Onlayn ictimai-siyasi qəzet
Rusiyada Federal Penitensiar Xidmət Müdafiə Nazirliyinin əmri ilə xidmətə yararlı olanların siyahısını tərtib edir. HİV-ə yoluxmuş insanlar, pedofillər, terrorçular və silahlı dəstələrin təşkilatçıları istisna olmaqla, hamı cəbhəyə göndərilir. Məhbuslar arasında müharibəyə getmək istəyən demək olar ki, yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə “Gulagu.net” insan haqları təşkilatı məlumat yayıb.
Təşkilatın rəhbəri Vladimir Oseçkinin sözlərinə görə, iyulun sonundan etibarən məhkumların yaxınlarına bununla bağlı məlumatlar gəlməyə başlayıb. Avqustun 2-də Federal Penitensiar Xidmətin direktoru Arkadi Qostev tərəfindən həbsxana rəhbərlərinə məhkumların şəxsi işlərinin araşdırılmasının nəticələrini, hərbi xidmətə yararlı olanların siyahısını tərtib etmək tapşırığı gəlib.
Məhkumların yaxınlarının verdiyi xəbərə əsasən, Novosibirsk, Saratov, Lipetsk, Voronej, Rostov, Tomsk və Nijni Novqorod vilayətlərinin cəzaçəkmə müəssisələrində cəbhəyə məcburi köçürməyə hazırlıq gedir.
“HİV-ə yoluxmuş insanlardan başqa hamını götürürlər. Məhbuslardan razılıq belə alınmır. İnsanlar Ukraynaya getməmək üçün özlərini HİV-ə yoluxan kimi qələmə verirlər” - deyə xəbərdə bildirilir.
Rusiyada qəbul edilmiş yeni qanunlara görə, artıq məhkumların cəbhəyə getməmək şansları qalmayıb. Bununla bağlı Dövlət Duması bu yaxınlarda “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Səfərbərlik hazırlığı” qanunlarına dəyişikliklər qəbul edib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ