Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili Rusiyada qiyabi olaraq həbs edilib və beynəlxalq axtarışa verilib. Moskvanın Lefortovo Məhkəməsi onu xüsusilə böyük məbləğdə dələduzluqda ittiham edərək, qiyabi həbs qərarı çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Onun nümayəndələri həbs qərarına etiraz etməyib, nəticədə qərar qüvvəyə minib.
Qeyd edək ki, Kezeraşvili ölkəsində də qiyabi olaraq məhkum edilib. O, Gürcüstan Müdafiə Nazirliyinin 5 milyon avro vəsaitini mənimsəməkdə ittiham olunur. Məlumatda bildirilir ki, keçmiş nazir təkcə müxalifəti maliyyələşdirmir, həm də Avropa İttifaqı ölkələrinin pensiyaçılarının pullarını zəng mərkəzləri vasitəsilə mənimsəyən dələduzluq sxeminin arxasında dayanır.
Xatırladaq ki, 46 yaşlı David Kezeraşvili 2006–2008-ci illərdə prezident Mixeil Saakaşvilinin dövründə Gürcüstanın müdafiə naziri vəzifəsində çalışıb. 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra ona qarşı bir neçə cinayət işi açılıb və o, ölkəni tərk edib. 2021-ci ildə Gürcüstanda dövlət vəsaitlərinin mənimsənilməsi işi üzrə qiyabi olaraq beş il həbs cəzasına məhkum edilib.
Musavat.com
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ