İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya məqsədlərinə nail ola bilmir, Ukrayna da razılaşmır - dəhşətli müharibə uzanır!

Rusiya vilayətlərində müəmmalı partlayışlar, cəbhə xəttindən daşınan meyitlər əhalini gərginlikdə saxlayır; müharibənin nə zaman bitəcəyini proqnozlaşdırmaq artıq mümkün deyil...

“Hazırda Ukrayna ilə danışıqlar üçün heç bir perspektiv görmürük. Rusiyanın xüsusi hərbi əməliyyatda qarşıya qoyduğu məqsədlərə nail olması Ukrayna üzrə danışıqlar prosesinin başlanması üçün şərtdir”. “Yeni Müsavat” xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib. Elə həmin gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, son vaxtlar Rusiya Silahlı Qüvvələri Donbasda bir neçə yaşayış məntəqəsini nəzarətə götürüb.

Şoyqu bu məntəqələrin adlarını da açıqlayıb. Rusiyalı nazirin sözlərinə görə, bunlar Mayorsk, Pavlovka, Opıtnoe, Andreyevka, Beloqorovka və Kurdyumovkadır. Şoyqu həmçinin noyabr ayı üzrə Ukrayna tərəfinin itkilərindən də danışıb. Şoyqu qeyd edib ki, Kiyevin itkiləri 8,3 mindən çox hərbçi, 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli texnika olub. Rusiyanın da itkiləri az deyil və faktiki olaraq tərəflərin bugünədək dəhşət doğuracaq sayda itkilər verdiyi də sirr deyil. Konkret rəqəm yəqin ki, müharibənin sonunda bəlli olacaq.

Amma Ukraynada gedən müharibənin də nə zaman bitəcəyi artıq proqnozlaşdırılması mümkün olmayan məsələyə çevrilir. Rusiya deyir ki, istəyinə nail olmayana qədər danışıqlar mümkün deyil, lakin ötən 10 ayda da niyyətinə nail ola bilməyib. Hansı ki, 2 aya Kiyevi belə işğal edəcəklərini iddia edirdilər. Eyni zamanda Ukrayna və kollektiv Qərb də Rusiya ilə hesablaşmaq niyyətində deyil. Belədə görünən budur ki, müharibə uzun müddət dayanmayacaq, hətta illərlə uzana bilər. Burada udan kimdir, uduzan kimdir və müharibənin uzanması tərəflərə nə vəd edir? 

Üstəlik, son zamanlar xüsusilə Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayətlərində gərginlik pik həddə çatmaqdadır. Tez-tez baş verən müəmmalı partlayışlar, cəbhə xəttindən daşınan meyitlərin və yaralıların sayının durmadan artması, döyüş meydanından gələn xəbərlər, səfərbərlik və s. yerli idarəetmə orqanlarını və əhalini daimi gərginlik vəziyyətində saxlayır. Ukrayna Ordusunun Baş Qərargahının yayımladığı hesabatda Rusiyanın həmsərhəd Kursk vilayətində səngərlər qazıldığı, müdafiə istehkamları qurulduğu və “Ukrayna Ordusunun hücumundan müdafiə” məqsədilə hazırlıqlar getdiyi bildirilir: “Rusiyanın həmsərhəd bölgələrində anlamağa başlayıblar ki, "xüsusi hərbi əməliyyat" nəzarətdən çıxıb. Xüsusilə Kursk vilayətində “Ukrayna Silahlı Qüvvələrinin hücumundan” qorunmaq üçün müdafiə istehkamları quraşdırılır. “Ukraynanın hücumu” barədə şayiələr səfərbər olunmuş şəxslərin vilayətə gətirilən meyitlərinin sayının artması fonunda baş verir". Kursk vilayətindəki hərbi aerodromda partlayışlar qeydə alınmışdı. Rusiya bunun Ukraynaya aid hərbi dronlar tərəfindən həyata keçirilən hücum olduğunu bəyan edib.

ABŞ Ukraynanı demokratiya bayrağı altında işğal etdi”- Azad Məsiyev

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a dediyinə görə, Rusiya-Ukrayna münaqişəsi getdikcə kritik hal almaqdadır, qarşılıqlı güzəşt yoxdur: “Sadəcə, dialoqun yaranması üçün yeni siyasi situasiya olmalıdır. Bunun üçün Kiyev yeni siyasi vəziyyət yaratmalıdır. Çünki Rusiya Ukraynadan NATO-ya qoşulmamağı tələb edir və Kiyev Qoşulmama Hərəkatına qatılmalıdır. Lakin prosesi qızışdıran tərəflər var, məsələnin həllini istəməyənlər var. Bunda məqsəd Rusiyaya sanksiyalar tətbiq etməklə iqtisadiyyatını çökdürməkdir”. Onun sözlərinə görə, amma sanksiyalar Avropa dövlətlərinə də təsir edir, inflyasiya artır: “Ona görə Qərb özü danışıqlar masasında maraqlı olmalıdır. ABŞ da müharibədən narahatdır, böyük həcmdə silah verir, pul xərcləyir. Polşa bu yaxınlarda açıqladı ki, ordunun anbarlarında sursatın azalması problem yaradır. Odur ki, siyasi dialoq üçün yeni siyasi situasiya olmalıdır, bu da Kiyevdən asılıdır”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, müharibə gələn ilin yazına qədər uzana bilər. Onun fikrincə, Donbasın tam işğalı gerçəkləşə bilər, ancaq münaqişə bitməyəcək: “Hətta müvəqqəti atəşkəs mümkündür, lakin Ukrayna ordusu öz ərazilərini azad etmək üçün vaxtaşırı lokal əməliyyatlar həyata keçirəcək, toparlanmağa çalışacaq. İkinci versiya budur ki, Qərb fasilə istəmir ki, rus ordusu özünü reanimasiya edə bilər. NATO hesab edir ki, nə qədər rus qoşunları bu bataqlıqda qalsalar, bir o dərəcədə yaxşıdır. Ona görə sonu görünməyən bir savaşdır. Kiyev Qərbdəki müttəfiqləri ilə məsləhətləşməmiş danışıqlara getməyəcək. Rusiya isə dialoq istəyir, çünki bundan artığını işğal etməsinə gücünün çatmadığını anlayır. Ancaq bilmir ki, necə dayansın”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR