Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Rusiyanın Tver vilayətində azərbaycanlı sürücü idarə etdiyi avtomobillə Rusiya Daxili İşlər Nazirliyinin Tver vilayəti üzrə İdarəsinin əməkdaşı Olqa Osipovanı vurub. Qadın vəfat edib. Rusiya mediası isə diqqəti hər yerdə baş verə bilən bu yol qəzasına deyil, hadisəni törədən şəxsin milliyyətinə fokuslayıb. Yəni “qaşınmayan yerdən qan çıxarmağa” çalışıb.
Bu mənada başlıqlarda “Azərbaycanlı miqrant” ifadəsinin təkidlə işlədilməsi, hadisənin məzmunundan çox emosional, qızışdırıcı tonla təqdim olunması təsadüfi deyil. Son aylarda, xüsusilə Rusiya ilə Azərbaycan arasında baş verən təyyarə insidenti və diplomatik gərginlikdən sonra Kremlə yaxın media resursları miqrantlara, xüsusilə də müsəlman və azərbaycanlı icmasına qarşı aqressiv ritorika formalaşdırıb. Adi bir yol hadisəsi, bir bazar insidenti, hətta parklanma mübahisəsi belə “Azərbaycanlı miqrantın qəddarlığı” kimi təqdim edilir.
Bu günlərdə Rusiya şəhərlərindən birində cüzi bir parklanma mübahisəsi zamanı azərbaycanlı və yerli sakin arasında baş vermiş qarşıdurma buna bariz nümunədir. Hadisə bir neçə dəqiqəlik söz davası olsa da, Kremlin nəzarətindəki kanallar bunu “miqrant təhdidi”, “Azərbaycanlıların aqressiyası” kimi təqdim etdi. Hətta hüquq-mühafizə orqanlarının reaksiyası da qeyri-mütənasib oldu – sanki qarşılarında cinayətkar dəstə varmış kimi davranıldı.
Rusiya mətbuatında azərbaycanlıların adının bu şəkildə xüsusi vurğulanması, sadə qəzanın “etnik kontekstdə” təqdim olunması müasir informasiya faşizminin təzahürü sayıla bilər. Bu qəza bir insan faciəsidir, lakin onu milliyyət kontekstində qabartmaq artıq informasiya cinayətidir. Rusiya mətbuatı bu üsulla həm azərbaycanlılara, həm də öz cəmiyyətinə zərbə vurur - nifrət toxumu səpir, multietnik dövlətin əsaslarını sarsıdır...
Rusiya KİV-də Azərbaycana qarşı kin-hikkə, şovinist yanaşma niyə bitmir? Bu ölkədə “vəhşi azərbaycanlı” obrazının sifarişçisi kimdir?

Azər Həsrət
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a danışıb. Siyasi şərhçinin fikrincə, Rusiya çöküş ərəfəsindədir:
“Ona görə də hər gələn onun üzərinə şığıyır, hücum edir, düşünür ki, bəlkə bu yolla özünü islah edə biləcək. Lakin boşuna, özlərinə əziyyət verirlər, xilas yolları yoxdur. Azərbaycanlılara və digər türklərə, müsəlmanlara qarşı bu nifrət və düşmənçilik də bundan qaynaqlanır. Yəni, Rusiya və rus milləti elə bilir ki, onların problemlərinin səbəbkarı miqrantlardır, başqa millətlərdir. Halbuki dönüb özlərinə diqqətlə baxsalar görərlər ki, problemlər özlərindən qaynaqlanır.
Nədir bu problemlər? Əlbəttə ki, Rusiyanın müəyyən hissəsində, rus xalqının bəzi təbəqələrində 21-ci əsrdə bir millət kimi özünü təsdiq edə bilməməkdir. Dünyada millətlər tərəqqi edir, irəli gedir, daha müasir və mədəni olur. İnsanlar arasında xoşgörü, tolerantlıq, dostluq yüksək səviyyəyə qaldırılır, amma biz Rusiyada bunun əksini görürük, özü də səbəbkar rus millətidir. Yəni, mən səbəbi şərh edirəm, rus millətinə nifrət üçün demirəm, sadəcə kənardan baxıb diqqətlə müşahidə edib görə bilən biri kimi deyirəm.
Əgər rus millətinə nə baş verdiyini soruşsalar, biz dostyana surətdə onlara deyərik. Biz istəmirik ki, millətlər arasında qarşıdurma, dava-dalaş, nifrət olsun. Lakin təəssüf olsun ki, rus milləti, xüsusən də bu millətin başında duranlar, təbii ki, Rusiyanın rəhbərliyi, Kreml bu məsələlərə diqqət ayırmaq fikrində deyillər. Onlar rus şovenizmi ilə silahlanıb, orta əsr təfəkkürü ilə dövlət idarə etməyə çalışırlar.
Necə ki, cənubumuzda fars mollaların rejimi İranı orta əsr təfəkkürü ilə idarə edir, qütbümüzdə isə Kreml və onun başında duranlar Rusiya Federasiyası adlı imperativ, işğalçı dövləti orta əsr rəfəqi ilə idarə etməyə məcbur olurlar. Ona görə də ən adi hadisə baş verən kimi insanın kimliyi ön plana çıxır.
Yeri gəlmişkən deyim ki, rusların nəinki bir çox kişiləri, hətta bir çox qadınları belə spirtli içkidən gün ərzində ayıla bilmirlər. İndi biz deyə bilmərik ki, bütün rus milləti belədir, əlbəttə ki, yox. Amma içki içib əyləncə zamanı kimisə döyən, təhqir edənlər varsa, dünyanın hər yerindəki rusları ümumilikdə qınamaq düzgün deyil. Belə cılız təfəkkürdən irəli gələn yanaşmadır. Təəssüf ki, Rusiyada bu cılızlıq davamlı şəkildə müşahidə edilir”.
Azər Həsrət qeyd edir ki, xüsusilərə azərbaycanlılara qarşı bu cür nifrət Rusiyanın çöküşünü sürətləndirir:
“Çünki Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, müstəqil Respublika kimi say etibarı ilə kiçik olsa da, dünya siyasətinə təsir göstərə bilən, dünya ictimai rəyini formalaşdırma qabiliyyətinə malik gücdədir. Əgər bu addımlar onların öz ayağına atdığı güllədirsə, heç bir problem yoxdur. Yəni, Rusiyanın başına nə gəlirsə, öz xasiyyətindən, öz səhvlərindən gəlir. Yoxsa onlar düşmən uydurub, başqa qardaş xalqların məsələn, ukraynalıların torpaqlarını işğal edir, yerin altını üstünü çevirib minlərlə, yüz minlərlə insanı məhv edir, kəndləri dağıdırlar. Bu xislətlə Rusiya çox da uzağa gedə bilməyəcək”.
Xalidə Gəray
“Yeni Müsavat”
05 Noyabr 2025
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ