İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya həmsədrliyə qayıdacaq? - XİN sözçüsünə inanaq, yoxsa Tarasova...

Partiya sədri: “Amerika ilə Rusiyanın bundan sonra mismarı bir yerə vurması mümkünsüzdür...”

Rusiyalı politoloq, özünü “Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert” sayan, Kremlin ruporu Marqarita Simonyanın komanda üzvü Stanislav Tarasov yenə Azərbaycanın “bostanı”na daş atıb. “Yeni Müsavat” bildirir ki, Tarasov 44 günlük müharibədən iki ildən çox keçsə də, öz ampluasındadır. Daha doğrusu, qartımış Rusiya imperiyasının Qafqaz maraqlarının keşiyində. Keçək mətləbə.

Tarasov erməni mediasına müsahibəsində iddia edib ki, guya Azərbaycan özünü əsəbi aparmağa başlayıb, “çünki böyük diplomatiyanı uduzur”. Ardınca deyib: “ATƏT-in Minsk Qrupu məsələsində Moskva qurumun işləmədiyini bildirsə də, ondan çıxdığını da açıqlamayıb. Bakı bildirir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərmir, lakin Minsk Qrupunun mandatı ləğv edilməyib. Minsk Qrupunun gündəliyində isə Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsi var”, - deyə köhnə əyyamı xatırladan Tarasov qeyd edib.

Onun sözlərinə görə, Moskva ATƏT-in Minsk Qrupuna qayıdarsa, o halda “Qarabağın statusu” artıq başqa səviyyədə müzakirə olunacaq: “Bu halda Azərbaycanın bütün bəyanatları iflasa uğrayacaq, çünki Qarabağın statusunu müzakirə edən beynəlxalq mandat qorunub saxlanacaq. Bu, bizə imkan verəcək ki, təkcə Qarabağdakı erməni anklavının maraqlarını deyil, həm də Qarabağın statusunun müəyyənləşdirilməsi ilə məşğul olmaq üçün daha geniş kontekstdə çıxış edək”.

Kremlin danışmanlarından sayılan S.Tarasov bununla görən nə demək istəyir, erməniyə növbəti dəfə “kökə” təklif eləməklə nəyə işarə vurur?

Dəqiq olan odur ki, status Ermənistandan çox Rusiyanın özünə lazımdır. Bu barədə dəfələrlə yazmışıq. Ancaq Minsk Qrupunun təzədən dirilməsi? Mümkündürmü, əgər Azərbaycan - iki tərəfdən biri artıq onun “xidməti”dən həmişəlik imtina edibsə? Digər yandan, MQ-nin mandatın hələ də rəsmən ləğv olunmaması nəyi dəyişir ki?

Tarasovlar fəsiləsindən olan şarlatanların nəzərinə: Azərbaycan Prezidentinin dəfələrlə söylədiyi kimi, Dağlıq Qarabağ konflikti də, Minsk Qrupu da artıq tarixdir! İndi Dağlıq Qarabağ yox, Qarabağ iqtisadi zonası var. Məsləhətdir ki, təzə toponimlərə də sürətlə alışasınız...

Yeri gəlmişkən, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova srağagün deyib ki, Fransa və ABŞ artıq Minsk Qrupunu dəfn edib. İstənilən halda, Rusiya gerçəkdənmi əlində Azərbaycana qarşı hələ də MQ rıçaqını saxlayır? Moskvanın nə vaxtsa ABŞ və Fransa ilə barışıb ölkəmiz əleyhinə bu “kartı”ndan ortaq təzyiq aləti kimi istifadə eləməsi nə dərəcədə realdır?

“İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Putinin də xüsusi qeyd etdiyi kimi, Qarabağın müstəqilliyini tanımaqdan imtina edib. Və əgər Ermənistan Qarabağı öz ərazisi kimi tanısaydı, vəziyyət başqa cür olardı və bəlkə də müharibənin nəticəsi, Rusiyanın davranışı da fərqli olardı”. Bu təxribatçı sitatın müəllifi də S.Tarasovdur.

Doğrudanmı o halda müharibənin nəticəsi ayrı cür ola bilərdi? Rusiya Ermənistan tərəfdə müharibəyə qoşulacaqdı, ya nə?

Fuad Əliyev Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubuna  münasibət bildirib

 Fuad Əliyev

ALDP sədri Fuad Əliyevin qəzetimizə dediyinə görə, Minsk Qrupu gorbagor olub, bunu Lavrov da son açıqlamalarında bir daha təsdiqlədi və Ukrayna müharibəsindən sonra da həmsədrlik institutu bərpa olmayacaq. Partiya sədrinin fikrincə, ABŞ və Rusiya münasibətləri kəskinləşib, tərəflərin Qarabağ mövzusunda bir araya gəlmək həvəsi belə yoxdur: “Onlar qlobal prosesləri müzakirə edə bilərlər. Rusiya da Minsk Qrupunun reabilitasiyasını istəmir, çünki şərikləri ilə danışmalı olacaq. Rusiya Azərbaycan-Ermənistan məsələlərini öz vasitəçiliyi ilə həll etməyə çalışır. Ona görə Zaxarova açıqladı ki, Brüssel Moskvanı regiondan sıxışdırmaq məqsədi güdür. Bu mənada Minsk Qrupu çətin ki, qayıtsın, çoxdan arxivə göndərilib. Üstəlik, onların bir araya gəlməsinə səbəb yoxdur. Azərbaycan özü razı olmayacaq”.

Partiya sədrinin sözlərinə görə, Rusiyada olan siyasətçilər, ekspertlər fərqli mövqedən çıxış edə bilərlər: “Rusiyanın rəsmi siyasətini onlar ifadə etmirlər. Amerika ilə Rusiyanın bundan sonra mismarı bir yerə vurması mümkün deyil”.

Emil SALAMOĞLU,

“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR