Onlayn ictimai-siyasi qəzet
“ABŞ prezidenti Donald Tramp Ronald Reyqanın yolu ilə gedir. Reyqan Strateji Müdafiə Təşəbbüsünə (SDI) sahib idi. İndiki 47-ci prezident də “Dəmir Qübbə” orbital sisteminə malikdir”.
Bu barədə özünün Facebook səhifəsində rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko yazıb.
“1980-ci illərdə ABŞ SSRİ-ni uğurla dağıdıcı kosmik silahlanma yarışına sürüklədi və neftin aşağı qiymətləri fonunda bu, iqtisadi cəhətdən ölkəmizi (SSRİ-ni – red.) bitirdi. Deyəsən, amerikalılar bu dəfə Rusiya ilə eyni hiyləni yenidən sınamaq qərarına gəliblər”, - Korotçenko qeyd edib.
Belə narahatlıqlar nə dərəcədə əsaslıdır? ABŞ Rusiyanı da bahalı silahlanma yarışına cəlb edib neftin aşağı qiymətləri fonunda ona SSRİ-nin aqibətini yaşada bilərmi?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a Trampın əsas hədəfini açıqladı:
“Bayden hakimiyyəti dövründə ABŞ və Rusiya münasibətlərində gərginlik son 3 ildə iki ölkə arasında müharibə həddinə çatmışdı. Belə bir perspektiv ilk növbədə ABŞ üçün qəbuledilməz idi. Amma başqa alternativ də yox idi. Tramp isə hələ seçkidən öncə fərqli siyasət yürüdəcəyi anonsunu vermişdi. Rusiyada Baydenlə müqayisədə Trampın gəlişinə üstünlük vermələrinin də şahidi olmuşduq. Əslində isə düşünürəm ki, Tramp hakimiyyəti ilk baxışda Rusiya ilə gərginliklərin yumşaldılması tərəfdarı kimi görünsə də, əsas hədəfi ABŞ-ın dünya hökmranlığıdır. Trampın seçki öncəsi şüarının “Güclü Amerika” olması da təsadüfən seçilməmişdi. Güclü Amerika olmaq üçün dünya dövlətlərinə güclü təsir imkanlarının olması vacibdir və səninlə hesablaşan böyük dövlətlərin olması deməkdir. Hazırda görünən odur ki, Tramp məhz bu istiqamətdə fəaliyyət göstərir. Rusiyada yaranan narahatçılıq da bununla bağlıdır. Hər hansı müharibə ritorikasından istifadə etməməklə, iqtisadi mübarizə üsulları ilə rəqiblərinin zəiflədilməsi üsulu həqiqətən də Ronald Reyqan zamanında olmuşdu. Ulduz Müharibələri adı altında kosmik silahlanma ideyası ilə SSRİ-ni bu yarışa cəlb edib iqtisadi cəhətdən zəiflədib müqavimət gücünü qırmışdı. Parelel şəkildə o zaman neftin qiymətinin aşağı salınması prosesini daha da sürətləndirmişdi. Hazırda gedən prosesləri o dövrlə tam müqayisə edə bilməsək də, gedişatda bəzi uyğunluqları görə biləcəyik. ABŞ onsuz da hərbi cəhətdən dünyada ilk yerdə olan dövlətdir və bu istiqamətdə onunla rəqabət çox çətindir. Eyni zamanda nəzərə almalıyıq ki, kosmik siyasətini daha da inkişaf etdirdiyindən bu sahədə onunla rəqabət aparmağa məcbur qalacaq dövlətlər olacaq. Rusiya və Çin bu sahədə yarışmağa məcburdular. Çin ABŞ və digər dövlətlərlə müharibə və düşmənçilik ritorikasında danışan dövlət olmadığından və iqtisadiyyatı hələ ki, artan temp ilə inkişaf etdiyindən bu istiqamətdə “başını aşağı salıb” öz işi ilə məşğul olacaq. Rusiya isə özünün iqtisadi imkanlarını hesablamadan, rəqiblərindən geri qalmamaq üçün bütün potensialından sonuna qədər istifadə edə bilər. Baxmayaraq ki, uğur qazanmaq şansları çox azdır. Rusiya sanksiyalar arasında əzilən və neçə ildir ki, ağır müharibə aparan bir dövlət olduğundan parelel şəkildə hərbi sənayesini inkişaf etdirə bilmir və bundan sonra qısa müddətdə yeni nəsil hərbi sənayesini inkişaf etdirə bilməyəcək. Çünki bunun üçün nə maddi imkanlar mövcuddur, nə də ki, inkişafı həyata keçirdəcək alimlər, ağıllı insanlar var. O səbəbdən hazırda silahlanma sahəsində ABŞ-la rəqabətə girmək özünə qəsd anlamına gəlməlidir. Həmçinin qarşı tərəfdə Trampın ən yaxınında duran bütün dünyada kosmik tədqiqatlar sahəsində öndə gedən, özünün SPACE X şirkəti ilə Elon Mask var, həmçinin trilyon dollarla ölçülən iqisadiyyatı saat kimi işləyir. Ən əsası neftin qiyməti ilə istənilən zaman manipulyasiya etmək imkanları da hazırda ABŞ-ın əlindədir. Bu da Rusiyanın neft satışından qazanacağı pulların azalmasına, yəni hərbi sənayesinin xərclərinin aşağı düşməsinə səbəb olacaq”.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə iki qlobal liderin görüşündən çox şeyin asılı olduğunu qeyd etdi:
“Rusiya SSRİ deyil, ola bilmədi və ola da bilməz. Çünki, SSRİ-nin dağılması ilə eyni vaxtda yaradılan MDB məsələn, Avropa Birliyi kimi iqtisadi baxımdan möhkəmlənə, vahid siyasət formalaşdıra, NATO kimi real hərbi birlik inşa edilə bilmədi. Bunu Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqının real ticari-iqtisadi rəqəmlərini müqayisə etdikdə, yaxud KTMT-Rusiyanın hərbi ittifaqının fəaliyyətinin real nəticələri ilə bağlı təhlillər apardıqda görmək olar. Belə ki, 2024-cü ildə Avrasiya İqtisadi Birliyinin üzv ölkələri arasında ümumi ticarət təxminən 100 milyard dollara yaxın idisə, Avrozonanı əhatə edən ticarətin ümumi həcmi təqribən 2 trilyon avro idi. Həmçinin Aİ vahid siyasət inşa edə bilirsə, MDB məkanında bu mümkün deyil, hətta hərbi ittifaq olan KTMT belə bu baxımdan koordinasiya yaratmağa müəssər olmayıb. Bunu, ən son, Azərbaycanın 44 günlük Vətən müharibəsində və suverenliyin təmin olunmasınadək yaşanan proseslərdə də gördük. Məsələn, Türk qardaşlarımız qazaxların KTMT üzvü olmasına baxmayaraq Azərbaycanı müdafiə edən mövqe sərgiləməsi, yaxud Rusiyanın neytral mövqeyi və s. bunu göstərdi. Bununla yanaşı Rusiya siyasi elitasının SSRİ xəyalı ilə yaşadığını, sovetlər ruhunu yaşatmağa çalışdığını hiss edirik. Rusiyanın post-sovet məkanına “arxa bağça” məntiqi ilə yanaşdığı aydındır. Bu, onun hərbi-siyasi doktrinalarında açıq ifadə edilən bir termindir. Rusiya üçün “arxa bağçanın” itirilməsi qəbuledilməzdir. Korotçenko 1990-larda Baltikyanı ölkələri itirməsindən sonra, indi də Şərqi Avropada Ukrayna və Cənubi Qafqazda Gürcüstan, Ermənistanın Qərbyönümlü siyasi reoriyentasiyaları fonunda mövqe itkilərini nəzərə alaraq Rusiyanın SSRİ aqibətini yaşama ehtimalını ölçməyə çalışır. Vaxtilə SSRİ-nin çöküşündə ABŞ-la silah yarışı, o cümlədən Qərblə iqtisadi savaş mühüm rol oynamışdı. Bu gün Rusiya Ukrayna müharibəsi vasitəsilə Qərblə silah yarışı içərisindədir ki, bu, ölkəni iqtisadi olaraq zəiflədir. Trampın “Dəmir Qübbə” müdafiə sisteminin təsis olunacağını bəyan etməsi yenə “soyuq müharibə” dövrünün “dəmir pərdəsinin” çökməsini xatirələrdə canlandırır. Sanki, dünya yeni bir “soyuq dövrə” qədəm qoyub və bunun sonunda Rusiya öz arxa bağçasını itirəcək kimi təəssürat yaranır. Lakin, indidən bu cür proqnoz vermək çətindir. Bu, Ukrayna müharibəsinin nəticəsi ilə birbaşa olaraq bağlıdır. Bu müharibədə Rusiya məğlub olarsa, o zaman Korotçenkonun ehtimal etdiyi ssenari doğrula bilər. Əks təqdirdə, Rusiya öz təbii maraq dairəsi hesab etdiyi coğrafiyalarda mövqeyini gücləndirəcəkdir. Onu da əlavə edim ki, Reyqan doktrinası dünyanın bütün nöqtələrində Əfqanıstandan tutmuş Nikaraquayadək, anti-sovet hərəkatlarına ABŞ dəstəyini özündə ehtiva edirdi. Tramp isə hakimiyyətə gəlməzdən əvvəl Rusiya lideri Putinlə danışıqlar masasına əyləşəcəyini bəyan etdi. Yaxın zamanlarda iki qlobal liderin görüşü olacaq. Bu danışıqlar dünyanın siyasi iqliminin soyuqlaşıb-soyuqlaşmayacağını müəyyən edəcək. Ən əsas məsələ Ukrayna razılaşmasıdır. Bu istiqamətdə iki ölkə maraqlarını uzlaşdıran razılaşma əldə olunarsa, o zaman dünya yeni “soyuq müharibə” təhlükəsindən xilas olacaq. Təsadüfi deyil ki, bu görüşün əsas gündəliyində nüvə silahlarına nəzarət və qlobal enerji qiymətləri məsələləri də yer alacaq. Çünki, hazırki mərhələdə yaşananlar, nüvə təhdidləri, nüvə silahının yayılması ehtimalları “soyuq dövrün” nüvə böhranlarını xatırladır. ABŞ-ın enerji istehsalına keçidi ilə dünyanın enerji qiymətlərinin aşağı düşməsi də bütün enerji istehsalçıları üçün təhdid amili doğurur. Odur ki, tezliklə baş tutacağı gözlənilən bu görüş sadəcə iki ölkə arasında uzlaşdırma deyil, qlobal uzlaşdırma olacaqdır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ