İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya maliyyə sistemlərinə sanksiyalar ağırlaşır - Azərbaycana təsirləri

Ekspert: “Hər hansı kollapsın yaranmayacağını söyləmək olar, ən azı ona görə ki, bu, gecikmiş sanksiyadır”

İyunun 12-də ABŞ və Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək, bu dəfə siyahıya Moskva Valyuta Birjası Qrupunu da daxil ediblər. Bunun da nəticəsində Rusiyada dollarla birja ticarəti mümkünsüz hala gəlib.

Moskva Valyuta Birjası qərardan dərhal sonra açıqlama yayaraq dollar və avro ilə ticarət əməliyyatlarını iyunun 13-dən  dayandırdığını elan edib. 

Rusiya Mərkəzi Bankı isə açıqlama yayaraq ABŞ dolları və avro ilə əməliyyatların birjadankənar bazarda davam etdiriləcəyini elan edib: “ABŞ-ın Moskva Birjası qrupuna münasibətdə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar olaraq, ABŞ dolları və avro ilə birja ticarəti və çatdırılma alətləri üzrə hesablaşmalar, eyni zamanda, bütün digər birja seqmentlərində və mübadilə üçün ticarət dayandırılır. Rubl və digər valyutalarda əməliyyatlar adi qaydada davam etdiriləcək”.

ABŞ dolları və avronun rubla qarşı rəsmi məzənnələrini müəyyən etmək üçün Rusiya Bankı bank hesabatlarından və rəqəmsal birjadankənar ticarət platformalarından alınan məlumatlardan istifadə edəcək: “Şirkətlər və vətəndaşlar Rusiya bankları vasitəsilə ABŞ dolları və avro alqı-satqısını davam etdirə bilərlər. Vətəndaşların və şirkətlərin hesablarında və əmanətlərində olan ABŞ dolları və avrodakı bütün vəsaitlər təhlükəsiz olaraq qalır. Vətəndaşların və təşkilatların ABŞ dolları və avrodakı əmanətləri və hesabları üçün Rusiya Bankı tərəfindən yaradılmış əvvəlki emissiya rejimi saxlanılır”.

İyunun 14-də Rusiya Bankı ilk dəfə birjadankənar əməliyyatlar əsasında dollar və avronun məzənnəsini elan edib. 

Moskva Birjası Qrupunun və digər maliyyə qurumlarının sanksiya siyahısına salınması bir sıra ölkələrdən Rusiyaya pulköçürmələrində problemlərə səbəb olub. Qırğızıstanda kommersiya bankları Rusiyanın pul köçürmə sistemləri ilə işi dayandırdıqlarını bildirib. Onlar bildiriblər ki, texniki səbəblərə görə rublla köçürmələrin göndərilməsi və qəbulu, həmçinin Unistream sistemi vasitəsilə köçürmələrin göndərilməsi və qəbulu mümkün deyil.

Rusiyaya pulköçürmələrini həyata keçirən Astrasend, Contact, Zolotaya Korona və Sberbank Online-ın işində də bir sıra ölkələrdə fasilələ yaranıb.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

 Eldəniz Əmirov 

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirir ki, ABŞ Rusiyanın əsas maliyyə axınlarını nəzarətə götürməyə çalışır: “Görünən odur ki, Rusiya Mərkəzi Bankı sanksiyaların müxtəlif təsirlərini modelləşdirərək bu cür ssenarilərə hazırlaşıb. Lakin ABŞ-ın əlində alətlər yetəri qədər olduğu üçün şübhəsiz ki, qarşıdakı aylarda daha yeni sanksiya mexanizmləri təqbiq ediləcəkdir.

Amma bir məsələni unutmaq olmaz ki, ayrı-ayrı ölkələr öz daxilində gizli iqtisadiyyatın çəkisini azaltmağa çalışsalar da, qlobal dünya çapında bu baş vermir. Əksinə, getdikcə gizli razılaşmalar, gizli müştəri və təhcizatçılarla xüsusi maliyyə əməliyyatları, mürəkkəb dolaşdırıcı konfiqurasiyalar artır. Bu isə hazırki məqamda Rusiyaya sanksiyalardan yayınaraq ixrac-idxal əməliyyatları həyata keçirməyə, ordu təhcizatını dayandırmamağa və müharibəni davam etməyə kömək edir".

Politoloq Şahin Cəfərlinin fikrincə, Moskva Birjası Qrupuna qarşı tətbiq olunan sanksiyanı ən ciddi məhdudlaşdırıcı tədbir kimi qeyd etmək mümkündür: “Birja dünəndən etibarən dollar və avro (eləcə də Honkonq dolları) ilə ticarəti dayandırmağa məcbur oldu. Bundan sonra həmin valyutaların məzənnəsi birja xaricindəki platformalarda, o cümlədən ”qara bazar"da formalaşacaq. Bunun Rusiya iqtisadiyyatına mümkün təsirləri barədə birmənalı fikirlər söyləmək çətindir. 

Hər hansı kollapsın yaranmayacağını söyləmək olar, ən azı ona görə ki, bu, gecikmiş sanksiyadır və Rusiya Mərkəzi Bankı ötən müddətdə ehtimal olunan risklərə qarşı müəyyən hazırlıqlar görüb. Lakin mənfi təsirlər qaçılmazdır və rusiyalı ekspertlər ehtiyatla da olsa, bu barədə danışırlar. Onlar bildirirlər ki, ilk növbədə dollar və avro ilə hesablaşmalarda problem yaranacağı üçün idxal-ixrac əməliyyatlarında çətinliklər müşahidə olunacaq. Bu əngəlləri aşmaq üçün qeyri-leqal sxemlərin və mexanizmərin işlənib hazırlanacağına şübhə yoxdur, lakin bu, kölgə iqtisadiyyatının həcmini böyüdəcək, korrupsiyanın miqyasını da o cümlədən. İdxal defisiti baş verərsə, ölkə içərisində böyük rubl kütləsi yığılıb qalmış olacaq, bu isə inflyasiyaya təkan verə bilər". 

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar onunla geniş ticari-iqtisadi əlaqələrə malik bütün ölkələr, o cümlədən Azərbaycan üçün təsirsiz ötüşmür. Rəsmi statistikadan aydın olur ki, son illərdə ilk dəfə olara bu ilin yanvar-mayında Azərbaycanla Rusiya arasında qarşılıqlı ticarətdə azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 5 ayında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 740 102.0 min dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalma deməkdir - ötən ilin eyni dövründə qarşılıqlı ticarət  1 789 562.51 min dollara bərabər olmuşdu. 

Bu ilin yanvar-mayında Rusiyaya ixracımız 437 979.54 min dollar təşkil etməklə ötənilki 470 147.19 min dollarla müqayisədə 6,8 faiz azalıb, idxalımız isə 1 302 122.46 min dollara bərabər olmaqla ötənilki 1 319 415.32 min dollarla müqayisədə 1,3 faiz azalıb. Ticarətin azalmasında aprel ayında ABŞ-ın bir neçə Azərbaycan şirkətini ikincili sanksiyalara məruz qoymasının rolu olduğunu rahatlıqla söyləmək mümkündür. Belə görünür ki, Azərbaycan şirkətləri Rusiya ilə ticarətin təhlükəli nəticələrini nəzərə almalı olurlar. 

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Bakıda nəşr olunan rusdilli “Sabah” jurnalına müsahibəsində bildirib ki, Rusiya və Azərbaycan qarşılıqlı hesablaşmaların təxminən 60 faizini milli valyutalarda - rubl və manatla aparırlar. Buna baxmayaraq, Rusiya maliyyə sistemlərinin sanksiyalara məruz qoyulması hətta rublla da əməliyyatların həyata keçirilməsində problemlərə səbəb ola bilər. Digər tərəfdən, sanksiyalar dərinləşdikcə, Rusiya ilə hər hansı ticarət münasibətləri təhlükəli ola bilər...

Yazını hazırladı: Dünya SAKİT

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR