Onlayn ictimai-siyasi qəzet
Müharibənin xərcləri o qədər böyükdür ki, Rusiya büdcəsinin bu yükü çəkməsi üçün 2025-ci ildə büdcəni tarazlaşdıra biləcək qiymət səviyyəsi kimi 69,7 dollar (məzənnənin 1 dollar=96,5 rubl olması şərtilə) müəyyən edilib. Yəni büdcənin təsdiqlənən xərcləri qarşılaması üçün satılan hər barrel neft büdcəyə 6707 rublun daxil olmasını təmin etməlidir.
Musavat.com xəbər verir ki, bu məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb.
Onun sözlərinə görə, fevral ayı üzrə bu göstəricinin həmin həddən 12 faizə yaxın az olacağı gözlənlir: “Yanvar ayında Urals markalı neftin orta satış qiyməti 67 dollar ətrafında olmuşdu. Fevralın ilk 10 günü üzrə 61 dollar ətrafında olub. Bu vəziyyətə təkcə qiymətlərdə ucuzlaşmanın yox, Baydenin gedərayaq rus neftini daşıyan tankerlərə qarşı tətibiq elədiyi sanksiyaların ciddi təsir etdiyi bildirilir.
Əsas alıcıları ya sanksiyalara görə almaqdan yan qaçırlar, ya da daha yüksək endirimlər tələb edirlər. Ən böyük alıcı olan Çinin nəhəng neftayırma zavodları fevral ayı üzrə də alqı-satqı müqavilələrini imzalamaqdan yayınıblar.
Büdcənin kəsiri və xərcləmələri isə görünməmiş həddə artır. Məsələn, bu ilin yanvar ayında xərclər ötən ilin eyni ayına nisbətən 73 faiz çox olmaqla 4,4 trilyon rubl təşkil edib. Büdcənin kəsiri indiyə qədər olmayan rekord səviyyəni görüb -1,7 trilyon rubl. Bu, bütün il üzrə prqonozlaşdırılan məbləğdən (1,2 trilyon rubl) daha çoxdur.
Bu faktlar göstərir ki, neftin qiymətinin hətta 60 dollara düşməsi belə Rusiya üçün iqtisadi fəlakət olacaq. Çünki Brent markalı neftin 60 dollara olduğu şəraitdə Urals ən azı 6-8 dollar endirimlə satılır”.
Musavat.com
12 Fevral 2025
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ