İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı həmsədr xüsusi nümayəndə oldu - kritik gəlişmə

Bakıdan fərqli reaksiyalar və gözləntilər

ATƏT-in Minsk Qrupunun (MQ) Rusiyadan olan həmsədri İqor Xovayev Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

Bu qərar əslində Rusiyanın MQ həmsədrliyindən rəsmən çıxması anlamına gəlir ki, bu da Azərbaycanın maraqlarına cavab verir. Az öncə XİN başçısı Sergey Lavrov da MQ formatında ABŞ və Fransanın Rusiya ilə əməkdaşlıqdan imtina elədiyini söyləmişdi.

Bəs xüsusi nümayəndənin missiyası konkret nədən ibarət olacaq? Bakının bu qərara reaksiyası necə olacaq? Xüsusi nümayəndə həqiqətən də Azərbaycanla Ermənistanın barışığına kömək edəcək, yoxsa ayrı hədəflər var?

Yada salaq ki, az öncə Xovayev MQ həmsədri qismində İrəvanda olmuş, XİN rəhbəri Ararat Mirzəyanla görüşmüşdü.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

 Qabil Hüseynli

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Minsk Qrupu faktiki olaraq artıq öz fəaliyyətini dayandırıb: “Biz görürük ki, Rusiyanın beynəlxalq əlaqələri də minimuma endirilib. Beynəlxalq təşkilatlarla bu dövlətin heç bir əlaqəsi yoxdur. Xarici İşlər Nazirliyinin yeni nümayəndə məsələsi də sadəcə olaraq, bu nazirliyə məxsus qərardır. Onlar bu bölgədə iştiraklarını hər zaman saxlamaq istəyirlər. Bütün bunların fonunda görürük ki, bölgədə yeni proseslər cərəyan edir. Yeni siyasi konfiqurasiya formalaşır. Rusiya da buna uyğun olaraq bölgənin işinə qarışmalı deyil. Bununla yanaşı, bölgədəki sülhməramlılarını da geri çağırmalıdır. Azərbaycan çətin ki, Rusiyanın təyin etdiyi bu adamı qəbul etsin, onun Qarabağla bağlı müdaxiləsinə dözsün. Məncə, bu adamın səlahiyyətləri heç bir real gerçəkliyə uyğun deyil”.

Politoloq Xəyal Bəşirov isə “Yeni Müsavat”a açıqlamasında söylədi ki, bu addımlar Azərbaycan dövlətinin maraqlarına uyğundur: “Biz 28 il ərzində sülh istiqamətində danışıqlara sədaqət nümayiş etdirib, beynəlxalq hüququn bütün prinsiplərinə Ermənistandan fərqli olaraq əməl etdik. Problemin sülh və danışıqlar yolu ilə həll olunması üçün Azərbaycan ötən illər ərzində əlindən gələni etdi. Bu, nəticə vermədi və Azərbaycan məcbur qalıb, əks-hücum nəticəsində Ermənistanın təxribatlarına son qoyub, torpaqlarını işğaldan azad etdi. Demək istədiyim odur ki, bütün bunlar bir daha göstərdi ki, ATƏT-in Minsk qrupu heç bir fəaliyyət ortaya qoymadı. Bu, sadəcə ”ölü doğulmuş" qurum idi. Onlar görüntü xatirinə səfər və görüşlərdən başqa heç bir real nəticə ortaya qoymadılar. Bunu prezident İlham Əliyev də özünün çıxışlarında daim qeyd edirdi. Xüsusilə də İkinci Qarabağ savaşına az qalan dönəmlərdə ölkə başçısı haqlı olaraq Minsk Qrupunun üzvlərindən fəaliyyət, nəticə tələb edirdi. Nəticəni  isə görmədik. Müharibədən sonra onların yenidən bölgəyə səfəri, fəaliyyət təklifi haqlı olaraq ölkə prezidentimiz tərəfindən sualla qarşılandı ki, onlar burada hansı işi görəcəklər. Suala isə heç bir cavab verə bilmədilər. Bu gün Rusiyanın, eyni zamanda MQ-nin üzvü olan və olmayan Qərb ölkələrinin regionda sülhün və sabitliyin təminatı istiqamətində çox ciddi maraq göstərdiklərinin şahidi oluruq. Sonuncu Brüssel görüşü zamanı da Avropa Şurasının prezidenti səviyyəsində də çox ciddi səylərin ortaya qoyulmasının şahidi olduq. Üçüncü tərəf olmadan Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı tələb və tövsiyələrini çatdırdı. Düşünürəm ki, burada əsas tələb Ermənistan tərəfinə olmalıdır. Çünki Azərbaycan onsuz da sülh təşəbbüslərini ortaya qoyur. Ancaq bu təşəbbüslərə hələ ki, Ermənistan tərəfindən adekvat cavab gəlməyib".

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

Xəyal Bəşirov

Politoloqa görə, hazırda region çox həssas bir dönəmdədir: “Azərbaycanın dünyadakı rolu çox ciddi şəkildə artmaqdadır. Bu da təbii ki, sülh sazişinin imzalanması və regionda sabitliyin gündəmə gətirilməsini tətikləyir. Çünki diqqət etsək görərik ki, Rusiya ilə Qərb arasında baş verən gərginlik səbəbindən artıq şimaldan Cənubi Qafqaza qədər və buradan başlayaraq, İran dövlətinin ərazisindən Qərbdən Şərqə, Şərqdən də Qərbə qapılar bağlıdır. Cənubi Qafqaz regionu isə yeganə qapıdır. Ona görə də dünya tərəfindən burada sülh üçün ciddi səylər göstərilir. Bu da Azərbaycanın ortaya qoyduğu geosiyasi, geo-iqtisadi reallıqdır ki, bununla artıq bütün dünya barışır, dəstək verir. Proseslər sübut edir ki, Azərbaycan tərəfinin dediyi kimi, Minsk Qrupu artıq fəaliyyətsiz bir qurumdur. İqor Xovayevin isə Azərbaycan Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə töhfə verəcəyini düşünürəm. O cümlədən humanitar missiyaya xidmət etməsi ilə fəaliyyət göstərə bilər.

Biz real olaraq bildiririk ki, münaqişə artıq tarixə qovuşub və region yalnız münaqişədən sonra mövcud olan bəzi problemlər qalıb. Onların da həlli istiqamətində danışıqlar aparılır. Bunlar isə qeyri-müəyyən bir müddətədək davam edə bilməz. Azərbaycan dövlətinin və xalqının da səbir kasası var və bunun daşması labüddür. Düşünürəm ki, Azərbaycan dövləti 44 günlük müharibədə hər şeyi göstərdi. Bunun nəticələri də Ermənistan dövlətinə və cəmiyyətinə aydın oldu. Hesab edirəm ki, onlar bir daha bizim səbrimizi tükətmək istəməzlər. Çünki bunun nəticələri daha ağır olar. Biz indi sülh sazişi istəyirik və bunda dünya da maraqlı olmalıdır. Hesab edirəm ki, artıq Qərblə ciddi gərginlik yaşayan Rusiya dövləti də regionda proseslərin sülh istiqamətində getməsində maraqlı olacaq. Bu gün sanki Qərb ölkələri və Rusiya regionda sülhün bərqərar olması uğrunda yarışa giriblər. Təbii ki, bu, Azərbaycanın maraqlarına uyğundur. Çünki biz daim sülhün tərəfdarı olmuşuq. Hər zaman Azərbaycan tərəfi sülhə razıdır və yetər ki, sərhədlərimizə, ərazi bütövlüyümüzə toxunulmasın".

Əli RAİS,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR