İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İrandan aldığı dronların 400-dən çoxunu işlədib

İndiyədək Rusiya Ukraynaya havadan zərbə endirmək üçün İrandan aldığı dronların 400-dən çoxunu işlədib. Novator.az-ın məlumatına görə, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

O bildirib ki, hazırda Rusiya İrandan daha çox sayda və daha təkmil dronlar almağa çalışır.

Rusiya 2022-ci ilin fevralından Ukraynada total müharibə aparır və həmin ilin avqustundan döyüşlərdə İranın əsasən “Şahed-136” tipli dronlarından da istifadə edir. Avqust ayından bəri Rusiyanın İrandan yüzlərlə “Şahed-136” dronu aldığı bildirilir.

2022-cilin sonundan ABŞ İran dronlarının və dron hissələrinin, texnologiyalarının Rusiyaya axınını dayandırmaq üçün bir sıra sanksiyalar tətbiq edib.

ABŞ-ın “Vaşinqton Post” qəzetinin yazdığına görə, Rusiyanın Ukrayna cəbhəsində 400-dən çox İran dronu işlətdiyini jurnalistlərə xəbər verərkən Con Kirbi yaxın vaxtda əlavə sanksiyaların tətbiq olunacağını da diqqətə çatdırıb.

Son aylar Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın xeyli genişləndiyini söyləyən Con Kirbi həmçinin Rusiyanın İrana Su-35 qırıcıları, hərbi helikopterlər, radarlar və təlim təyyarələri verməsini nəzərdə tutan razılaşmanı yada salıb.

2022-ci ilin noyabrında “Vaşinqton Post”, 2023-cü ilin fevralında isə digər Amerika qəzeti – “Wall Street Journal” yazıb ki, İran dronlarının Rusiya ərazisində istehsalı planı da var.

“Vaşinqton Post”un məlumatına görə, bu istiqamətdə Tehranla Moskva arasında 2022-ci ilin noyabrında saziş bağlanıb və istehsal prosesinin tezliklə, bir neçə aya başlanması barədə razılıq əldə edilib.

“Wall Street Journal”ın yazdığına görə isə 2023-cü ilin yanvarında İranın yüksək çinli rəsmilərindən ibarət nümayəndə heyəti Rusiyaya yollanıb, bir neçə ilə ən azı 6000 dron istehsal etmək gücündə yeni zavodun tikintisi məsələsini müzakirə edib.

“Şahed-136” zərbə dronudur. Ona “kamikadze dron” da deyirlər, çünki hədəfə zərbə endirəndə özü də məhv olur. Qanadı üçbucaq şəklindədir. Hər bir “Şahed-136” 36 kiloqram ağırlığında döyüş başlığı daşıya və 2400 kilometr məsafə qət edə bilir. Ona görə belə dronları cəbhə bölgəsindən uzaq məsafədən havaya buraxmaq olur.

Ancaq “Şahed-136” yavaş hərəkətlidir, səsi bərk çıxır və alçaqdan uçur. Bu xüsusiyyətləri onu hava hücumundan adi müdafiə vasitələri ilə vurmağa imkan verir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR