İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan kasıb dövlətlərə pulsuz taxıl təklifi: Məqsəd nədir?

Ukrayna taxılının dünya bazarına çıxarılması üçün formalaşdırılan Taxıl dəhlizi kommersiya layihəsinə çevrilib.

Musavat.com xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə səsləndirib.

Rusiya rəsmisinin dediyinə görə, hər ay dəhlizlə BMT xəttilə Afrikanın kasıb ölkələrinə çatdırmaq üçün cəmi 2 gəmi çıxırdısa, kommersiya məqsədli gəmilərin sayı 90-a çatırdı: “Avropa İttifaqı qlobal aclıq ehtimalından danışmaqdansa, öz ərazisində toplanan Ukrayna taxılının, limanlarında qalan Rusiya gübrələrinin kasıb ölkələrə çatdırılmasını təmin etsin”.

S.Lavrov bir daha bəyan edib ki, ölkədi Taxıl dəhlizinin fəaliyyətinin davam etməsi üçün hər hansı əsas görmür:

“Qara dəniz təşəbbüsü davam etməyəcəyi təqdirdə, biz kasıb ölkələrə o dəhlizlə çatdırılandan daha çox həcmdə taxılı əvəzi ödənilmədən çatdıracağıq”.

Qeyd edək ki, arxada qalan mövsümdə Rusiyada rekord həcmdə taxıl toplanıb. Ötən müddətdə bu taxılın əhəmiyyətli hissəsi ixrac olunub. Bazardakı məhsul bolluğu qiymətləri aşağı saldığına görə bir sıra ixracatçılar məhsulu əlverişli şərtlər yarananadək satmamaq qərarına gəliblər. Nəticədə yeni mövsümə Rusiya böyük ehtiyatlarla daxil olur. Yeni mövsümdə də məhsulun bol olacağı gözlənildiyinə görə Rusiya əsas rəqibi olan Ukrayna taxılının dünya bazarına əsas çıxışını bağlamağa çalışır. Buna görə də Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi üçün Ukraynanın və Qərbin qəbul etməyəcəyi tələblər irəli sürür.

Lavrovun kasıb ölkələrə pulsuz taxıl verəcəklərinə dair açıqlaması kasıb Afrika ölkələrinin etirazının qarşısını almaq, eyni zamanda həmin ölkələri təsir altında saxlamaq məqsədi daşıyır. Son bir ildə Rusiya Qərbə sata bilmədiyi məhsullarına bazar tapmaq üçün Asiya və Afrika ölkələri ilə təmasları intensivləşdirib. Öz əhalisini taxılla təmin edə bilməyən kasıb Afrika ölkələrinin hökumətləri taxıl müqabilində beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-də Rusiyaya qarşı qərarların qəbulu əleyhinə səs verə bilərlər. İndiyədək Rusiya bu üsuldan dəfələrlə yararlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR