Onlayn ictimai-siyasi qəzet
Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya hazırda dünyada ən çox sanksiya tətbiq olunan ölkədir. Sanksiyaları izləyən «Castellum.AI» şirkətinin hesablamalarına əsasən, 2022-ci ilin 24 fevralından bəri Rusiya iqtisadiyyatı, vətəndaşları və şirkətlərinə qarşı 13 500 qadağa və məhdudiyyət tətbiq olunub.
Ölkəyə qarşı Maqnitski aktı və Krımın işğalına görə tətbiq oluna sanksiyaları da nəzərə alsaq, onların sayı 16 mini keçir. Beləliklə, rahatlıqla demək olar ki, Rusiya sanksiya sayına görə mütləq dünya çempionudur. Bu göstərici üzrə ölkə İranı 3 dəfə geridə qoyur...
Bu qədər sanksiyaların qarşılığında artıq 18 aydır ki, Rusiya Ukraynada işğalçı və haqsız müharibəni davam etdirir, bu ölkəyə gündə minlərlə raket və mərmi yağdırır. Müasir silah və xüsusilə raket və dron istehsalında Qərbdən böyük ölçüdə asılı olan ölkə müharibəni necə davam etdirir? Minlərlə raket necə istehsal olunur? Aydın məsələdir ki, qısa müddətdə Rusiyanın hərbi sənaye üçün zəruri Qərb texnologiyaları, hissələri yerli istehsalla əvəz etməsi mümkün deyil. Bu halda yeganə variant zəruri materiallar, avadanlıq və hissələrin sanksiyalardan yayınmaqla ikili idxalının təşkilidir. Artıq 2022-ci ilin ortalarından etibarən Qərd ölkələri Rusiyaya qadağan olunan malların ikili idxalının qarşısını almağa çalışırlar. Avropa İttifaqının sonunncu - 11-ci sanksiya paketi məhz buna yönəlib. Lakin bu idxalın qarşısını almaq mümkün olmayıb.
Qeyd edək ki, Rusiya hakimiyyəti Ukraynaya hücumdan az sonra - aprel ayında xarici ticarət statistikasını gizlətməyə başlayıb. Və bu addım təsadüfi olmayıb, Rusiyanın Qərb məhsullarını gizlin yolla əldə etməsinə dair məlumatları gizli saxlamağa hesablanmış addımdır.
Rusiya hökuməti gizli idxalın açıqanmamasına çalışsa da, Qərb şirkətləri dolayı yollarla işğalçı ölkəyə sanksiyalardan yayınmağa kömək edən şəxslər, şirkətlər və ölkələr barədə məlumatları toplamağa başlayıblar.
Rusdilli “Verstka” portalının apardığı araşdırmadan aydın olur ki, bu ilin birinci yarısında Rusiya 502 milyon dollarlıq Qərb şirkətlərinin qadağan olunan çiplərini idxal edib. Hansı ki, məhz həmin çiplər Rusiyanın Ukraynaya yağış kimi yağdırdığı raketlərin istehsalında istifadə edilir.
Altı ayda Rusiya həmçinin mülki aviasiya üçün 171 milyon dollarlıq Qərb ehtiyat hissələri, 389 milyon dollarlıq iPhone telefonları idxal edib. İkili idxal yolu ilə ölkəyə «Airbus» mühərriklərindən tutmuş, məişət texnikasına qədər hər şey gətirilir.
Məlumdur ki, Rusiya müdafiə sənayesi kəskin şəkildə xarici mikroçip və mikroprosessorlardan asılıdır. Məsələn, X-101 qanadlı raketlərinin istehsalında «Intel» prosessorlarından, «Xilinx» və «Texas Instruments» çiplərindən, «Analog Devices Inc». ötürücülərindən istifadə olunur. Rusiyanın ən aparıcı silahlarından hesab olunan bu raketlərin istehsalı davam etdirilir. Necə? Bunu Rusiyanın gizlədilən gömrük statistikasından aydın görmək olur. Belə ki, son 6 ayda Rusiyaya 98 milyon dollarlıq ABŞ-ın Analog Devices Inc. şirkətinin, 75 milyon dollarlıqdan yuxarı «Xilinx» şirkətinin, 42 milyon dollarlıqdan yuxarı «Microchip Technology», ən azı 38 milyon dollarlıq «Texas Instruments» şirkətinin, 28 milyon dollarlıqdan yuxarı olan Almaniyanın Infineon şirkətinin məhsulu olan komponentlər idxal edilib. Bundan əlavə, «Marvell» şirkətinin məhsulu olan 11 milyon dollarlıq, «Cypress Semiconductor» şirkətinin məhsulu olan 3,8 milyon dollarlıqdan yuxarı, «Amtel» şirkətinin məhsulu olan 2,7 milyon dollarlıqdan yuxarı çiplər gətirilib.
ABŞ-ın Intel və AMD şirkətlərinin istehsal etdiyi müvafiq olaraq 196 milyon və 35 milyon dollarlıq mikroprosessorlar da 6 ayda Rusiyaya idxal olunan məhsullar sırasındadır.
Portalın araşdırmaları zamanı aydın olub ki, demək olar ki, bütün Qərb elektronikası Rusiyaya Çin və Honqkonq üzərindən idxal edilir. Məsələn, «Intel» komponentlərini Rusiyaya ən çox göndərən ilk 3 şirkətin üçü də Honkonq şirkətləridir: «Time art international limited» (40 milyon dollarlıq komponent göndərib), «Union Tech Inc. Limited» (17 milyon dollarlıqdan yuxarı) və «Dexp International Limited» (15 milyon dollara yaxın).
İkili məqsədli çipləri Rusiyaya yüzlərlə şirkət gətirir. Onlardan ən böyüklərindən 23-nə qarşı ABŞ sanksiya tətbiq edib. Bunlar VMK və “Testkomplekt” şirkətləridir. Lakin sanksiyalar onların idxalına mane olmayıb - ilin əvvəlindən bəri 20 milyon dollarlıq idxal reallaşdırıblar. BMK daha 10 milyon dollarlıq «Xiling» elektronikası da idxal edib. Bu şirkətin çipləri yalnız raket deyil, “Orlan” PUA-larının istehsalında da istifadə olunur.
Çip Rusiya hərb sənayesinin istifadə etdiyi yeganə Qərb məhsulu deyil. Bura dəzgahlar da aiddir. Onların da Rusiyaya satışı qadağan olunsa da, birinci yarımildə “Unimatik” şirkəti 5 milyon dollarlıq Almaniyanın «Arinstein» və İtaliyanın «O.M.V.» şirkətlərinin istehsalı olan dəzgahlar idxal edib.
Bu ilin altı ayında Rusiyaya həmçinin 9 milyon dollarlıq 52,4 min ədəd optik nişangahlar gətirilib. Onlar Çin, ABŞ və və Yaponiya istehsalıdırlar.
Rusiyaya ikili idxalda Ermənistan şirkətləri aktiv şəkildə iştirak edirlər. Məsələn, Rusiyanın “Pobeda” şirkəti bu ilin yanvarında iki dəfəyə 580 min dollarlıqdan yuxarı Honeywell şirkətinin məhsulu olan qeyri-hərbi məqsədli radiolokasiya aparatları gətirib. Hər iki halda göndərici Ermənistanın «A Trade service» şirkətidir.
Sanksiyalı məhsulların idxalını təmin etmək üçün Rusiya şirkətləri üçüncü ölkələrdə yerli vətəndaşların da iştirakı ilə yeni şirkətlər təsis edirlər. Belə təsis ölkələri qismində daha çox Türkiyə və Çin çıxış edir. Elektronika məhsulları üçün əsasən Çin və Honqkonq seçilir. Kiçik ehtiyat hissələri üçün Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan istifadə olunur.
Rusiya portalı müəyyən edib ki, Ermənistan vasitəsilə idxalda İran da iştirak edir. Belə ki, əgər gətirilən mal böyük partiyadırsa, onu təyyarə ilə Rusiyaya çatdırmaq baha başa gəldiyinə görə TIR-larla İrana keçirilir, oradan isə gəmilərlə Xəzər dənizindən Rusiya limanlarına daşınır. Ermənilər belə yükləri Gürcüstan üzərindən göndərə bilmirlər - gömrük orqanları sərt nəzarət tətbiq edir. Portala danışan Ermənistanın «Right-flow» şirkətinin təmsilçisi Armen bildirib ki, ölkəsi kiçik partiya malların Rusiyaya çatdırılmasında aktiv rol oynayır. Böyük partiya mallar üçün daha böyük iqtisadiyyata malik ölkələr seçilir: sifarişlər Ermənistan iqtisadiyyatı üçün ağlabatan olmur və istehsalçıda şübhə oyadır. Honkonq, Çin, BƏƏ kimi ölkələrdən isə iri partiyaları rahat sifariş edə bilirlər.
Maraqlıdır ki, Rusiyaya yalnız Yaponiyanın istehsalı olan malların ikili idxalının təşkili demək olar ki, qeyri-mümkündür. Çünki Yapon şirkətləri hər bir sifarişi tam detalları ilə araşdırır, son alıcını müəyyən edir, alqı-satqı yekunlaşıb, mal alıcıya çatdıqdan sonra gedib onu yerində yoxlayırlar. Armenin dediyinə görə, Yapon şirkətlərinin nümayəndələri az qala alınan hər detalın məhz alıcı ölkədə qalıb-qalmadığına nəzarət edirlər. Lakin ABŞ və Avropa Birliyinin məhsulları ilə bağlı belə nəzarət qurulmayıb. Digər tərəfdən, bu ərazilərdən məhsullar əsasən Çindəki sifarişçilər tərəfindən alınır. Satıcı onu Çin limanına daxil olana qədər izləyə bilir, Çindəki qapalı rejim şəraitində malın sonrakı hərəkətini izləmək demək olar ki, qeyri-mümkündür.
İkili idxal məhsullarının dəyərinin ödənməsi üçün Rusiya şirkətləri 3-cü ölkələrdəki şirkətlərdən istifadə edirlər. Bu zaman daha çox Honqkonq və Çin üzərindən maliyyələşməyə üstünlük verilir. Hətta Ermənistandan belə sifariş olunan malın dəyərini Honqkonqdakı şirkət ödəyə bilir. Çindən alınan mallar üçün Rusiya şirkətləri birbaşa Çindəki tərəfdaşa ödəniş edirlər. Lakin bəzi Çin bankları belə əməliyyatları həyata keçirmirlər. Məsələn, Çinin ən böyük dövlət banklarından olan ABC Rusiya şirkətləri ilə heç bir əməliyyatı reallaşdırmır. Çünki beynəlxalq əhəmiyyətli bankdır və əsasən Qərb ölkələri ilə işləyir. Xırda banklar isə rahatlıqla Rusiya ilə əməliyyatları icra edirlər.
Çin Gömrük İdarəsinin məlumatından aydın olur ki, 2023-cü ilin birinci yarısında bu ölkədən Rusiyaya ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 177 faiz artmaqla 29,55 milyard dollardan 52,3 milyard dollara yüksəlib. Son aylarda Avropa İttifaqı və ABŞ-ın Çini Rusiyaya yardımdan çəkinməyə çağırışları, belə görünür ki, əsassız deyil. Pekin hər nə qədər belə yardımı göstərmədiyini iddia etsə də, Rusiyanın gömrük statistikası reallığı açıq şəkildə ortaya qoyur. Bu isə o deməkdir ki, yaxın aylarda Çinlə ABŞ, Avropa İttifaqı arasında münasibətlər daha da pisləşəcək.
Avropa İttifaqı və ABŞ-ın ikili idxala qarşı nəzarəti sərtləşdirməsi Rusiya üçün mal və məhsulların dəyərini kəskin artırır. Artıq ötən il 10 dollara başa gələn bir məhsulun idxalı indi 20 dollardan yuxarı xərc tələb edir. Bu isə Rusiyanın xərclərini kəskin şəkildə artırır. Ölkənin əsas məhsulu olan neft və qazın qiymətindəki kəskin azalma gəlirləri də azaldır. Digər tərəfdən, Rusiyanın hərb sənayesi üçün ikili idxalda ən çox yararlandığı Çinin ixracı sürətlə azalır. Bunun əsas səbəbi ABŞ və Avropa İttifaqı ilə münasibətlərdəki soyuqlaşmadır. Pekinin Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrə ixracı trilyon dollardan yuxarıdır. Bu, Çin hakimiyyətinin belə ixrac bazarını itirmək, yoxsa Rusiyaya yardım etmək arasında seçim qarşısında qalmaq təhlükəsini getdikcə artırır. Kommunist rejiminin ölkə iqtisadiyyatını iflasa aparan birinci yolu seçəcəyi çox az ehtimal olunan variantdır...
Dünya SAKİT,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ