İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada siyasi təcrid etmək planı - baş tutacaqmı...

Ekspertdən ilginc iddia: “Qərb özü Rusiyanı xilas edəcək”

“Rusiya ən yaxın qonşuluğunda - Cənubi Qafqazda və Mərkəzi Asiyada siyasi təcridlə üzləşir”.  APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində paneldə çıxışında deyib. 

NATO Baş katibi bildirib ki, müharibələr təbiət etibarı ilə proqnozlaşdırıla bilmir və Ukraynadakı müharibənin necə davam edəcəyi və Rusiyanın Ukraynadakı itkilərinin Rusiyanın daxilində dəyişikliyə səbəb ola biləcəyini söyləmək çətindir: “Ancaq Rusiyanın Ukraynadakı itkilərinə cavab olaraq Rusiya daxilində hər hansı böyük dəyişikliklə bağlı işarə görünmür, lakin əlbəttə ki, sürprizlər də ola bilər”. Stoltenberq deyib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı bu müharibədə 300 000-ə qədər əsgər itirməsi, minlərlə hərbi texnika və yüzlərlə təyyarə itirilməsi Rusiya üçün, adi rus vətəndaşları üçün məna kəsb etməlidir. 

“Ölkə iqtisadiyyatı çöküş yaşayır, onlar ağır iqtisadi bədəl ödəyir, onlar siyasi bədəl ödəyir, Rusiya siyasi təcridə məruz qalıb, hətta ən yaxın qonşuluğunda, Cənubi Qafqaz regionunda və Mərkəzi Asiyada siyasi təcridlə üzləşir”, - o deyib. 

Düzdür, son illərdə açıq şəkildə görünür ki, Qərb və Avropa Rusiyanı qeyd edilən məkanlarda siyasi təcrid etməyə çalışır. Ukrayna müharibəsi də bunun əsas elementidir. Habelə hazırda Rusiyanın Moldova, Qazaxıstan, Ermənistanda “yox etmək” üçün çabalar da sirr deyil. Bəs bu plan baş tutacaqmı? İmperialist və qəddar Rusiyanı tarixən nüfuz etdiyi məkanlardan çıxarmaq mümkün olacaqmı? Bunun fəsadları nə ola bilər?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, Stoltenberqin bu fikri əslində Qərbin Ukraynada öz məqsədlərinə nail ola bilməməsinin göstəricisidir: “Ukrayna müharibəsi Qərb üçün nəticəsiz qalıb, Rusiya daxili parçalanma yaşamır, əvəzində Ukrayna məhv olub, 18% torpağını itirib və darmadağındır. Qərb dövlətləri artıq Ukraynaya yardım etməkdə əvvəlki kimi istəkli deyil. Qərb istərdi ki, Rusiyanın bu müharibədə itirdiyi 300 min nəfərdən çox canlı qüvvə rus cəmiyyətini mənəvi olaraq məhv etsin, lakin əksini görürük...”

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

 Şəhla Cəlilzadə

Politoloq deyir ki, Qərbin Qafqazda və Mərkəzi Asiyada müəyyən uğurları istisna deyil: “Ermənistanın Qərbə inteqrasiya yolunu tutması onların yaxın gələcəkdə 2008-ci il Gürcüstan, yaxud daha irəli getsələr, 2014-dən bugünədək davam edən Ukrayna ssenarisi ilə qarşılaşacaqları heç istisna deyil. Əgər bu ssenariyə hazırdırlarsa, bu gün Gürcüstanın Avropa İttifaqına namizəd ölkə (candidate state) statusunu qazandığı kimi, onlar da Avropa İttifaqı qapısında növbəyə yazıla biləcəklər. Lakin bu, hələ ki real görünmür. Çünki Ermənistanın Qərbə inteqrasiyası üçün Rusiya ilə iqtisadi-enerji-ticari-təhlükəsizlik əlaqələrini gözdən keçirməsi lazımdır ki, hələ ki bu sahələrdə Rusiyanın ağırlığını qoruduğunu görürük. Hətta Ukrayna müharibəsi bu əlaqələri daha da intensivləşdirib. 2023-cü ildə iki ölkə arasında toplam ticarət dövriyyəsi 6 milyard dollara çatıb. 2023-cü ilin ilk yarısında Ermənistanın ixracının 51%-dən çoxu Rusiyaya yönəlik olub. Yəni Rusiyadan bu qədər iqtisadi asılı ikən siyasi reorientasiya Ermənistan üçün intihar deməkdir və mümkün deyil. Ermənistan hazırda siyasətini balanslaşdırmağa başlayıb. Qazaxıstana və Özbəkistana gəlincə isə burada Qərblə artan iqtisadi münasibətlərin anti-Rusiya xarakteri daşıdığını düşünmürəm. "Reuters"in ötən ilin may ayında Qazaxıstanda 1100 respondentlə apardığı sorğunun nəticələrinə görə, 60% respondent Rusiya-Ukrayna müharibəsinə neytral yanaşır, 12,8% Rusiyanı, 21,1% isə Ukraynanı dəstəkləyir. Və bu nəticələr Qərb tərəfindən Mərkəzi Asiyanın Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasının göstəricisi olaraq təqdim olunur. Təbii olaraq "C5+1" yeni regional layihə kimi  məhz bu məqsədə xidmət edir. Lakin Qazaxıstanın gələcəkdə Qərb deyil, məhz Şərq blokunda qalacağı (Şanxay Əməkdaşlıq Təşkilatı üzvüdür), Rusiyadan daha artıq dərəcədə Çinlə əməkdaşlığını inkişaf etdirəcəyi proqnoz oluna bilər. Qərbin Rusiyaya sanksiyaları fonunda Rusiya ilə ticarət əlaqələrini nisbətən zəiflədən Qazaxıstanın Çinlə ticarəti ikiqat artırması bunun göstəcisi olaraq qiymətləndirilə bilər. Həmçinin vurğulana bilər ki, 2023-cü ilin sonunda Qazaxıstanın Rusiya ilə ticarət dövriyyəsi 27 milyard dollar ikən, Aİ ilə ticarət dövriyyəsi daha artıq, 34 milyard dollar olub və bu, 30% artım deməkdir, Çinlə ticarət dövriyyəsi isə ötən ilin 10 ayında 32,7 milyard dollar olub və bu, 28,5% artım deməkdir. Odur ki, həm Qafqazda, həm Mərkəzi Asiyada, həm də Şərqi Avropada dövlətlərin öz siyasətlərini daha da balanslaşdırdığını, gələcək dünya düzənində Çin mərkəzli münasibətlər sisteminin güclənməyə başladığını deyə bilərik".

Qerbin "ermeni karti" ehemiyyetini itirir:

Rusif Məmmədsoy

Politoloq Rusif Məmmədsoy isə düşünür ki, Rusiya postsovet məkanına uzun illər ərzində o qədər dərindən nüfuz edib ki, onu tamamilə təmizləmək mürəkkəb, eyni zamanda da vaxt tələb edən məsələdir: “Xüsusilə də SSRİ-dən başlayaraq həmin ölkələrdə "mina"lar basdırılıb. Mina dediyimiz də həllini tapmayan süni münaqişə ocaqları, separatizm və s. aiddir. Bunların arasında yeganə Azərbaycandır ki, bu işğala, separatizmə son qoya bildi. Yaxınlıqda Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı, Ukraynada Krım və s. nümunələri var. Mərkəzi Asiyada isə vəziyyət həqiqətən çox qəlizdir. İki il öncə Qazaxıstanda baş verən hadisələr bütün suallara aydınlıq gətirir... 

Özbəkistanda da partlamağa hazır olan münaqişələr var. Bunun ən ciddi nümunəsi olaraq Qaraqalpaqıstan olaylarını göstərə bilərik. Eyni zamanda Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmaları və s. Bütün bunları saymaqla bitməz. Bəs hər şey bununla yekunlaşırmı? Təəssüf ki, xeyr. Qərb Rusiyanı Türküstandan çıxarmaq istəyirmi? Bəli. Amma onun yerini kim alır? Çin. Çin hazırda Türküstan üçün investor kimi çıxış etsə də perspektivdə çox təhlükəlidir. Çünki savaşı pulla, iqtisadiyyatla aparır...

Cənubi Qafqazda da vəziyyət bir o qədər qarışıqdır. Rusiya burada siyasi təcridlə üzləşirmi? Bunu söyləmək bir qədər çətindir. Azərbaycanla Rusiya arasında münasibətlər ümumilikdə normaldır və öz axarı ilə davam edir. Ermənistandakı sözdə “mübarizə” isə sadəcə olaraq, nonsensdir. Ermənistan Rusiyadan imtina edə bilərmi? Ümumiyyətlə, rəsmi İrəvan Rusiyanı ölkədən çıxara bilərmi? Bu çox mürəkkəb və möcüzəvi hadisədir. Əlbəttə ki, Rusiyanın Cənubi Qafqazdan çıxması müsbət hadisə olardı, lakin bir ölkənin sərhədlərini qoruyan, hava limanına nəzarət edən, iqtisadiyyatının 70-80%-i Rusiyadan asılı olan, həmin ölkədə bir neçə hərbi bazası olan bir ölkə belə asanlıqla təcrid edilə bilərmi? Bir qədər də fərqli pəncərədən baxmağa çalışsaq yenə də fərqli sual yaranır ki, Ermənistan bunu həqiqətən istəyirmi? Əgər istəyirsə, Rusiyaya sanksiyalardan yayınmaqda platsdarm rolunu niyə oynayır? Bütün bunlar faktlardır və ciddi suallar da ortaya çıxarır. Ukrayna cəbhəsində də vəziyyət gərgindir. Qərb ölkələri Rusiyanın qalib gəlməsinə də seyrçi qalmayacaq. Təsadüfi deyil ki, son aylar bəzi Avropa ölkələri artıq yardımlar dayansın deyirdilər. Almaniyanın “Bild” nəşrində “Putin Polşa və Litvaya hücum edəcək” başlıqlı yazı getdi. Əvvəla, Putinin hazırda belə bir savaşda maraqlı olduğunu düşünmürəm. Bu tip yazılar əslində Avropa insanına hesablanıb. Yəni anlatmağa çalışılır ki, əgər yardımlar dayansa və Putin qalib gəlsə, növbəti hədəf sizsiniz. Bütün bunların fonunda isə Qərbin Rusiyaya yanaşmasında hər zaman diqqət çəkən məqamlar olub. Qərb Rusiyanın tamamilə sıradan çıxmasını istəyirmi? Düşünmürəm. Bəli, həmin güclər Rusiyanın öz “qınına” çəkilməsinin tərəfdarıdır. Amma bu o demək deyil ki, Rusiyanı tamamilə sıradan çıxaracaqlar. Hətta deyərdim ki, belə bir təhlükə yaranarsa, Qərb özü Rusiyanı xilas edəcək. Rusiya onlara həm də ona görə lazımdır ki, bölgədə çəkindirici faktor kimi çıxış etsin, Türkiyənin daha da güclənməməsi üçün mane rolunu oynasın və bölgədə ümumi balans yaratsın".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR