Onlayn ictimai-siyasi qəzet
İngiltərə və Uelsin ali məhkəmələri Rusiyanın üç media korporasiyasının – “Russia Today”, “Spas” və “Tsarqrad” telekanallarının sahiblərinin bu ölkələrdə məhkəmələrdə Google-un aktivlərinin ələ keçirilməsi tələbi ilə iddia qaldırmalarını qadağan edən qərar qəbul edib.
Musavat.com “Bloomberg” agentliyinə istinadla yazır ki, məhkəmənin qərarı ABŞ və Böyük Britaniyadan başqa istənilən ölkədəki proseslərə də şamil edilir. 2024-cü ilin əvvəlində Google bu dövlətlərin məhkəmələrində Rusiya cərimələrinin icrasını ləğv etmək tələbi ilə iddia qaldırmışdı.
Google-a tətbiq edilən cərimələrin məbləği astronomik dəyərə çatıb - 125 milyon dollar.
Eyni zamanda Rusiya KİV-ləri Türkiyə, Serbiya, Cənubi Afrika, İspaniya, Vyetnam, Əlcəzair, Misir və digər ölkələrin məhkəmələri vasitəsilə ödənişlər əldə etməyə çalışıb. Xüsusilə, RT telekanalı YouTube platformasındakı hesablarına qoyulan məhdudiyyətlərə görə dəymiş ziyanın ödənilməsini tələb edib.
Google nümayəndəsinin sözlərinə görə, Rusiya məhkəmələri illərlə korporasiyanı Rusiya təşkilatlarına qarşı beynəlxalq sanksiyalara əməl etdiyinə və onun platformalarında məlumatlara çıxışı məhdudlaşdırdığına görə cəzalandırmaq üçün cərimə və sanksiyalardan istifadə edib.
Xatırladaq ki, 2024-cü ilin oktyabrında Rusiyanın 17 media orqanı, o cümlədən 1-ci Kanal, NTV, “Rossiya 1” və “Rossiya 24” YouTube hesablarının bloklanmasına görə Google-un iki undesillon (ədəddən sonra 36 sıfır) rubl təzminat ödəməyi tələb edib.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ