İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya prezidentinin qızı haqqında yeni fantastik qəhrəmanlıq hekayəsi yayılıb

Rusiyanın Z-kanalları (Kremlə yaxın telegram kanalları) Putinin böyük qızı olduğu iddia edilən Mariya Vorontsovanın "Xüsusi Hərbi Əməliyyat" zonasında atəş altına düşdüyünü və yaralanmasına baxmayaraq, yaralı əsgərlərə kömək etdiyini iddia edərək, bu "qəhrəmanlıq hekayəsini" tirajlayır.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, onların iddiasına görə, Mariya Vorontsova hazırda hospitalda reabilitasiyadan keçir.

Lakin bu "xəbərin" ilkin mənbəyinin feyk xəbərləri ilə tanınan və dəfələrlə yalan məlumat yaydığına görə ifşa olunmuş Yakutiyalı "Vahid Rusiya" partiyasının üzvü olan bir siyasətçinin Telegram kanalı olduğu üzə çıxıb.

“Həmin Məlumata görə, Mariya Vorontsova hərbi əməliyyat zonasında 10 min yaralı əsgərin müalicə olunduğu səyyar hospital təşkil edib. Bu hospital mühasirəyə düşüb və bombardmana məruz qalıb. Vorontsovanın isə tibb işçiləri ilə birlikdə yaralıları xəstəxanadan çıxardığı bildirilir. "Beşinci əsgəri çıxararkən minaatan partlaması nəticəsində kontuziya olub və qəlpə yarası alıb, lakin özünü sarıyaraq tibbi yardımı davam etdirib. Vladimir Putin isə bu barədə heç nə deməməyi üstün tutub", – deyə Z-kanalları yazır.

Gələn xəbərlər görə, bu "qəhrəmanlıq hekayəsi" bir həftə ərzində 180-dən çox Telegram kanalında dərc edilib. Eyni məlumat "VKontakte" sosial şəbəkəsində də yüz minlərlə izləyicisi olan böyük qruplarda yayılıb. Vorontsova "dövrümüzün qəhrəmanı" adlandırılıb.

Bu xəbəri ilk dəfə az tanınan "Borbuyev" adlı Telegram kanalı yayıb. Kanalın cəmi 4 min abunəçisi var və post orijinal olaraq Yakut dilində yazılıb. Müəllif hadisənin guya noyabr ayında baş verdiyini iddia edib. "Xəbər" yanvarın 31-də paylaşılsa da, ilk günlərdə diqqət çəkməyib. Fevralın 3-də isə hərbi təbliğat kanalları tərəfindən geniş şəkildə yayılmağa başlayıb. Çoxları xəbərin mənbəyini göstərmədən paylaşaraq, informasiyanın "əsgərlərdən gəldiyini" iddia edib.

"Borbuyev" kanalı Yakutiyadan olan "Vahid Rusiya" üzvü Spiridon Borbuyevə məxsusdur. O, keçmişdə Yakutiya qubernatorunun ailəsinə yaxınlığı ilə tanınırdı, lakin bir il əvvəl vəzifəsindən uzaqlaşdırılıb. O, daha çox Moskvada bir oteldə gənc bir kişi ilə birlikdə gecələdikdən sonra baş verən oğurluq qalmaqalına görə məşhurlaşıb. "Baza" kanalının məlumatına görə, həmin gecə Borbuyev 21 min rubl və qızıl saatının oğurlandığını iddia edib.
Rusiya mediası bu xəbərin feyk olduğunu göstərən faktları da sadalayıb.

Səyyar (və ya hərbi) hospitalar müalicə üçün nəzərdə tutulmur, yalnız yaralıların vəziyyətini sabitləşdirir və sonra onları daimi xəstəxanalara göndərir. Belə hospitalar maksimum onlarla yaralını qəbul edə bilər, 10 min əsgərin eyni anda hospitalda olması isə qeyri-mümkündür. Eyni zamanda, xəstəxananın guya mühasirəyə düşdüyü iddia edilir, bu isə onun cəbhə xəttinə çox yaxın olduğunu göstərir. Belə olduğu halda, yaralı əsgərlərin hospitala necə və niyə aparıldığı izah edilmir.

Bundan əlavə, məlumdur ki, Putinin ailəsi Federal Təhlükəsizlik Xidməti (FSO) tərəfindən ciddi nəzarət altında saxlanılır. Hər birinin şəxsi mühafizəçisi var, xüsusi rabitədən istifadə edirlər və yalnız Putinə məxsus iqamətgahlarda yaşayırlar. Bu səbəbdən, onun hər hansı bir hərbi əməliyyatda iştirakı ehtimalı son dərəcə aşağıdır.

Bütün bu məqamlara baxmayaraq, Z-kanalları bu cür fantastik "qəhrəmanlıq hekayələri" yaymağa davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR