İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya miqrantlarsız yaşamaq istəyir – Amma qarı, zibili kim təmizləyəcək, inəkləri kim sağacaq?

2025-ci ilin yanvarından Moskva vilayətində miqrantlara ticarət, idman, səhiyyə və təhsil sahələrində işləmək qadağan ediləcək. Ən azı 40 regionda bir sıra oxşar məhdudiyyətlər artıq tətbiq edilib. Daha 20-dən çox qanunvericilik təşəbbüsü Dövlət Dumasında baxılmasını gözləyir.

Gazeta.ru Rusiyada miqrantlarla bağlı vəziyyəti və onların olmadığı vaxt yaranacaq durumun necə olacağını araşdırıb.

***

Paytaxtın Annino rayonundakı yeni məhəllə parlaq çoxmərtəbəli binalarla doludur. Hələ də fanerlə örtülmüş liftlərin divarları telefon nömrələri ilə örtülüb. Hamballar xidmətlərini belə reklam edirlər.

Yaşayış kompleksindən bir daş atma məsafədə “Lesoparkovaya” metrosu var. Saxarovadakı çoxfunksiyalı miqrasiya mərkəzinə avtobuslar buradan hərəkət edir.

-Miqrant axını səhərdən axşama kimi dayanmadan davam edir. Ən böyüyü səhər saat 8-9 və axşam 7-8-ə yaxın pik saatlardadır”, - yerli sakin Olqa Gazeta.ru-ya deyib. -Axşamlar bir az narahat olur, çünki şaurma yerinə izdiham yığılır, metrodan çıxanda hamı sənə baxır. Nə yaxşı ki, bir il ərzində yalnız bir dəfə arxamızdan fit çaldılar. Üstəlik, mən açıq-saçıq geyimdə deyildim - paltarım qapalıydı, ətəyi döşəməyə dəyirdi.

Moskvanın Kokoşkino qəsəbəsində vəziyyət daha mürəkkəbdir.

“Şarapovo kəndindən dəmiryol stansiyasına gedən yol bizim yaşayış kompleksimizdən keçir, biz onu “İpək yolu” adlandırırıq. İşçilər anbarlardan stansiyaya qədər onunla gedirlər və heç də həmişə ayıq olmurlar”, - yerli sakin Anastasiya jurnalistlə deyib.

Yol tikinti sahəsinin yerləşdiyi sahədən keçir. İşıqlandırma yoxdur.

Rusiya qvardiyası, Anastasiyaya görə, nadir hallarda küçələrdə patrul xidməti həyata keçirir, hadisə baş verərsə, polis gec gəlir, buna görə də "könüllülər" həyətlərdə asayişi qorumağa başlayıblar.

Yaşayış kompleksinin sakini Artyom deyir: "Qadınlar evdən çıxmağa qorxurlar və biz problemi necə həll edəcəyimizi düşünməyə başlamışıq. Yaşayış kompleksimizin kişiləri ilə müqavilə imzalamışıq və heyət yaratmışıq. İndi 65 nəfər var. Axşamlar özümüz ərazini gəzirik, hər şeyin qaydasında olduğuna əmin oluruq”.

Ötən ilə qədər əmək miqrasiyasını dəstəkləyən və ona qarşı çıxan rusların sayı təxminən eyni olub.

Rusiya Elmlər Akademiyasının Sosiologiya İnstitutunun millətlərarası münasibətlərin qyrənilməsi mərkəzinin rəhbəri Vladimir Mukomelin sözlərinə görə, əmək miqrantlarıma münasibət 2024-cü il martın 22-də “Crocus City Hall”da baş verən terror aktından və mediada geniş işıqlandırılan digər hadisələrdən sonra dəyişməyə başlayıb.

“Əhalinin başqa, ilk növbədə sosial və iqtisadi vəziyyət sarıdan problemləri var idi. İndi biz yenidən ksenofobik hisslərin alovlandığını görürük, amma yenə də insanların böyük əksəriyyəti miqrant işçilərə qarşı neytral mövqe tutur. Bizim qar və zibilləri təmizləmək üçün onlara ehtiyacımız var, amma onları görməsəydik, daha yaxşı olardı", - Mukomel jurnalistə verdiyi müsahibədə bildirib.

upload-RIA_8403691-pic_32ratio_900x600-900x600-49776.jpg (128 KB)

Miqrantların qalma rejimi də qanunvericilik səviyyəsində sərtləşdirilib. Artıq “əcnəbilərin qovulması rejimi”nin tətbiqi ilə bağlı qanunlar qəbul edilib və gəlmələrə SİM kartların satışı qaydaları ağırlaşdırılıb

Regionlar da geri qalmır. Ən azı 40 regionda miqrantların məşğulluğu ilə bağlı məhdudiyyətlər qəbul edilib. Çox vaxt qadağalar rusların əcnəbilərlə mütəmadi olaraq qarşılaşdıqları ərazilərə - iaşə obyektlərinə, taksi və avtobuslara, köşklərə aiddir.

Regional hökumətin sədr müavini Natalya Maslenkina təşəbbüsü belə izah edir: "Üç il ərzində xarici işçi qüvvəsi ilə bağlı ticarət şikayətlərində əhəmiyyətli artım olub".

Eyni zamanda, “ConsultantPlus” xidmətinin məlumatlarının təhlili göstərir ki, qurumların heç biri miqrantlara evlərin və magistral yolların tikintisində işləməyi qadağan etməyib. Belə məhdudiyyətlərin tətbiqi kadr çatışmazlığına imkan vermir - ekspertlərin fikrincə, ən çox əcnəbilər məhz bu ərazilərdə işləyir.

16 sentyabr 2024-cü ildə baş nazirin müavini Marat Xusnullin tikintidə kadr çatışmazlığını 200 min nəfər olaraq qiymətləndirib. Milli İnşaatçılar Assosiasiyasının prezidenti Anton Qluşkovun Gazeta.ru ilə söhbətində qeyd etdiyi kimi, söhbət ilk növbədə mavi yaxalıqlı peşələrdən gedir. Betonçular, armaturçılar, suvaqçılar, qaynaqçılar, bənnalar, xarratlar çatışmır.

“Həmkarlarımızdan aldığımız məlumatlara görə, bu vəziyyət, demək olar ki, bütün rayonlarda müşahidə olunur. Rusiya Tikinti Nazirliyinin hesablamalarına görə, 2023-cü ilin sonunda tikinti sahələrində təxminən 800 min əcnəbi işçi işə götürülüb. Bu gün onların tikintiyə cəlb edilməsinin zəruriliyi məsələsi yenidən aktualdır. Onlar xüsusi ixtisas tələb etməyən vəzifələri tuta bilərlər ki, bu da xüsusilə infrastruktur tikintisi seqmentində kadr çatışmazlığını azaldacaq”, - Qluşkov izah edib.

MİQRRR.jpg (307 KB)

Amma digər sahələrdə də problemlər var. “RosCo - Consulting and Audit” şirkətinin nümayəndəsi Olqa Borisovanın sözlərinə görə, ümumilikdə, Rusiya hər il 390 mindən 1,1 milyona qədər əcnəbi işçi cəlb etməlidir və 2030-cu ilə qədər demoqrafik böhran səbəbindən təxminən iki milyon əlavə insana ehtiyac olacaq.

"Artıq Kalininqradda kifayət qədər aşbaz yoxdur, Altayda kifayət qədər frezerçilər, tokarlar, tənzimləyicilər, qida və ticarət işçiləri, Tomsk vilayətində istehsal, ticarət, qida və müdafiə sənayesində kifayət qədər işçi yoxdur, Krasnoyarskda metallurqlar, inşaatçılar, mənzil-kommunal xidmətlər və təhsil işçiləri çatışmır”, - ekspert bildirib.

“Ventra HR” holdinqinin hesablamalarına görə, hər beşinci müəssisə xaricdən fəal şəkildə işçi cəlb edir.

“Pərakəndə satışda, eləcə də istehsal sektorunda da kadr çatışmazlığı var. Müəssisələr əmək haqqını artırmağa və işçiləri cəlb etmək və saxlamaq üçün əlavə güzəştlər təklif etməyə məcburdur və bu, xərclərə və məhsul qiymətlərinə təsir edir”, - Miqrant xidməti tətbiqinin direktoru Andrey Kladov bildirib.

Mukomelin qeyd etdiyi kimi, miqrantların işinə artıq tətbiq edilən məhdudiyyətlər ruslar üçün nəzərə çarpan, lakin mütləq xarici işçi qüvvəsindən asılı olmayan ərazilərə təsir edib.

“Rusiyada miqrasiya məsələlərini müzakirə edərkən iki mövqe toqquşur. Ölkənin ciddi demoqrafik, iqtisadi və sosial problemlərlə üzləşməsindən irəli gəlir və onların həlli üçün əcnəbiləri cəmiyyətə uyğunlaşdırmaq və inteqrasiya etmək lazımdır ki, onlar gələcəklərini Rusiya ilə bağlaya bilsinlər. İkincisi, rus pravoslav mədəni qayəsinə əsaslanan siyasətdir. Başqa etnoslardan olan insanların axını təbii ki, onu aşındırır. Bizim miqrasiya siyasətimiz, yumşaq desək, bu alternativ yanaşmalar arasında vals edir”, - Vladimir Mukomel deyib

Ekspertlərin fikrincə, əlavə məhdudiyyətlər iqtisadiyyata təsir göstərəcək və qanunsuz miqrantlarla mübarizəyə kömək etməyəcək.

“Bəli, qeyri-qanuni yaşayan əcnəbilər üçün yeni miqrasiya deportasiya rejiminin tətbiqi düzgün yenilikdir. Qəribədir ki, indi qeyri-qanuni miqrant Rusiyada daşınmaz əmlak alıb kredit götürə bilər. Amma qanuni şəkildə işləyə bilən ailə üzvlərinin də ölkəyə gəlməsinə qadağa qoyulması və ya qalma müddətinin bir ilə məhdudlaşdırılması lazımsız tədbirlərdir”, - Migranto.ru portalının rəhbəri Svetlana Salamova deyib.

Artıq işçilərin xaricə axınının xidmət sektorunda problemlərlə nəticələndiyinə dair nümunələr var. 2024-cü ilin iyul ayında Rusiyanın bir sıra şəhərlərindəki “Pyateroçka” mağazalarından məhsullar yoxa çıxıb. Mağazalar şəbəkəsini idarə edən “X5 Group” izah edib ki, bunun səbəbi işçi çatışmazlığı, digər məsələlərlə yanaşı, miqrantların getməsi ilə bağlıdır.

İqtisad elmləri doktoru, Miqrasiya Siyasəti Ekspertlərinin Qlobal Assosiasiyasının üzvü İrina İvaxnyuk da əcnəbi axınının azalmasından danışır.

MİQQRR-2.jpg (79 KB)

Onun sözlərinə görə, ənənəvi olaraq Rusiyaya gələn Özbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşları yenidən Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İsrail, Türkiyə, Almaniya və digər ölkələrə üz tutublar.

“Mərkəzi Asiya ölkələrindən əmək miqrasiyasının vektorlarında dəyişikliklər 6-7 il əvvəl görünməyə başladı, lakin son illərdə bu tendensiya daha aydın və institusional xarakter alıb – əmək miqrasiyası, işçi qüvvəsinin cəlb edilməsi proqramları və s. üzrə hökumətlərarası sazişlər yaranıb”, - İvaxnyuk izah edib.

Mütəxəssisin fikrincə, “daxili tədbirlər” işçi qüvvəsi çatışmazlığı problemini həll etməlidir. Bu, əmək məhsuldarlığının artırılması, avtomatlaşdırma, süni intellektdən istifadə, tələbat nəzərə alınmaqla peşə təhsilində islahatların aparılması və s. Amma hələ ki, onlar Rusiyada kifayət qədər miqyasda işləmirlər;

Bir sözlə, Rusiyanın miqrantlara böyük ehtiyacı var. Bu, həm demokrafiq balansı qorumaq, əhali artımını təmin etmək üçün lazımdır, həm də iqtisadi sferada işçi çatışmazlığını aradan qaldırmaq üçün.

Ancaq bu qədər ciddi amillərə baxmayaraq, Rusiya Federasiyasını idarə edənlər belə bir qənaətə gəliblər ki, miqrantlar Rusiya və ruslar üçün təhlükədir, ona görə də sayları minimuma endirilməlidir, ya da assimlyasiya olunmalıdırlar.

Bu gedişlə, Rusiyanın qarlı və çirkli şəhərlərində qarı, zibili kim təmizləyəcək, binaları kim tikəcək, təmir edəcək, gecə yarısında yuxusuna haram qataraq əhaliyə zəruri ərzaq mallarını kim çatdıracaq – özləri də bilmir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR