Onlayn ictimai-siyasi qəzet
Çox yaxşı yadımdadır, hələ ötən əsrin doxsanıncı illərinin lap əvvəllərində bir rusiyalı politoloq - siyasi analitik ölkəsinə qarşı geosiyasi təhdidləri müəyyənləşdirməyə çalışmış və onları bir neçə tezis şəklində qeyd etmişdi.
Bu tezislərdən dördüncüsü bu idi ki, rəqib geosiyasi və geoiqtisadi güclər qlobal və regional kommunikasiya xətlərini Rusiyadan kənarda keçirməyə çalışacaqlar.
İllər keçəndən sonra bu detalı niyə xatırladıq? Hazırda politoloqlar Rusiya və Ermənistan liderlərinin sonuncu görüşündən çox danışırlar və yəqin ki, hələ bir müddət bu müzakirələr davam edəcək. Aydın məsələ idi ki, tərəflər ikitərəfli münasibətləri və bir də Azərbaycan-Ermənistan münaqişəsini müzakirə edəcəklər. Qeyd etmək lazımdır ki, həm ikitərəfli münasibətlərdə, həm də Azərbaycan-Ermənistan münaqişəsində bir yığın problem var. Biz onları detallarına qədər müzakirə etməyəcəyik, bircə onu qeyd edəcəyik ki, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri son vaxtlarda xeyli sarsılıb - bir tərəfdən ziddiyyətlərlə, irəliləmələrlə və geriləmələrlə olsa da, İrəvan onun üçün cızılmış xətdən ayağını kənara qoymağa cəhd edir, digər tərəfdən Azərbaycan-Ermənistan münaqişəsi hal-hazırda Rusiyanın otuz illik nəzarətindən çıxmaq üzrədir. Düzdür, hələ ki erməni baş naziri Nikol Paşinyanın bəyanatları və siyasi addımları ziddiyyətli xarakter daşıyır - bir tərəfdən o, ABŞ-ın və Avropanın çətiri altında baş tutan hər ciddi görüşdən sonra Rusiyaya yollanır və sanki bu hərəkətlərilə Kremlə hesabat verməyə və onu arxayın etməyə çalışır ki, o, Rusiya ilə münasibətlərinə sadiqdir.
Amma daha ciddisi budur ki, erməni baş naziri oyun oynayır və Qərblə Rusiya arasında manevr etməklə vaxt udmağa çalışır. Fəqət, bunlar heç də taktiki xarakterli siyasi gedişlər deyil - regionda Rusiyanın mövqelərinin zəifləməsi ciddi strateji xarakter daşıyır. Kreml bölgədə qalmağın alternativ yollarını aramaqdadır. Hazırda onun Dağlıq Qarabağdakı sülh missiyası tamam ifşa olunmaqdadır və 2025-ci ildə onların bölgədən çıxarılması haqqındakı çağırışlar sistemli və mütəmadi xarakter alır. Digər tərəfdən də Ermənistan real olaraq ərazisindəki Qərb missiyasını gücləndirməyə çalışır və bura KTMT-nın missiyasını dəvət etməyə tələsmir. Belə olan şəraitdə Rusiya nə etməlidir? Regiondakı mövqelərini necə qorumalıdır?
Burada qeyd edək ki, Rusiyanın Ermənistandakı mövqeləri o qədər dərin və çoxşaxəlidir ki, adam onun nə vaxtsa bu ölkədən gedə biləcəyinə elə də inanmır. Amma hər şeyin bir sonu olur və bu münasibətlərin də bir gün sonu olacaq. Bəs Rusiya bunun müqabilində nə etməyə çalışır? Nə qədər qəribə olsa da, Kremlin əsas ümidləri Zəngəzur dəhlizi ilə bağlıdır. Qeyd edək ki, Rusiya bu layihənin əleyhinə deyil. Amma burada bir ciddi məqam var - Moskva güman edir ki, dəhlizin təhlükəsizlyini təmin etməyi ona tapşıracaqlar.
Amma gəl, bunu nə İrəvan istəmir, nə də ki, Qərb və məhz elə bu səbəbdən yazının lap əvvəlində Qərbin bir planını-Rusiyanı kommunikasiya xətlərindən kənarda qoymağı qeyd etdik. Amma Zəngəzur dəhlizi Rusiyanın son ümididir, çox güman ki, 2025-ci ildə onun bölgədəki sülhməramlı missiyasına son deyiləcək. Bu yaxınlarda Rusiya baş nazirinin müavini dedi ki, gələcək dəmiryolu xətti ilə bağlı əsas məqamlar razılaşdırılıb. Üstəgəl, burada bir detalı da qeyd edək ki, Ermənistanın dəmiryolu şəbəkəsi Rusiyanın nəzarətindədir və buna görə də Zəngəzur layihəsini reallaşdırmaq onun üçün elə də çətin deyil. Əsas məsələ budur ki, bu layihənin ağası kim olacaq? Qərb və Ermənistan bu məsələni Rusiyaya həvalə edəcəkmi? Prinsipcə, Kreml Ermənistanı gec və ya tez buna razı sala bilər. Amma buna Qərb razılıq verəcəkmi?..
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ