İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ilə bağlı tədbir qadağası ilin sonuna kimi qüvvədə qalacaq

Xəbər verdiyimiz kimi, Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən təzyiqlər və qanlı əməliyyatlardan sonra Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir.

Mash Telegram kanalının məlumatına görə, bu qərar ilin sonuna kimi qüvvədə qalacaq.

Ləğv edilən tədbirlərə müğənnilər — Basta, Leonid Aqutin və Anjelika Varumun konsertləri, "Şelkunçik”, “Romeo və Cülyetta” və “Xuliqanın etirafları” tamaşaları, Yevgeni Sinyakovun stand-up çıxışı, "Yumor Fest” adlı şou proqram daxildir.

Qeyd edək ki, Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.

Bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.

Azərbaycanın Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.

Əlavə edək ki, məhkəmənin qərarı ilə saxlanılan azərbaycanlılar Akif, Ayaz və Məzahir Səfərovlar barəsində 22 sutka, Bəkir Səfərov, Əhliman Gənciyev və Şahin Lalayev barəsində isə 3 sutka həbs qgətimkan tədbiri seçilib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR