İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabrandan şikayət var - Füzuli küçəsi 80 ildir asfaltsızdır

Şabranın “Stansiya” adlanan ərazisində, Şabran dəmiryol vağzalının yaxınlığında yerləşən Füzuli küçəsinin sakinləri küçələrinin həddindən artıq bərbad olmasından şikayət edirlər.

Redaksiyamıza müvafiq məktub və şəkillər göndərən küçə sakinləri yollarının pis olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkdiklərini qeyd edirlər. 800 metrdən artıq uzunluğu olan, 80-dən çox ailənin yaşadığı Füzuli küçəsi rayonun ən uzun və ən qədim ( 1940-1950) küçələrindən biridir.

Dahi şairimiz Füzulinin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olmasının səbəblərindən biri də “gözdəniraq”, diqqətdən kənar, içəridə olmasıdır. Sakinlər bildirir ki, yağışlar yağanda bu küçədən keçmək müşkülə çevrilir. Hətta taksi sürücüləri belə Füzuli küçəsinin bərbadlı, kələ-kötürlüyü üzündən ora gəlmək istəmirlər.

Sakinlər yazırlar ki, hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülsə də, bəzi küçələr təmir olunsa da , illərdir nə köhnə icra hakimləri, nə də indiki icra başçısı Asif Hüseynovun vaxtında məhz bu küçəyə asfalt çəkilməyib və çəkilmir.

Füzuli küçəsi salındığı gündən indiyəcən, 80 ildir asfalt üzü görməyib. Yerli icra hakimiyyəti bura nəinki asfalt çəkib, heç adi çınqıl belə tökməyib, nə edilibsə, sakinlər özləri edib. Üstəlik, küçə işıqlandırılmadığından, gecə küçə qaranlığa qərq olur.

Bu küçənin asfalt problemi mətbuatda da işıqlansa da aidiyyati qurumlar tərəfindən heç bir tədbir görülməyib.

Sakinlərin şikayətlərinə isə yalnız o deyilir ki, yolun təmiri üçün büdcədə vəsait nəzərdə tutulmayıb.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR