Onlayn ictimai-siyasi qəzet
Rusiya qoşunları dekabrın 29-da Donetsk vilayətində daha bir şəhərə nəzarəti ələ keçirib. Rusiya Müdafiə Nazirliyi bu bilgini yayıb və bildirib ki, strateji logistika qovşağı sayılan Pokrovskdan 16 km məsafədə yerləşən 6 min 300 nəfər sakini olan Novotroitskoye şəhəri tutulub.
Bilgini şərh etmək istəməyən Ukrayna hərbçiləri dekabrın 29-da axşam saatlarınadək düşmənin rekord sayda - 133 hücum gerçəkləşdirdiyinə diqqət çəkib.
Britaniya kəşfiyyatı hələ dekabrın 15-də Rusiya ordusunun Pokrovskun cənubuna doğru irəlilədiyini açıqlamışdı.
ABŞ Savaş Araşdırmaları İnstitutu (ISW) Rusiya ordusunun Donetsk və Dnepropetrovsk vilayətləri arasındakı inzibati sərhəddən 10 km aralıda olduğunu bildirib: "Vladimir Putin Pokrovska yox, sərhəd boyunca irəliləməklə bağlı hərbi rəhbərliyə basqı göstərə bilər".
Ukrayna ordusu ilin əvvəlində Rusiyanın Kursk bölgəsində ələ keçirdiyi bəzi ərazilərə nəzarəti əlində saxlamağa çalışır. Burada düşmənin 16 həmləsinin qarşısı alınıb. Rusiyalılar Ukraynanın cənubundakı Nikolayev bölgəsinə də hücumlarını gücləndiriblər.
Bölgə administrasiyasının bilgisinə görə, dekabrın 29-da İran istehsalı olan 9 "Şahed" PUA-sı vurulub. Yerə düşən PUA qalıqları hədəflərdən biri olan enerji infrastrukturu obyektinə çırpılıb. Nəticədə müəssisədə yanğın başlanıb və bir nəfər yaralanıb.
Bir gün öncə Nikolayev şəhərinə buraxılan 16 PUA zərərsizləşdirilmişdi.
Savaş başlanandan bəri hər iki tərəf ard-arda qarşılıqlı PUA hücumları gerçəkləşdirir. Rusiya özəlliklə qış mövsümündə Ukraynanın enerji infrastrukturu obyektlərini hədəfə alır. Çoxsaylı sübutlar olsa da, rəsmi Moskva mülki infrastruktur obyektlərinin hədəfə alınmasını danır.
Ukraynanın sabiq Baş Qərargah rəisi Viktor Mujenko AzadlıqRadiosuna müsahibəsində deyib ki, Ukraynanın bir hissəsini Rusiya nəzarəti altında nəzərdə tutacaq istənilən atəşkəs sazişi Kremlin qələbəsi sayılacaq.
O, Donetsk və Luqanskın bütövlükdə, Zaporojye və Xerson bölgələrininsə bir bölümünün itirilməsinin "təkcə ərazi yox, həm də ölkənin resurs bazasının yarısının itirilməsi" anlamına gəldiyini vurğulayıb.
Bu arada, Danimarka, Fransa və Litva Ukraynanın müdafiə sənayesini maliyyələşdirmək üçün əlavə 150 milyon avro yardım ayırıb. Bu vəsait raket, PUA və artilleriya qurğularının istehsalı üçün nəzərdə tutulub.
Almaniyaya gəlincə, ölkənin yeni hökumətinin Ukraynaya hərbi yardımı dayandıracağı gözlənilmir.
"Özünü Almaniya və Avropanın güvənliyinə həsr edən heç bir alman hökuməti ukraynalıları tək qoymayacaq", - bu yaxınlarda vəzifəsini tərk edəcək Almaniya xarici işlər naziri Annalena Berbok belə deyib.
Rəsmi Berlin Ukraynaya ağır silahlar göndərməsə də, ABŞ-dən sonra rəsmi Kiyevə ən çox yardım göstərən ikinci ölkədir./Azadlıq Radiosu
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ