İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya qızılı 2-ci dəfə “mühacirət” etməli olub

Ukraynaya işğalçı hücumdan dərhal sonra Londonun qızıl bazarından qovulan Rusiya qızılı yenidən “mühacirət” etməli olur. Belə ki, Böyük Britaniya öz platformalarında Rusiya qızılı ilə ticarəti qadağan etdikdən sonra Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri bu məhsulun ticarət mərkəzinə çevrilib.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, 2022-ci ildə Rusiyadan Dubaya 96,4 ton qızıl külçə daşınıb. BƏƏ G7 və Aİ-nin sanksiyalarından kənarda qalaraq, Rusiya qızılının ticarətini əlaqələndirməkdən çəkinməmişdi.

Lakin son aylarda Rusiya qızılı Dubaydan Honqkonqa köçü diqqəti cəlb edir. Şəhər uzun müddətdir ki, dünyanın ən böyük istehlak bazarı olan Çinə külçələrin daxil olması üçün əsas kanal olub. Aprel ayından etibarən Rusiyadan Honqkonqa tədarüklər sürətlə artıb. Honqkonq bu il 68 ton Rusiya qızılı idxal edib ki, bu da bütün 2022-ci ildəkindən dörd dəfə çoxdur.

Honqkonqa köçməyə səbəb isə ABŞ-ın Rusiyanın iri qızıl mədənçilərinə tətbiq etdiyi sanksiyalar, habelə Birləşmiş Ərəb Əmirliklərinin qiymətli metallar bazarında qanunsuz fəaliyyətə görə repressiyaları olub.

Ukraynanın işğalından əvvəl Rusiyadan ixrac edilən qızılın demək olar ki, hamısı dünyanın külçə ticarətinin mərkəzi olan Londondakı anbarlara göndərilirdi.

Rusiya qızılının Londona girişi əngəllənəndə, külçələrin Yaxın Şərq və Asiya bazarlarına əsas tranzit mərkəzi olan Dubay ən çox qazanan oldu.

Lakin Çirkli Pulların Yuyulmasına qarşı Mübarizə üzrə İşçi Qrupu – FATF BƏƏ-ni “boz” siyahıya saldıqdan sonra ərəblər Rusiya ilə ticarətin qazancı ilə bu siyahıya düşməyin itkisini müqayisə edərək, ikincinin daha böyük olduğunu gördülər.

BƏƏ hələlik Rusiyadan qızıl idxalına qadağa qoymasa da, həcmlər əhəmiyyətli dərəcədə azalıb. “Boz” siyahıda olduğuna görə BƏƏ-yə bank köçürmələri artan nəzarətə məruz qalır və nağd ödənişlər məcburi dövlət məlumat bazası vasitəsilə izlənilir, bu da Rusiya ixracatçıları ilə hesablaşmaları çətinləşdirir. Mənbələr bildiriblər ki, ABŞ-ın may ayında Rusiyanın ən böyük qızıl mədənçiləri olan ASC “Polyus” və yerli bölmə “Polymetal International Plc”ə tətbiq etdiyi sanksiyalar BƏƏ treyderləri və banklarının onlarla işləməkdən yayınmasına səbəb olub.

"ImportGenius" ticarət izləmə şirkətinin Rusiya gömrük statistikasına əsaslanan ilkin məlumatlarına görə, bəzi Dubay qızıl alıcıları tədarüklərini Honqkonqa yönləndirməyə başlayıblar. Digər BƏƏ firmaları isə Rusiya qızılı ilə ticarətdən tamamilə imtina etdilər. Eyni zamanda “Emirates Group” aviaşirkətinin bir hissəsi olan dövlət logistika elan edib.

BƏƏ hökumətinin rəhbərlik etdiyi Qızıl Külçə Komitəsi "Bloomberg"ə açıqlamasında hər hansı sanksiya pozuntusuna yol verilmədiyini bildirib: “BƏƏ-də qeyri-qanuni mallar, çirkli pulların yuyulması və sanksiya tətbiq edilən qurumlarla mübarizə aparmaq üçün aydın və möhkəm proseslər var və qızıl ticarətində ən yüksək beynəlxalq idarəetmə standartlarını tətbiq edir”.

Açıqlamada o da qeyd edilir ki, BƏƏ "BMT tərəfindən müəyyən edilmiş bütün tətbiq olunan beynəlxalq qaydalara uyğun olaraq" ticarəti davam etdirəcək.

Ötən həftə Britaniya Rusiya qızıl ticarəti ilə əlaqəli şirkətlərə, o cümlədən ölkədən 300 milyon dollar çıxaran, Dubayda yerləşən “Paloma Precious DMCC”yə qarşı yeni sanksiyalar tətbiq etdi. Şirkət əvvəllər “Emirates Gold DMCC” neft emalı zavodunun səhmdarı olub. Sanksiyalardan sonra mülkiyyəti ilə bağlı narahatlıqlara görə BƏƏ-nin akkreditasiya siyahısından çıxarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR