İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya iqtisadiyyatı çöküşə gedir - BVF-dən ilginc iddia

Qonşu ölkə ilə bağlı bədbin proqnozlar özünü doğruldarsa, Azərbaycana  təsirləri nə ola bilər?

Rəsmi Kremlin iddialı planlarına və prezident Vladimir Putinin vədlərinə rəğmən, Rusiya iqtisadiyyatı qarşıdakı 5 il ərzində dünya ilə müqayisədə daha yavaş inkişaf edəcək və qlobal ÜDM-dəki payını itirməkdə davam edəcək. 

Belə bir proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) aprel ayı üçün makroiqtisadi proqnozlar blokunda yer alıb. 

BVF-nin hesablamalarına görə, 2023-cü ilin sonunda Rusiya alıcılıq qabiliyyəti pariteti (PPP) üzrə qlobal mal və xidmətlərin istehsalının 2,94%-ni təşkil edib. 2025-ci ilə qədər bu pay 2,9%-ə, 2026-cı ildə 2,85%-ə, 2027-ci ildə isə 2,8%-ə düşəcək. 2028-ci ilin sonuna BVF-yə görə, Rusiya Federasiyası dünya iqtisadiyyatının yalnız 2,75%-ni, 2029-cu ildə isə 2,7%-ni təşkil edəcək. Bu, ölkənin bütün müasir tarixində minimum olacaq və defolt fonunda Rusiyanın dünya ÜDM-də payının 2,83%-ə düşdüyü 1998-ci ilin “aşağı” göstəricisindən də aşağıdır.

Sovet İttifaqının xarabalıqlarından Rusiya qlobal ÜDM-in 4,48%-nə sahibləndi, lakin 1990-cı illərin sonunda bu payın yarısını itirdi. “2000-ci illərdə neftin qiymətinin artması və yüz milyardlarla əmtəə dolları axını fonunda Rusiyanın dünya iqtisadiyyatındakı payı 3,7%-ə qədər artdı (2008), bundan sonra yenidən azalmağa başladı və əvvəlki səviyyələrə qayıtmadı. 2010-cu illərin birinci yarısında Rusiya Federasiyası qlobal ÜDM-in 3,4%-ni, Krımın ilhaqından sonra - cəmi 3-3,1%-ni təşkil edirdi, Ukrayna ilə müharibə başlayandan sonra isə bu rəqəm iki onillikdə ilk dəfə 3 faiz səviyyəsindən aşağı düşdü”, - məlumatda qeyd olunur.

BVF ekspertlərinə görə, axın illərdə Rusiya həyat səviyyəsinə görə dünya ölkələri reytinqində öz mövqeyini itirməkdə davam edəcək. Son 10 ildə Rusiya Federasiyasında adambaşına düşən ÜDM 16 faiz azalıb. Nəticədə, Rusiya dünya reytinqində Meksika ilə eyni səviyyədə, Panama, Argentina, Bolqarıstan və Macarıstandan da aşağı olub.

Məlumata görə, Rusiya hazırda adambaşına düşən ÜDM-in həcminə görə dünyada 68-ci yerdədir ki, bu da iqtisadi fəallıq səviyyəsinin və vətəndaşların həyat keyfiyyətinin göstəricisi hesab olunur.

Məsələn, ötən il Rusiya iqtisadiyyatı adambaşına 13 648 dollar ÜDM istehsal edib - bu, ABŞ-dan 6 dəfə (81 632 dollar), Almaniyadan 4 dəfə, dünya lideri Lüksemburqdan (129 810 dollar) az qala 10 dəfə azdır. BVF-nin proqnozuna görə, yaxın üç ildə Rusiyanın adambaşına düşən ÜDM-i cəmi 11 faiz artaraq 15 146 dollar təşkil edəcək. Nəticədə Rusiya yenidən səkkizinci -onuncu ölkələr siyahısına düşəcək və 2027-ci ilə qədər adambaşına düşən ÜDM-in müvafiq olaraq 15 964 dollar və 15 517 dollar olacağı proqnozlaşdırılan Qazaxıstan və Türkmənistandan geri qalacaq. 

Məşhur nəşr “The Hill” yazır ki, Rusiya iqtisadiyyatı bəzi müşahidəçilərin düşündüyü qədər güclü deyil. Belə ki, 2022-ci ildən bəri Rusiya ən çox, hətta İran, Kuba və Şimali Koreyanı birləşdirdiyindən daha çox sanksiyalara məruz qalan ölkə olub.

Rusiyada 2024-cü ilin ilk iki ayında korporativ iflasların sayı ötən illə müqayisədə 57 faiz artıb. Həmçinin Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, yəni enerji qiymətləri aşağı düşərsə və ya hərbi texnikanın istehsalının artması iqtisadiyyatın digər sahələrində istehsalın azalmasına səbəb olarsa, bu, iqtisadiyyatın kəskin geriləməsinə, çox ciddi problemlərlə üzləşməsinə səbəb olacaq.

Rusiya iqtisadiyyatı üçün təhdid formalaşdıran daha bir amil işçi çatışmazlığıdır. 2024-cü ilin birinci rübündə Rusiyada əvvəlki rüblə müqayisədə bütün müşahidələr tarixində rekord sayda işçi çatışmazlığı qeydə alınıb. Bu barədə məlumatı Rusiya Mərkəzi Bankı açıqlayıb. Bankın hesabatına görə, həm bütövlükdə iqtisadiyyatda, həm də əsas sənaye sahələrində kadrlarla təminat vəziyyəti pisləşib.

Bu ilin birinci rübündə Rusiya şirkətlərinin işçilərlə təminatı 2020-ci ilin birinci rübündən etibarən və 1998-ci ildən bəri davam edən müşahidələrin bütün tarixində minimuma enib (-28,2 bal). Sənəddə bildirilir ki, işçi çatışmazlığı problemi ən çox investisiya və istehlak məqsədləri üçün məhsul istehsal edən istehsal müəssisələri üçün aktualdır. Kadr çatışmazlığı müəssisələri ya istehsal həcminin artımını məhdudlaşdırmağa, ya da işçi heyətini əlavə ödəniş üçün iş vaxtından artıq işləməyə sövq etməyə məcbur edir.

Bundan əvvəl Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirmişdi ki, Rusiya iqtisadiyyatı demək olar ki, bütün əmək resurslarından tam istifadə edib və hazırda kadrlarla bağlı vəziyyət kəskindir.

Rusiya elmi mərkəzlərinin hesablamalarına əsasən yaxın 3 ildə Rusiyada çatışmayan işçi sayı 5 milyon nəfəri ötə bilər. Burada Ukraynadakı müharibənin mühüm rolu olacaq: postsovet məkanından gəlib Rusiyada vətəndaşlıq alaraq işləmək istəyənlərin sayı kəskin azalır - xüsusilə az-çox ixtisası olanlar arasında. Digər tərəfdən, hərbi sifarişləri yerinə yetirən müəssisələrdə müharibədən yayınmaq imkanı və yüksək əmək haqqı işçilərin onlara axınını təmin edir. Digər sektorlar isə yüksək əmək haqqı versələr də, müharibə “bron”u verə bilmirlər. 

“Financial Times” qəzetinin yazdığına görə, hazırda Rusiya iqtisadiyyatını ayaqda saxlayan iqtisadiyyatın hərbiləşməsidir: Ukraynadakı ağır müharibəni davam etdirmək üçün hərbi istehsalın 8 dəfəyə yaxın artırılması lazım gəlib. Qeyd olunur ki, davam edən genişmiqyaslı sanksiyalara və ixrac nəzarətinə baxmayaraq, Rusiya hakimiyyəti 2022-ci ildə dərin tənəzzüldən qaçmağa nail oldu. Ardınca isə artım başladı. Ekspertlərə görə, bu uğur böyük ölçüdə hərbi sənaye kompleksinin genişlənməsinə əsaslanır. Neftin qiymətinə tavan tətbiqinin gec və qeyri-kamil həyata keçirilməsi Rusiyaya büdcə gəlirlərini artırmağa və onlardan daxili iqtisadiyyatı stimullaşdırmaq üçün istifadə etməyə imkan verdi. İxrac nəzarəti Rusiyanın hərbi istehsalına mane olsa və onu bahalaşdırsa da, hələ də tədarük zəncirlərində böyük problemlər və ya fasilələr yaratmayıb.

Büdcə xərcləri müharibə ilə bağlı istehsalın saxlanmasına yönəldilib. Birbaşa hərbi xərclər Ukraynanın işğalından əvvəlki dövrlə müqayisədə üç dəfədən çox artaraq 100 milyard dollardan çox olub (ÜDM-in 6 faizi). Müharibədən əvvəlki dövrdə Rusiya Federasiyasında 2000 hərbi sənaye müəssisəsi var idisə, indi 6000 hərbi sənaye müəssisəsi var. Bu müəssisələrdə 3,5 milyondan çox insan gecə-gündüz işləyir. Bundan əlavə, müharibə başlayandan bəri belə müəssisələrdə maaşlar 20-60 faiz artıb və bir çox şirkətlər də hərbi xidmətdən azad olmağı təklif edirlər.

Hərbi sektorun artan tələbi və müharibənin insan dəyəri ilə birlikdə Rusiyada işsizlik səviyyəsinin tarixi minimuma - 2,8 faizə düşməsinə səbəb olub. Metallurgiya, maşınqayırma və kimya sənayesi kimi sənaye sahələri hesabına sənaye istehsalı da artır: “Məşğulluq, gəlir və vergi yığımında da müharibə bumu bəhrəsini verir. Regional hökumətlər bildirirlər ki, bu artım sənaye parkları, müəssisələrin inkişafı və xeyli sayda yeni iş yerlərinin yaradılması da daxil olmaqla yeni istehsal potensialının yaradılmasına səbəb olur”.

Eyni zamanda müharibə ilə bağlı fəaliyyətə keçid artıq sadəcə olaraq dövri, qısamüddətli siyasi hadisə deyil, struktur xarakter alıb. Dövri düzəlişləri idarə etmək çətin olsa da, Rusiya Bankı faiz dərəcələrini aşağı salmaqla iqtisadiyyatı cilovlamaq üçün müəyyən səylər göstərir. Ancaq müharibə zamanı qoyulmuş struktur sərmayələrini geri qaytarmaq son dərəcə çətin olacaq. Hakimiyyət militarizasiyanı dayandırmağa çalışsa, sərt eniş hakimiyyəti saxlamaq üçün artıq repressiyalara əl atmış hökumətə təzyiqi artıra bilər. Məhdud resurslarla bağlı daxili münaqişələr də arta bilər. Bu çağırışları nəzərə alaraq, hakimiyyət üçün daha praqmatik seçim militarizasiyanı davam etdirmək ola bilər.

Hələlik Qərb Rusiyanın bütün gəlir kanallarını bağlamaq üçün fəaliyyətlərini davam etdirir: bu ilin 3 ayında Rusiyadan qızıl, almaz, uran alışına məhdudiyyətlər tətbiq olunub. İlin ikinci yarısında təbii və maye qaz alışına qarşı da eyni addımın atılmasına hazırlıq gedir. Bundan əlavə, Rusiya hərbi sənayesi üçün zəruri komponentlərin ötürücülərinə qarşı nəzarət sərtləşdirilir. Bu isə hərbi sənayenin tələbatının ödənməsini daha çətin və daha bahalı hala gətirir. Belə şəraitdə neft qiymətlərinin azalması Rusiya üçün çox böyük problemlər yarada bilər. 

Beləliklə, Financial Times-a görə, hərbiləşmənin yeganə dayağa çevrilməsi fonunda Rusiya iqtisadiyyatı çəkindirici rol oynamaq əvəzinə, Ukraynada müharibəni davam etdirmək üçün əlavə stimula çevrilə bilər. Çünki hərbi sifarişlərin dayanması milyonlarla işçinin boş qalması, hərbi relsə keçirilmiş müəssisələrin dayanması, istehsalın kəskin azalması demək olacaq.

Onu da qeyd edək ki, Rusiya kimi böyük iqtisadiyyatda yaranacaq böhran onun çevrəsindəki bütün ölkələrə, o cümlədən Azərbaycana təhdidlər formalaşdırır. Bu təhdidlərdən birincisi, Rusiyada işləyərək güzəranını təmin edən yüz minlərlə azərbaycanlının geri qayıtmasıdır. Bu, ölkənin əmək bazarında böyük xaosa, həmçinin ciddi sosial problemlərə səbəb ola bilər. Digər təhdid Rusiya əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda Azərbaycan kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarından böyük ölçüdə məhrum olmasıdır. Məlumdur ki, Azərbaycanın qeyri-neft ixracında Rusiya ən böyük paya malikdir, bir sıra istehsal sahələri məhz Rusiya bazarına əsaslanmaqla genişləndirilib. Bu bazarda tələbatın kəskin düşməsi həmin istehsal sahələrinin iflasına gətirib çıxara bilər. 

Dünya SAKİT
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR