Onlayn ictimai-siyasi qəzet
Bu gün Avropa Birliyi Kiyevə 51 milyard avro ayrılması ilə bağlı yekun nəticəyə gəlməlidir; kəşfiyyat rəhbəri rusların son hücumlarda uğurlu olmadığını açıqladı
Martın 1-nə qədər AB ölkələri Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisindən cəmi 600 minini tədarük edə biləcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb. Sursat istehsalında daimi ləngimələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən AB ölkələri Kiyevə 1 milyon mərmi tədarükü planından xeyli geri qalıb, cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq. Hətta AB müdafiə nazirlərinin Brüsseldə keçirəcəkləri qeyri-rəsmi görüşdə əlavə təchizat mənbələri tapmağa çalışacaqları gözlənilir. Amma istənilən halda ötən il vəd edilən sayda mərmi Ukraynaya göndərilməyəcək.
“Rusiyanın 2023-cü ilin noyabrında başlatdığı hücum əməliyyatı tezliklə bitəcək”. Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib. Onun sözlərinə görə, Rusiya qüvvələrinin noyabrda başlatdığı hücum əməliyyatı hazırda davam edir: “İki ay yarımdır ki, davam edir. Nəticəni özünüz görə bilərsiniz. Bu nəticələrin onlar üçün uğurlu olduğunu demək doğru olmazdı”. Budanov eyni zamanda qeyd edib ki, Rusiya qüvvələri Avdeevka kimi bəzi yerlərdə müəyyən irəliləyişlər əldə edə biliblər. Lakin Budanovun fikrincə, rusların ümid etdiyi bu deyildi. Budanov qeyd edib ki, Rusiya qüvvələri Xarkov vilayətində Jerebets çayı boyunca maneə xəttinə, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə mümkün qədər tez çatmaq istəyir, lakin indi bundan tamamilə uzaqdırlar. “Amma onların hücumu hələ də davam edir. Təxminən yazın əvvəllərində bu tamamilə tükənəcək... O bitəcək və hesab edirəm ki, bizimkilər başlayacaq”, - Budanov vurğulayıb.
Bu arada, yanvarın 31-də Sankt-Peterburqda yerləşən zavoda PUA hücumu olub. PUA havada “S-400" zenit-raket kompleksi vasitəsilə zərərsizləşdirilib. PUA-nın Qluxoozerskoye şosesindəki "Nevski Mazut" zavodunun ərazisinə düşdüyü və bundan sonra yanğın baş verdiyi bildirilir. Son zamanlar Ukrayna Rusiya ərazilərinə dron hücumlarını gücləndirib. Bununla belə, ölkənin siyasi və hərbi rəhbərliyi arasında gərginlik hökm sürməkdədir. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Valeri Zalujnının istefaya göndərilməsi barədə xəbərlər rəsmən təkzib olunsa da, bu məsələ ilə bağlı müəyyən detallar üzə çıxmaqdadır.
Qərb mətbuatına aid bir neçə nəşr Zelenskinin Zalujnıya istefa verməyi təklif etdiyini yazır. “The Times” nəşri öz mənbələrinə istinadla yazıb ki, Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnını doğrudan da vəzifəsindən azad edib, lakin hərbi rəhbərlik və “beynəlxalq tərəfdaşlar”ın təzyiqindən sonra bu qərarı ləğv etmək məcburiyyətində qalıb. “The Times” iddia edir ki, baş komandanla prezident arasında keçirilən görüşdə sonuncu Zalujnıdan istefaya getməsini xahiş edib. Zalujnı bundan imtina etdikdən sonra isə Zelenski onun işdən azad edilməsi barədə sərəncam imzalayacağını bildirib. Yazıda iddia olunur ki, prezidentlə söhbətdən sonra Zalujnı kabinetinə qayıdıb və işdən çıxarılması barədə müavinlərinə məlumat verib.
Lakin qəzetin yazdığına görə, Zelenskinin bu qərarına həm Qərb tərəfdaşları, həm də hərbçilər mənfi yanaşıblar. İddia olunur ki, yüksək rütbəli zabitlər və beynəlxalq tərəfdaşlar, o cümlədən ABŞ və Böyük Britaniya Zalujnının işdən çıxarılması ilə bağlı xəbərlərdən sonra narahatlıqlarını ifadə ediblər. Bundan əlavə, qeyd olunur ki, tanınmış generallardan heç kim Zalujnının yerini tutmaq istəməyib. “The Times”ın məlumatına görə, Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı Aleksandr Sırski Silahlı Qüvvələrin Baş Komandanı vəzifəsinə təyinatdan imtina ediblər. Bundan sonra isə guya Zelenski Zalujnını işdən çıxarmaq barədə qərarını ləğv etməyə məcbur olub.
Siyasi təhlilçilərə görə, Ukrayna yaz hazırlıqları görməkdədir, amma bu əks-hücumların da böyük ölçüdə nəticələri gözlənilmir. Əgər "F-16" qırıcılarından istifadə başlasa, Ukrayna aviasiyası rus qoşunlarını bəzi ərazilərdə darmadağın edərək operativ-taktiki üstünlük əldə edə bilər. Ekspertlərin qənaəti ondan ibarətdir ki, yardımlar veriləcək, amma yenə mərhələli olacaq. Bununla belə, gözlər Brüsselə baxacaqlar. Fevralın 1-i, bu gün Avropa Birliyi Ukraynaya 51 milyard avro ayrılması ilə bağlı yekun nəticəyə gəlməlidir. Bu məsələdə yeganə əngəl Macarıstandır. Lakin baş nazir Viktor Orban qeyd edib ki, blok qoymaya bilər, sadəcə, onun da şərtləri var. Orban təklif edir ki, 2027-ci ilədək Kiyevə veriləcək 51 milyard avro birdəfəlik ödənilməsin, hər il maliyyə ayrılanda müzakirəyə çıxarılsın. Ona görə də bu mövzuda kritik danışıqlar başlanacaq. Hər halda, bu gün Aİ-nin verəcəyi qərar müharibə meydanındakı ovqata pisxoloji təsirini göstərmiş olacaq. Xüsusən də Kiyevin yaz-yay planlarında mühüm rol oynayacaq. Əgər AB ölkələri yekdil mövqe sərgiləsələr, o zaman əminliklə demək olar ki, ABŞ Konqresi də bu məsələdə rəyini konkretləşdirəcək.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ