İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy

Hüquq müdafiəçisi: “Əvvəllər qadınlar ona görə dözürdülər ki, iqtisadi cəhətdən  kişidən asılı idilər, indi...”

Azərbaycanda nikahların sayı azalıb, boşanmalar artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah və 3 456 boşanma halları qeydə alınıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,0-a düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Qeyd edək ki, nikahın pozulması üçün tələb olunan sənədlər sırasında dövlət rüsumunun ödənilməsi haqqında qəbz də var. Bunun üçün “Dövlət rüsumu haqqında” Qanunun 12.2.1-ci maddəsində göstərilən rüsum məbləği 20 manatdır. Əgər nikahın pozulması üçün məhkəməyə müraciət olunarsa, onda rüsumun məbləği dəyişir.

Lakin məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir.

Bunun da boşanma sayına necə təsir edəcəyi müzakirə yaradıb. Maraqlıdır, rüsumun artıb və azalması boşanma sayına təsir edə bilər?

Novella Cəfəroğlu: “Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv  işləməliyik”

Novella Cəfəroğlu

Mövzu ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a danışıb:

“Hesab etmirəm ki, rüsumun artırılması boşanmaq istəyənləri fikrindən çəkindirəcək. Boşanmaq istəyən həmin rüsum 2 dəfə artıq olsa belə ödəyib, boşanacaq. Artıq ailə institutu, ailə dəyərləri, tərbiyə aradan çıxmağa başlayıb. Biz bu dəyərləri yenidən geri qaytarmalı, ailə institutumuzu möhkəmləndirməliyik. 

Əvvəllər evlənəcək gənclərin ailələri bir-birini araşdırır, bir-birinə uyğun olub-olmadığını müəyyənləşdirirdi, daha sonra gənclər ailə qururdu. Lakin indi evlənmək, ailə qurmaq çox asanlaşıb, gənclər özlərini avropalı kimi aparır. 

Qızlarımız da işləyirlər, iqtisadi cəhətdən sərbəst olublar ailədə olan  söz-söhbətə, problemlərə dözümlülük göstərmirlər. Bir çoxu da sərbəst yaşamaq istəyir. Əvvəllər qadınlar ona görə dözürdülər ki, iqtisadi cəhətdən  kişidən asılı idilər, övladlarının gələcəyi, öz gələcəyinə görə bir çox problemlərə susqunluq nümayiş etdirirdilər. İndi isə əksər qadınlar kişilər qədər işləyib, evə pul gətirirlər və hansısa problem olduqda  ona sinə gəlmək istəmir, rahatlıqla boşanma qərarını verir. 

Həmçinin uşaq dünyaya gətirmək, onu böyütmək çətinləşib. Buna görə ailələr əksər hallarda bir uşaqla kifayətlənir, buna görə ölkəmizdə demoqrafiya da aşağı düşməyə başlayıb. 

Beləliklə, həm sosial-iqtisadi problemlər, maddi sıxıntılar, gənclərin daha çox sərbəst yaşamaq istəyi, çətinliklərə dözümsüzlük boşanmaların artmasına təsir göstərir. 

Bu məsələdə televiziyaların da təsiri az deyil. Bəzən görürük ki, 5-ci dəfə evlənən toy edir, o toyu efirdə verirlər, buna baxanlar da düşünürlər ki, onlar da bu cür tez-tez boşanıb, evlənə bilərlər, elin, cəmiyyətin qınağına tuş gəlməyəcək. Amma əvvəllər el qınağı var idi, insanlar boşanmağı böyük ayıb hesab edirdilər, ailələrini hər cür çətinlikdən qorumağa çalışırdılar. İndi isə bütün bunlar sıradan çıxıb".

 Araşdırmalara əsasən ölkəmizdə ailələr daha çox 5 və 5-9 illik nikahdan sonra boşanırlar. 10 ildən artıq müddətdə evli qalan cütlər arasında boşanma hallarına daha az rast gəlinir.  Bununla da birgə yaşama müddəti artdıqca, ailəni möhkəmləndirən səbəblər və ya faktorlar çoxalır, bağlar daha da möhkəmlənir. Bu səbəbdən də yuxarı yaş qrupunda boşanma halları azalır. Yaş aralığına baxsaq görərik ki, ən çox boşanma halları 18-24 və 25-29 yaşlarda baş verir.

Mütəxəssislər bildirir ki, boşanmanın ən çox yayılan səbəblərindən biri sosial-iqtisadi problemlərdir. Belə ki, xüsusən də uşaqlı ailələrdə maddi ehtiyacların qarşılanmaması tərəflər arasında mübahisələrə, narazılıqlara səbəb olur ki, bu da nəticədə bir çox hallarda boşanmaya qədər aparıb, çıxarır. 

Həmçinin tərəflərdən birinin yaşadığı böhran və psixoloji problemlər də boşanmaya səbəb ola bilir. Bura narkotik maddədən istifadə, alkoqol, qumar və bu qəbildən olan digər səbəblər daxildir.

Ailədə uşağın olmaması da boşanmanın əsas səbəbləri sırasındadır. 

Araşdırmalar da həmçinin onun göstərir ki, dünya ölkələrində boşanmalar daha çox inkişaf etmiş ölkələrdə qeydə alınır. Məsələn, boşanma göstəricisi Lüksemburqda 87 faiz, İspaniyada 65, Fransada 55, Rusiyada 51, ABŞ-da 46, Almaniyada 44, Böyük Britaniyada 42, Yeni Zelandiyada 42, Avstraliyada 38, Kanadada 38, Hindistanda 1, Çilidə 3, Kolumbiyada 9, Meksikada 15, Türkiyədə 22, İranda 22 faizdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR