İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilin sonunadək “sülh qatarı”nın gedəcəyindən təlaşa düşüb

Elxan Şahinoğlu: “Paşinyan sülh müqaviləsini imzalamaqdan buna görə qorxur”

Şimal qonşumuz Azərbaycan və Ermənistan arasında kövrək sülh prosesini pozmaq üçün əlindən gələni edir. Bundan ötrü hətta tərəflərə hədə elementləri olan mesajlar da göndərməyə başlayıb. Belə çıxır ki, iki qonşu ölkə anlaşmaq üçün mütləq Rusiyanın razılığını almalı, daha dəqiqi, yalnız onun tərtib elədiyi “sülh sənədi” ətrafında danışıqlar aparmalıdır, “təxribatçı və bölgəni qarışdırmaq istəyən” Qərbin “yol xəritəsi” əsasında yox.

“Bakı və İrəvanın tezliklə sülhə nail olmaq öhdəliyi ilə bağlı istəkləri o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzular üzrə həll yolları tapmalıyıq”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə deyib.
“Sonda yüksək keyfiyyətli, etibarlı razılaşmalar əldə etmək üçün proses mümkün qədər uzun sürməlidir. Prosesi sürətləndirmək, nəyəsə tez nail olmaq kimin üçünsə faydalı ola bilər, amma məsələ bunun sonradan necə həyata keçiriləcəyidir”, - deyə Zaytsev faktiki rəsmi Moskvanın adından tərəflərə “nəyi necə etməyi” diktə edib - buna səlahiyyəti çatmaya-çatmaya.

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli sazişlərin elementlərindən biridir. “Rusiya tərəfi bütün səviyyələrdə siyasi və diplomatik kanaldan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və İrəvana fəal kömək edir. Hər il üçtərəfli sammitlər keçirilir, xarici işlər nazirləri mütəmadi görüşürlər və bu yaxınlarda belə bir görüş olub”, - XİN rəsmisi fikrini tamamlayıb.

Beləcə, Moskva əslində “rəngləri” məqsədli şəkildə, öz imperiya maraqları naminə tündləşdirməyə davam edir. Guya Qərb platformasında “tələm-tələsik” sülh anlaşması mümkün deyil və hətta təhlükəlidir. Və guya ki, Rusiyanın irəli sürdüyü “həll formulu” (“Qarabağın statusunun gələcəyə saxlanması”) ən məqbul və uzunömürlü variantdır. Halbuki ən təhlükəlisi də elə Kremlin “barıt qoxulu” variantıdır.

Rusiya nədən narahatdır: “sülh qatarı”nın bu ilin axırınadək gedə biləcəyindən və Qarabağdakı İvana “idi domoy!” deyiləcəyindənmi? Moskvanın bu prosesi geri döndərmək üçün real hansı rıçaqları qalıb?

Onlayın diplomatiya nədir? - Elxan Şahinoğlu AÇIQLAYIR

Soyasi şərhçi Elxan Şahinoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Məlum məsələdir ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanılmasını istəmir. Çünki birinci amil odur ki, bu məsələdə Qərb, yəni, Avropa İttifaqı, Amerika xeyli aktivdir. Azərbaycanla Ermənistan arasında 3 danışıqlar formatı mövcuddur. Bu, Rusiya, Avropa İttifaqı və Amerikadir. Azərbaycan və Ermənistan rəhbərliyi, rəsmiləri, diplomatları qeyd olunan hər üç formatda iştirak edirlər. Bu da Rusiyada narazılıq yaradır. Ona görə də Rusiya ehtiyat edir ki, Avropa İttifaqı, Amerika ondan irəli çıxaraq, sülhü təmin edə bilər və guya bu Rusiyanın maraqlarına cavab verməyəcək.

İkinci amil ondan ibarətdir ki, ümumiyyətlə bölgədə sülh olarsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, məsələ həll olunarsa, Rusiyanın bölgədə təsir imkanları azalacaq və Rusiya bundan ehtiyat edir. Məlum olduğu kimi Rusiya uzun illər, Rus imperiyasından tutmuş Sovet ittifaqı və onun dağılmasından sonra da Cənubi Qafqazı “arxa bağçası” kimi görüb. Burada bir həqiqət ondan ibarətdir ki, bəli, Rusiya yalnız münaqişələr zəminində bölgələrdə varlığını qorumağa çalışır. Ona görə də müxtəlif yerlərdə, o cümlədən Qarabağda seperatçılara dəstək verir. O səbəbə ki, sülh olarsa, Rusiyanın təsir imkanları azalacaq, Qarabağdan çıxacaq, Ermənistandakı hərbi bazaları da sual altında qalacaq ki, o halda artıq həmin bazalara ehtiyac olmayacaq. Yəni Ermənistan əgər iki qonşusu - Azərbaycan və Türkiyə ilə sülh əldə edərsə.

O ki qaldı vəziyyətin gələcək inkişafına, əlbəttə ki, bizim qarşımızda dayanan böyük hədəflərdən biri yaxın iki ildə Rusiya hərbi kontingentinin Qarabağdan yola salmaqdır ki, buna da tam hüququmuz çatır. 10 noyabr 2020-ci il bəyanatına görə müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri müddəti uzatmasa Rusiya hərbi kontingenti bölgəni tərk edəcək. Biz də Rusiya hərbi kontingentinin bölgədə qalmasını istəmirik və artıq rəsmi səviyyədə də belə bir cümlə işlədilir: bölgədə müvəqqəti yerləşdirilmiş hərbi kontingent. Yəni iki ildən sonra müddətin uzadılmasının tərəfdarı deyilik. Amma kontingent Qarabağdan çıxacaqmı? Bu məsələ rahat həll olunacaqmı? Bütün bunlar sual olaraq qalır. Amma bütün hallarda bunu etməliyik ki, erməni separatçılarını tərk-silah edə bilək".

“İlin sonuna yaxın Qərbin dəstəyi ilə sülh müqaviləsi baş tutarsa, Rusiya hərbi münaqişəyə əl ata, bölgəni qarışdıra bilərmi” sualımızı ekspert bu cür cavablandırdı: “Mən o qədər optimist deyiləm ki, ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Bəli, Qərb vasitəçiliyində fəaldır, amma məsələ burasındadır ki, Ermənistan hakimiyyəti sülh sazişini imzalamağa qorxur. Paşinyan bir tərəfdən deyir ki, Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır, amma bunu sənəddə əks etdirməkdən qaçır. Separatçılardan, radikallardan, erməni lobbisindən qorxur. Bu baxımdan nikbin deyiləm ki, ilin sonuna qədər məsələ həll oluna bilər. Hətta görürük ki, aradakı gərginlik bir qədər artır, toqquşma ehtimalı da var.

Rusiyaya gəldikdə, əgər sülh sazişi bağlanmasa, zatən bu məsələni əngəlləməyə ehtiyac qalmayacaq. Rusiyanın təxribatları mümkün ola bilər, məlum olduğu kimi onun Ermənistanda tərəfdar qrupları var. Həmin qruplar orduda, siyasi qüvvələr arasında da var. Onların vasitəsi ilə Rusiya Ermənistanda xaos yarada bilər. Radikalları fəallaşdıra, Paşinyana qarşı hərbi çevriliş həyata keçirə bilər. Rusiya Paşinyanı seçki yolu ilə devirə bilmədi, müharibədən sonra da cəmiyyət ona səs verdi. Həmçinin mitinqlər yolu ilə də devirməyə gücü çatmadı, çünki radikallar mitinqə çox adam çıxara bilmədilər. Yerdə qalır Paşinyanın həyatına hansısa sui-qəsd həyata keçirmək, bunu erməni terrorçuları yaxşı bacarırlar, hansı ki, yüz illər boyu sübut ediblər. Ya da hərbi çevriliş yolu ilə, yəni hansısa generalı “öyrədib”, aranı qarışdıra bilərlər. Paşinyan devrilsə, yerinə Rusiyanın istədiyi adam gəlsə, bölgədə yenidən münaqişə ehtimalı artacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR