

İlahiyyatçı: “Mərhumun adı, olum və ölüm tarixi, ”Ruhuna Fatihə" kimi kiçik yazı ilə Türkiyə modelindən istifadə etmək olar"

“Məndən bir yaş balaca qardaşım var. Bu yaxınlarda dedi ki, gedək özümüzə dəfn üçün yer götürək. Dedim ki, gözlə, maaşımı alım gedərik, pulu alan kimi gedəcəm. Düzdür, ora çatmayacaq, amma behini verəcəm”.

Musavat.com xəbər verir ki, bu sözləri xalq artisti Vidadi Həsənov Space TV-də yayımlanan “Açıq söhbət” verilişində bildirib.

Sənətçiyə görə, müəyyən bir yaş dövrü olur ki, insanlar ölüm haqda düşünmürlər: “Ölümü düşünmədən yaşayanda insanlar elə bilirlər ki, ölməzdirlər. Ölməzlik sindromu olanda insanlar çox azğın və qəddar olur. Elə bilirlər ki, hər şey onlar üçün yaranıb”.

Hörmətli aktyorumuzun sözləri bir məsələni yenidən gündəmə gətirir. Əlbəttə, sağ ikən özünə qəbir yeri hazırlatmaq mövcud qanunlarla qadağan deyil. Bunu edənlər də var. Səbəblər isə müxtəlifdir. Amma sual birdir: görəsən, dinimiz buna necə baxır? Axı bu, həm də bir qədər, tale məsələsidir. Qədər, tale isə Allaha aid mövzulardır.

Yəni heç kim bilmir ki, ömrünü harada, necə başa vuracaq, ümumiyyətlə, cəsədi tapılacaqmı? Qısası, belə çıxmırmı ki, sağ ikən məzar yeri sifariş eləməklə biz Allahın işinə qarışırıq?

İslam Peyğəmbəri (s) buyurub: “Bir işi görəndə iki şeyi nəzərə al: 1. Gördüyün iş Allahın xoşuna gələcəkmi? 2. Qul haqqına girmirsən ki?”

Yeri gəlmişkən, Bakı şəhəri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov mediaya açıqlamasında bildirib ki, qəbiristanlıqlarda cənazə olmadan yer ayrılmasına icazə verilmir. Bundan başqa, Bakı şəhərində yerləşən qəbiristanlıqlarda sağ ikən qəbir yeri almaq qadağan olunub: “Yeni qaydalara görə, təzə qəbiristanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbiristanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilərlər”, - deyə Sabir Həsənov vurğulayıb.

Bununla belə, əldə etdiyimiz məlumata görə, yenə də bu cür sifariş verənlər var. O da qeyd edilir ki, Bakı şəhərinin qəbiristanlıqlarında dəfn üçün yerlər tükənmək üzrədir.

Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq”

 Rəsul Mirhəşimli

İlahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, insan bir yaş dövründən sonra ölümü düşünməyə başlayır: "Özünü ölümə hazırlamaq məsələsini bəzi insanlar ölmədən məzar yeri almaqla anlayır. “Ölmədən öncə ölün”, deyimi insanın fani olan dünyadan, əldən çıxacaq var-dövlətdən, pislikləri təlqin edən əmmarə nəfsdən uzaqlaşıb, əbədi həyat barədə düşünmək kimi anlaşılmalıdır. Çünki bu dünya heç kəsə qalmayacaq bir məkandır, axirət həyatı isə əbədidir.

Sağlığında məzar yeri almaq ilk dəfə ortaya çıxan məsələ olmadığı üçün dini baxımdan da qadağan edilmir. Bu addım böyük şəhərlərdə məzar probleminin olması baxımından da düşünülür. Çünki paytaxtda məzar yerlərinin artan qiymətləri insanları əndişəyə salır, dünyadan köçdükdən sonra yaxınlarını problemlə üz-üzə buraxmamaq üçün məzar yerlərini özləri almaq istəyirlər. Bir çox hallarda ailədən bir nəfər dünyasını dəyişib, dəfn edilərkən həmin məzarın yanında bir və ya bir neçə məzar yeri də satın alınır. Qəbiristanlıqlarda bu məzar yerlərinin çətin tapılması probleminin ən əsası da təmtəraqlı məzarların çoxluğu ilə bağlıdır. Dinimiz göstərişi sevməz, lakin bir çox insanlar əzizlərinin itkisinin kədərini ifadə etmək üçün məzar yerlərində ifrata varırlar. Bahalı mərmər daşlar, məzar daşındakı şəkillərin dinimizlə heç bir əlaqəsi yoxdur. Bu cür bahalı məzar daşları israfdır. İslam dininə görə Allah israf edənləri sevməz".

İlahiyyatçı əlavə edib ki, Azərbaycanda olan yas mərasimləri və bu mərasimlərlə bağlı israfçılıq və əyintilər heç bir müsəlman ölkəsində yoxdur: “Təbii ki, insanlar özləri üçün qəbiristanlıqda məzar yeri ala bilərlər, lakin adət-ənənələrə görə, heç bir halda həmin məzar qazılıb, boş saxlanıla bilməz. Bundan əlavə, Quranın ifadəsinə görə, insan harada öləcəyini bilmir. Ancaq insanların öldükdən sonra cənazələrinin normal bir yerdə dəfn edilmək arzusu var. Məzar yerini əvvəlcədən almağın heç bir zərəri yoxdur, amma bu hal da əndazəni keçməməlidir. Məzarları bəzəkli mərmərlərlə, heykəllərlə, xüsusi daşlarla tikmək heç də xoş deyil, dinimizə görə də yolverilməzdir. Bundan əlavə, başdaşlarındakı şəkillər birbaşa İslam dininin ehkamları ilə ziddiyyət təşkil edir. Qəbiristanlıqlarda məzar daşlarının bu şəkildə təmtəraqlı olması yaxın gələcəkdə Bakı şəhərində qəbir yerlərinin çatışmaması kimi ciddi problemin yaranmasına səbəb olacaq. Bunun yaranmaması üçün bizə yaxın olan Türkiyə modelindən istifadə etmək mümkündür. Kiçik bir məzar daşı, üzərində mərhumun adı, olum və ölüm tarixi, eləcə də "Ruhuna Fatihə" kimi kiçik bir yazı ilə Türkiyədə qəbir yerləri diqqəti cəlb edir. Bu modeli ölkədə tətbiq etməklə yersiz israfdan da uzaqlaşmış olarıq. Əks halda, qəbiristanlıqlar bir məzarın ətrafında geniş hasarlarla getdikcə daralır. Bu işin daha tez və keyfiyyətli həlli üçün bütün səviyyələrdə maarifləndirici işlər aparılmalıdır. Yoxsa bu dünyada israf etdiyimizə görə günahın cəzasını çəkmək kimi sıxıntılara düçar olacağıq.

Bir də onu qeyd etmək yerinə düşər ki, hələ dünyasını dəyişmiş heç bir insanın cənazəsi yerdə qalmayıb. Yaxınları onu bir şəkildə dəfn edirlər. Onun üçün də bu işlərə aludə olub, bu halları genişləndirməyə gərək yoxdur. Çünki insan bu dünyadan etdiyi əməllərindən başqa özü ilə heç nə apara bilməyəcək".

Hacı Şahin müzakirələrə səbəb olan paylaşımına AYDINLIQ GƏTİRDİ

Hacı Şahin

Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Şahin isə deyib ki, sağlığında özünə məzar yeri alınması dinimizlə, şəriətlə ziddiyyət təşkil etmir və bəyənilən əməldir: “Amma başqa insanlara problem yaradıldığı halda, bunun tətbiqi yolverilməzdir. Hansı halda başqa insanlara problem yarana bilər?  Həmin yer məzarlıqda həddən artıq böyük yer tutduqda. Bir nəsil bütövlükdə özünə qəbir yeri alarsa, digər insanlara yer qalmır. Bu olarsa, dinimiz də tövsiyə etmir. Böyük bir ərazini tutmaq hesabına qəbir yeri almaq doğru deyil".

İlahiyyatçı əlavə edib ki, qəbiristanlıqlara baxanda axirəti xatırlamalısan: “Amma biz qəbiristanlığa gedəndə bir-biri ilə rəqabət aparan bahalı mərmər daşları görürük. Bir çox hallarda insanlar bu vasitələrlə özlərini cəmiyyətdə təsdiq etməyə çalışırlar. Ona görə də dinimiz bu kimi hallarda sadə məzar daşlarının olmasına önəm verir və bu da bərabərliyə çağırışı tövsiyə edir. Bu ənənə həm müsəlman, həm də Avropa ölkələrində də var. Dinimizə əsasən məzar daşı sadə olmalıdır və insanlar bir-biri ilə buna görə rəqabət aparmamalıdır. Quran-Kərimdə buyurulur ki, israf edən insanlar şeytana qulluq edənlərdir. Bunları dəfələrlə Qafqaz Müsəlmanları İdarəsi öz tövsiyələrində qeyd edib və bu gün onun inzibati yollarla tənzimlənməsi tam normaldır. Bahalı məzar daşlarına xərclənən pullar xeyriyyə işlərinə sərf olunub mərhum insanların ruhuna hədiyyə oluna bilər".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR